Azərbaycan yığması dünya çempionatına bürünclə başladı
23 avqust 2011 23:03 (UTC +04:00)

Azərbaycan yığması dünya çempionatına bürünclə başladı

0
Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığması 1 bürünc medal qazanıb.

Həmin medala İlqar Müşkiyev nail olub. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz ardıcıl olaraq Yanislav Gerçev (Bolqarıstan), Yeron Moren (Hollandiya) və Sofian Milu (Fransa) üzərində qələbə qazandıqdan sonra ¼ finala çıxıb. Lakin yarımfinala gedən yolda cüdoçumuzun qarşısını gələcək dünya çempionu Rişod Sabirov ipponla kəsib. Bu səbəbdən, Müşkiyev ümidini bürünc medal uğrunda təsəlliverici qarşılaşmalara bağlayıb. O, Rusiyanı təmsil edən erməni cüdoçu Arsen Qalstyanı 2 dəqiqə 35 saniyəyə ippona salıb. Daha sonra Qvanq-Hyon Çoyu üstələyən Müşkiyev bürünc medala yiyələnib.

Bu çəkidəki digər cüdoçumuz Nicat Şıxəlizadə elə ilk görüşündəcə Lüdviq Peyşerə (Avstriya) uduzaraq mübarizəni dayandırıb.

İlk yarış günündə mübarizə aparmış Tərlan Kərimov isə 7-ci yeri tutub. O, növbə ilə Laslo Soke (Rumıniya), Denis Kozlov (Latviya) və Mikloş Unqvarini (Macarıstan) yensə də, ¼ finalda Musa Moquşkova (Rusiya) uduzub. Təsəlliverici qarşılaşmada isə Kərimovun qarşısını Yun-Ho Ço (Cənubi Koreya) kəsib.

Dünya çempionatına avqustun 28-də yekun vurulacaq. Qarşıdakı günlərdə kişilərdən Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), qadınlardan isə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) tatami üzərinə çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar