“Bakı”nın legionerləri azarkeşlərə söz verdi
02 avqust 2011 10:45 (UTC +04:00)

“Bakı”nın legionerləri azarkeşlərə söz verdi

0
“Bakı”nın aparıcı futbolçuları Aleksandar Soliç və İbrahim Karqbo komandanın yeni mövsümə hazırlıqlarını dəyərləndirib. Lent.az-ın məlumatına görə, xorvatiyalı və sierra-leoneli legionerlər klubun rəsmi saytına açıqlamalarında 2011-2012-ci il mövsümü öncəsi Sloveniyadakı təlim-məşq toplantılarının yüksək səviyyədə keçdiyini bildiriblər.


Şoliç deyib: “Yeni mövsümə hazırlıq yaxşı keçdi. Bunun üçün hər bir şərait yaradılmışdı. Gözəl meydançalar, yüksək səviyyəli otel və ideal hava şəraitində çalışdıq. Mövsümə ciddi hazırlaşmışıq. Bundan sonra çempionatı gözləmək qalır. İlk turdan meydandan qələbə ilə ayrılıb, məqsədə doğru irəliləməliyik. Yoldaşlıq görüşlərində qələbə qazana bilməməyimiz önəmli deyil. Yeni komanda qurulub və bir qədər vaxt lazımdır ki, hər şey qaydasına düşsün”.


28 yaşlı yarımmüdafiəçi ilk turda səfərdə qarşılaşacaqları “Qəbələ”ni yaxşı klub adlandırıb. Lakin o, “Bakı”nın bu oyuna qələbə üçün çıxacağını söyləyib: “Hər oyun olduğu kimi, bu oyuna da yalnız qələbə qazanmaq məqsədi ilə çıxacağıq. Çalışmalıyıq ki, bu oyunda qələbə qazanıb çempionata uğurlu start verək”.


Təcrübəli futbolçu yaxşı oynayacağına dair “Bakı” azarkeşlərinə söz verib: “Bilirəm ki, tərəfdarlarımız məndən yalnız yaxşı oyun gözləyirlər. Buna söz verirəm, ancaq ən əsası komandanın inamlı oyunudur. Biz kollektiv olaraq qələbələr qazanmalıyıq. Futbolçu isə bir oyunla həm sevilə, həm də gözdən düşə bilər. Çalışacağam ki, hər oyun meydanda var gücümü qoyum, qollarımla azarkeşlərimizi sevindirim. Tərəfdarlarımıza stadionlara gəlib, bizə dəstək vermələrini xahiş edirəm. “Bakı” azarkeşləri çox etibarlıdır, onlar uğursuz anları komandanı tərk buraxmayıblar. Çətin durumlardan birgə çıxmağı bacarmaq lazımdır. İnanıram ki, bu il komandamız layiqli mövqelərdə qərarlaşacaq”.


Karqbo isə yeni mövsümə ciddi hazırlaşdıqlarını vurğulayıb. Onun sözlərinə görə, “Bakı” Sloveniyada keçirdiyi yoldaşlıq görüşlərində qələbə qazana bilməsə də, bu, önəmli deyil. Əsas məqsəd fiziki və taktiki hazırlıq səviyyəsinin yüksəlməsidir: “Hər bir oyuna qələbə üçün çıxmaq lazımdır. Bununla belə, yoldaşlıq görüşləri komandanın zəif cəhətlərini təyin etmək baxımından önəmlidir. Xatırlayırsınızsa, keçən il təlim-məşq toplanışı zamanı keçirdiyimiz yoldaşlıq görüşlərində qələbələr qazanmağımıza baxmayaraq, bütövlükdə uğursuz bir mövsüm keçirdik. İnanıram ki, bu il tam tərsi olacaq və yoldaşlıq görüşlərində məğlub olsaq da, çempionatda uğurlu çıxış edəcəyik. Bu mövsüm komandamızın və şəxsən mənim əsas məqsədim birinci olmaqdır”.


Karqbo avqustun 7-də səfərdə qarşılaşacaqları “Qəbələ” ilə oyunun necə keçəcəyini deməkdə çətinlik çəkib: “Bir neçə gündən sonra çempionatın startı verilir. İlk turda qarşılaşacağımız “Qəbələ” yaxşı komandadır. Hər iki komanda yeni qurulub, rəqibin oyunu görməmişəm. Bu səbəbdən oyunun necə keçəcəyini deməkdə çətinlik çəkirəm. “Qəbələ”nin Toni Adams kimi baş məşqçisi var. Bu il onlar da uğurlara imza atmaq istəyirlər”.


Sonda üzünü azarkeşlərə tutan 29 yaşlı yarımmüdafiəçi onlara uğursuzluqları unudub, irəli baxmağı tövsiyə edib: “Tərəfdarlarımız hər oyun komanda ilə birlikdə olub, qələbələrimizə şahid olsunlar. Mən inanıram ki, onları sevindirməyi bacaracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar