Avropa Liqası: Tamam, yoxsa davam
04 avqust 2011 18:30 (UTC +04:00)

Avropa Liqası: Tamam, yoxsa davam

0
Lent.az-ın məlumatına görə, Azərbaycanın qitəmiqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın “Brügge” klubunu qəbul edəcək.


Saat 21:00-da başlanacaq qarşılaşmanı isveçrəli FİFA referisi Saşa Kever idarə edəcək. Oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bir həftə öncə Brüsseldə keçirilmiş ilk qarşılaşma “Brügge”nin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:1. “Qarabağ” növbəti mərhələyə yüksəlmək üçün ən azı rəqibinin qapısından 3 cavabsız top keçirməlidir. Bu isə o qədər də real görünmür. “Qarabağ” son iki mövsümdəki kimi “pley-off”a yüksəlməyi bacarmasa, klublarımız üçün Avropa macərası daha erkən yekunlaşacaq.


Lakin cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov sonadək mübarizə aparacaqlarını bildirib: “İlk oyunda gözlənilməz hesab qeydə alındı. İstəməzdik ki, belə olsun. Lakin futbolçularım qorxmamalı və sabahkı oyunda sonadək oynamalıdırlar. İlk oyunda böyük hesablı məğlubiyyətə baxmayaraq, cütün taleyi hələ həll olunmayıb. Real baxdıqda çox çətin görünsə də, biz meydançaya yalnız yaxşı nəticə üçün çıxacağıq”.


İlk görüşdə kapitan Rəşad Sadiqov qardaşı Səbuhinin vaxtsız vəfatı üzündən iştirak etməyib. O, təkrar qarşılaşmada komandasına kömək edə biləcək. Brüsseldəki matçın əvvəllərində zədələnərək 1,5 ayadək sıradan çıxan hücumçu Vüqar Nadirovun mövqeyində isə Georgi Adamiya oynayacaq.


Oyuna çox ciddi hazırlaşdıqlarını deyən Qurbanov aut və standart vəziyyətlər üzərində daha çox işlədiklərini bildirib. Baş məşqçi ilk qolu “Qarabağ”ın vurması üçün çalışacaqlarını əlavə edib. O, azarkeşlərə müraciət etməyi də unutmayıb: “Tərəfdarlarımızı başa düşürəm. Əgər oyunumuz alınsa, onlar daha maraqlı görüşün şahidi olacaqlar. Azarkeşlər gəlməsələr, bu, futbolçularda psixoloji gərginlik yaranacaq. Ona görə də bir olmalıyıq. Çünki hələ təslim olmamışıq”.


“Brügge”nin baş məşqçisi Adri Koster isə Brüsseldə əldə etdikləri üstünlüyü qorumağa çalışacaqlarını açıqlayıb: “Sabahkı oyunla bağlı təəssüratlarım əladır. Ancaq hava şəraiti heç də əlverişli deyil. Sabah bizim üçün çətin olsa da, hesabı qorumağa çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Bakıdakı oyun tam fərqli olacaq. Çünki rəqib azarkeşlər önündə oynamaq elə də asan deyil. Bununla belə, biz müdafiədə oturmayacaq, anti-futbol göstərməyəcəyik. Əks təqdirdə, bizim üçün çətin olar”.

Koster qol vurmağa çalışacaqlarını desə də, mərhələ adlamağı komandası üçün daha vacib sayıb: “Nəticə o qədər də vacib deyil. Əsas odur ki, komandam yaxşı oynasın və “pley-off”a vəsiqə qazansın”.


Qeyd edək ki, görüşü izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da olacaq. Foqts köməkçiləri ilə birgə tribunada yer alacaq.
Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 678

Oxşar yazılar