“Alt paltarı satanları federasiya üzvü seçiblər” – MÜSAHİBƏ
24 sentyabr 2011 14:12 (UTC +04:00)

“Alt paltarı satanları federasiya üzvü seçiblər” – MÜSAHİBƏ

0
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vahid Nəzərov növbəti ittihamlarla çıxış edib. Bu məqsədlə Lent.az-a müraciət edən Nəzərov son zamanlar Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF), yığma komandamızda və ümumiyyətlə, bu idman növündə yaranan vəziyyətlə bağlı geniş və şok açıqlamalar verib:

- Hazırda AAAF daxilində çox pis vəziyyət yaranıb, bu isə məni narahat edir. Çünki rəhbər vəzifələrdə qeyri-mütəxəssislər oturublar və işi aparma qaydasını bilmirlər. Buna sübut odur ki, 2011-ci ildə yeniyetmələr, gənclər və böyüklər arasında ölkədaxili yarışlar keçirilməyib. Bununla belə, təlim-məşq toplantıları təşkil olunur. Güclü idmançıları hansı meyarlarla axtarıb tapdıqlarını başa düşə bilmirəm. Gənclər və İdman Nazirliyi ilə federasiya tərəfindən təqvim planı təsdiqlənib. Güclü idmançılar qalır, zəiflər isə yarışlara gedirlər. Digər tərəfdən, 2010-cu il Avropa çempionatında iki güclü ağırlıqqaldıranımız – Rövşən Fətullayev və Zülfüqar Süleymanov dopinq-testdən keçə bilmədilər. Nəticədə onlar 4 il müddətinə bütün yarışlardan diskvalifikasiya edildilər. Amma həmin idmançılara istifadəsi qadağan olunmuş dərman preparatlarını kimin verdiyi araşdırılmadı. Milli Məclisin “Bədən Tərbiyəsi və İdman haqqında” Qanununda da yazılıb ki, qadağan olunmuş preparatları respublikaya gətirən və təbliğ edənlər, idmançılara verənlər cəzalanmalıdırlar. İdmançılar 4 illik cəzalandı, lakin dərmanları onlara verən kimdirsə, cəzasız qaldı. Bu il Rusiyanın Kazan şəhərində təşkil olunmuş Avropa çempionatında ölkəmiz geniş heyətlə getməli idi. Bu məqsədlə 4-5 təlim-məşq toplantısı keçirilmişdi. Lakin sonda yarışa bolqarıstanlı ağırlıqqaldıran Valentin Xristovu göndərdilər. Baxmayaraq ki, mən federasiyada və nazirlikdə demişdim ki, o idmançı yarışlara buraxılmayacaq. Çünki Xristov bizim idmançı deyil, yığmamızın üzvü deyil. Amma apardılar. Üstəlik, 1 idmançını 6-7 nəfər də müşayiət etdi. Bunların hamısı vəsaitdir. Avropa çempionatında mən hakim idim. Belə neqativ hallar Azərbaycanın ağırlıqqaldırma idman növünün beynəlxalq imicinə ziyan gətirir.

- Buna Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) necə yanaşdı?

- IWF rəsmiləri elə bilirlər ki, AAAF-da qeyri-peşəkarlar, loru dildə desəm, idmandan başları çıxmayanlar işləyir. Azərbaycan beynəlxalq aləmdə biabır olur. Xristovun məsələsini Avropa Ağırlıqqaldırma Federasiyasının Konqresində qaldıraraq, çempionatdan xaric etdilər. Axı, bu, kimə lazımdır? Milli komandanın üzvü olmaq üçün idmançı qarşısında bəzi tələblər qoyulur. Başqa dövlətin idmançısını Azərbaycana gətirirsənsə və millinin tərkibinə salırsansa, müəyyən prosedurlara əməl etməlisən. Bunun üçün idmançının əvvəllər çıxış etdiyi ölkənin Milli Olimpiya Komitəsinin, Ağırlıqqaldırma Federasiyasının icazəsi olmalıdır. Bunlar olmaya-olmaya onu yarışa göndərirlər. Əvvəllər də belə neqativ hallar baş vermişdi. Fikir verin: Avropa çempionatından gəldilər, nə bir iclas keçirildi, nə bir araşdırma aparıldı ki, bu, nəyə görə belə olub? İndiyədək AAAF-ın iclasları keçirilmir. Mütəxəssislər çağırılmır, suallar verilmir ki, nəyə görə vəziyyət bu cürdür?

- Federasiyada qeyri-mütəxəssislərin çalışdığını dediniz. Konkret, kimləri nəzərdə tutursunuz?

- Sağ olsun AAAF prezidenti Cahangir Əsgərov. Yaxşı maliyyə dəstəyi verir, köməklik göstərir. Lakin onu aldadırlar. Bu maliyyə düzgün yola sərf olunmur. Bu yaxınlarda Rumıniyada keçirilmiş Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresində Azərbaycanı AAAF-ın baş katibi, yüngül atlet Yavər Hacıyev, icraçı direktor, həndbolçu İsgəndər Əsgərov təmsil etdilər. Halbuki belə tədbirdə mütəxəssislər iştirak etməlidirlər. Heç kimin xəbəri olmadan Əsgərov özünün və Hacıyevin adını EWF-nin Konqresinə nümayəndə kimi yazır. AAAF-ın nizamnaməsində göstərilib ki, baş katib heç yerdə işləməməlidir. Hacıyev isə “Spartak” cəmiyyətinin sədridir. Mən beynəlxalq dərəcəli hakiməm. Dünya və Avropa çempionatları, Yay Olimpiya Oyunlarının hakimi olmuşam. Hakimlər Kollegiyasının iclası olmaya-olmaya kimlərsə hansısa respublika dərəcəsi olmayan hakimə beynəlxalq dərəcəli hakim adını verdirmək üçün IWF-ə sifariş göndərir. Beynəlxalq dərəcəli hakim adını almaq üçün heç olmasa, təcrübə lazımdır.

- Konkret, Sizə qarşı hansı haqsızlıq edilib?

- Hazırda 53 yaşım var. Ömrümün yarıdan çoxunu ağır atletikaya sərf etmişəm. Bununla əlaqədar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev işimə qiymət verib. Mən əməkdar idman xadimi adını almışam. İdmanda olan bütün adlar məndə var. Bunları zəhmətimə, göstərdiyim nəticələrə görə almışam. Yeganə hakiməm ki, 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında münsiflər heyətinin üzvü idim. Bu, elə-belə baş verməyib. Demək, təcrübə var ki, məni ora dəvət edirlər. Nəyə görə ürəyim yanır? Məni 5 – 13 noyabrda Fransanın paytaxtı Parisdə təşkil olunacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hakim kimi dəvət ediblər. Rəsmi dəvət AAAF-a da, Gənclər və İdman Nazirliyinə də ünvanlanıb. İcraçı direktor İsgəndər Əsgərova zəng vurub deyirəm ki, Azərbaycanı İWF-nin Konqresində təmsil etmək üçün Parisdə olmalıyam. Əsgərov isə 15 il AAAF-ın vitse-prezidenti vəzifəsində çalışmış şəxsə “Orada iştirak edə bilməzsən. Sən federasiyamızın üzvü deyilsən” deyir. Görün, bu həndbolçu ömrünün yarısından çoxunu ağır atletikaya sərf edən insana nə deyir? Özləri əvvəllər iştirak etdikləri konqresdən qayıtdıqdan sonra mətbuata və mütəxəssislərə heç bir məlumat verə bilmirlər. Çünki ağırlıqqaldırmanın təməlini, işi bilmirlər, qeyri-mütəxəssislərdir. Amma mənim xərclərimi IWF-nin özü ödəyəcək. Azərbaycanı təmsil etdiyim halda, AAAF mənə cibxərci belə vermir. Halbuki ezamiyyət haqqı verilməlidir. Özləri bir günlük konqresə gedəndə isə səhərisi gün Bakıya qayıtmalı olduqları halda on gün orada qalırlar. Niyə? O maliyyə hara xərclənir?

- Yığmamızdakı vəziyyəti necə dəyərləndirirsiniz?

- Milli komandamızın vəziyyəti çox pis haldadır. Əcnəbiləri yığmaya qeyri-qanuni, sənədləşdirilməmiş qaydada yığıblar, hətta cəzalı idmançıları da cəlb ediblər, onlara yüksək məbləğdə əmək haqqı verirlər. İndiyədək federasiya rəhbərliyi, nazirlik bir dəfə maraqlanmayıb ki, Vahid Nəzərov niyə kənarda qalıb? 2009-cu ildə Azərbaycan tarixində ilk dəfə Avropa çempionatından ölkəmizə 7 medal gətirdim, ölkəmizi 45 dövlət içərisində 3-cü yerə çıxardım. Bir aydan sonra isə məni baş məşqçi vəzifəsindən çıxardılar. Bu, necə olur? Prezident İlham Əliyev mənim işimə qiymət qoydu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bütün nümayəndə heyətimizin qarşısında “Vahid Nəzərovun Azərbaycanda ağırlıqqaldırma növünün inkişafında böyük rolu var” dedi. Onun bu sözlərindən sonra məni gözümçıxdıya saldılar. Halbuki ağırlıqqaldırmada inkişaf gedirdi, ölkəmizə medallar gəlirdi. İnkişaf göz önündə idi. Mən kənarda qala bilmərəm. Ona görə də ürəyim yanır. Dərdimi jurnalistlərə demək istəyirəm.

- Bu yaxınlarda Yanko Rusev millimizin baş məşqçi postundan kənarlaşdırdılar. Onun iki ilə yaxın müddətdə gördüyü işi necə dəyərləndirirsiniz?

- Rusevi yığmamıza baş məşqçi gətirərkən, məndən onun haqqında soruşdular. Dedim ki, yaxşı idmançı olub, amma mütəxəssis deyil, heç vaxt məşqçi işləməyib. Bizim pillə-pillə hazırladığımız yığmanın ən güclü idmançılarını cəzalandırdılar. Hazırda millimizdə 3-4 ağırlıqqaldıran qalıb, qalanlarını yeniyetmə və gənclərdən düzüb-qoşublar. Bakı şəhərində yalnız “Təhsil” İdman Mərkəzində ağırlıqqaldırma zalı qalıb. Qalan idman cəmiyyətlərində ağırlıqqaldırma bölmələri bağlanıb. “Neftçi” İdman Sağlamlıq Mərkəzindəki ağırlıqqaldırma bölməsi yalnız paralimpiyaçılara xidmət edir. İWF tərəfindən Azərbaycana təmənnasız ağır atletika ləvazimatları verilir. O ləvazimatlar bölgələrə paylanmır. Halbuki ölkəmizdə bu idman növünün inkişafı məqsədilə verilib. Heç bir rayonda, kənddə zallar tikilmir, bölmələr açılmır. Hamısı bundan irəli gəlir. 3-4 idmançı ilə Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək olmaz. Yeniyetmə və gənclərdə inkişaf olmalıdır. Bu yaxınlarda yeniyetmə ağırlıqqaldıranlarımız Avropa birinciliyindən qayıtdılar. Onların hamısı “Təhsil”in yetirmələridirlər. Lənkəranda “Təhsil”in filialı var. Qitə birinciliyində medal qazanan idmançılarımızın hamısı Lənkərandandırlar. O bölgədə irəliləyiş var. Amma başqa regionlarımızda inkişaf getmir. Bolqarıstanda təlim-məşq toplantıları təşkil olundu, amma hazırlıq prosesində iştirak edənlər heç bir yarışda iştirak etmədilər. Malayziyada keçirilmiş gənclər arasında dünya birinciliyində 1 nəfər – Nailxan Nəbiyev çıxış etdi. O da “sıfır” nəticə göstərdi. Heç kim maraqlanmadı ki, gənclərdən, böyüklərdən ibarət komandalarımız toplanışa qatıldıqları halda nəyə görə Avropa, dünya çempionatlarına qatılmadılar?

- Nəyə görə?

- Ona görə ki, Yanko Rusev və onun kimilər – hansılar ki, AAAF-ın guya rəhbər işçiləridirlər, səbatsızlıqlarından Rusevin iştirakı ilə idmançılara qadağan olunmuş dərmanlar veriblər. Nəticədə hamısı anonim aparılan daxili dopinq-testdən keçə bilməyiblər. Ona görə də yığmamız qorxusundan xaricdə keçirilən nüfuzlu yarışlara qatılmadı. Qanuni səviyyədə yoxlanılsaydılar, hamısı cəzalanacaqdı. Toplanışların hamısı xaricdə keçirilmişdi. Bu isə böyük vəsait deməkdir. Vəsaitlərin hamısı xərclənir, amma yarışlara gedən olmur. Mənim 30 illik karyeram ərzində belə hal olmayıb. Bu boyda məsələ araşdırılmadı. İclas da keçirilmir ki, fikrini deyəsən.

- Siz də millidə 2 dəfə baş məşqçi kimi çalışmısınız...

- Nizami Paşayevi baş məşqçi olduğum vaxt Azərbaycana mən gətirmişəm. Onu hazırladıq, dünya və Avropa çempionu oldu. Lakin 2001-ci ildə yerimə Əfsət Əfsətovu gətirdilər. O da gəlib yığmamızın anasını ağlatdı, 2005-ci ildə Paşayevi dopinq-testdən keçə bilməyən idmançılar arasına soxdu və çıxıb getdi. 2006-cı ilin ortalarında yığmanı yenidən qəbul etdim. Həmin vaxt komanda demək olar ki, yox idi. Digər məşqçilərimizin də səyləri ilə həqiqətən güclü komanda formalaşdırdıq. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına 5 lisenziya qazandıq. Özü də hamısı əcnəbilər yox, Azərbaycan ağırlıqqaldırma məktəbinin yetirmələri idi. Pekin olimpiadasında 2 idmançımız 5-ci, 1-i 7-ci, 1-i isə 9-cu oldu. Bu, böyük nəticə idi. Amma dedilər ki, sən çempion verməli idin. Olimpiadadan sonra da nəticələr verməyə başladıq. Lakin yenə bolqarıstanlı Yanko Rusevi baş məşqçi təyin etdilər. O isə bolqarıstanlı legionerləri gətirdi, azərbaycanlıları isə kənarlaşdırdı.


- Yayda AAAF rəhbərliyi millimizin məzuniyyətə buraxıldığını açıqlamışdı...

- Yalan söhbətdir. Hansı məzuniyyətdən söhbət gedə bilər ki, onlar Bolqarıstanda təlim-məşq toplantısında idilər. İdmançılar dopinq-testdən keçə bilməmişdi. Qorxularından dedilər ki, məzuniyyətə buraxılıblar. Ümumdünya Antidopinq Agentliyini (WADA) aldatmaq istəyirdilər ki, təlim-məşq toplantısı zamanı idmançılarımızı gəlib yoxlamasınlar. Amma elə deyil axı... WADA-nın da öz qayda-qanunları var. Onlar istənilən yerdə idmançını yoxlamaq hüququna malikdirlər.

- Noyabrın 5-də dünya çempionatı start götürəcək. Sizcə, hələ də yığmamıza baş məşqçi təyin olunmaması nə ilə bağlıdır?

- Valentin Xristovun şəxsi məşqçisini baş məşqçi təyin etmək istəyirlər. 2012-ci ilin iyulunadək diskvalifikasiya edilmiş bolqarıstanlı idmançıları burada qeyri-qanuni saxlayıblar. Heç bir yarışda iştirak etmədikləri halda onlara ayda filan qədər maaş verirlər. Əgər elədirsə, 2010-cu ildə 4 il müddətinə cəzalandırılmış Rövşən Fətullayevlə Zülfüqar Süleymanova niyə maaş vermirsiniz? Onlara da verin də... Fətullayev mənim baş məşqçiliyim dövründə tələbələr arasında dünya çempionatında gümüş medal qazanıb. Süleymanov iki dəfə Avropa çempionatının mükafatçısıdır. Azərbaycan yığmasını zəiflətmək üçün bu iki idmançını aradan götürdülər. Nədir ki, bolqarıstanlıları yarışlara aparsınlar. Bu isə onlarda alınmadı. Çünki Olimpiya Xartiyasını, IWF-in Əsasnaməsini dərindən bilmirlər. Həmin sənədlərdə göstərilib ki, digər ölkənin yığmasında çıxış edərkən, həmin dövlətin ən azı 3 il vətəndaşı olmalısan. Bunları danışmaq, qarışmaq istəmirdim. Amma görürəm ki, problemlər daha da dərinləşir, ağırlıqqaldırma növü ölkəmizdə ölür. Rumıniyada yeniyetmələr arasında keçirilmiş dünya çempionatında Firudin Quliyev bürünc medal qazanaraq, təkanla qaldırmada rekord vurdu. O, çox gözəl idmançıdır. Quliyev 1994-cü ildəndirsə, nəyə görə builki Avropa çempionatında çıxış etməyib? Ona görə ki, orada baş məşqçi postu üstündə qırğın gedir. Məşqçilər bir-birilərini qırırlar. Bunun ucbatından Firudin Avropa çempionatına gedə bilmədi. Getsəydi, qitə çempionu olacaqdı. Baş məşqçi Nizami Paşayev onu komandanın düşərgəsini özbaşına tərk etdiyi üçün cəzalandırmışdı. Halbuki elə daxili münaqişələr üzündən idmançı yığmanın düşərgəsindən özbaşına getmişdi.

- Federasiyadakı vəziyyətdən narazılığınızı Cahangir Əsgərova çatdırmısınız?

- Mən demişəm ki, iclas keçirin, gəlib fikirlərimizi bildirək. AAAF-ın hesabat-seçki konfransında “Yorulmuşam, dincəlmək istəyirəm” deyərək, iclası tərk etdim. Məni Rəyasət Heyətinə də seçmişdilər. Dedim ki, adımı oradan çıxarın. Kənarda alt paltarı satanları federasiya üzvü seçiblər. Federasiya prezidentinə əl çatmır. O dövlət adamıdır, baş verənlərdən xəbərsizdir. Xəbəri olsa, hamısının belini qırar. Əsgərov nə lazımdırsa, şərait yaradır. Lakin yerdəkilər ağırlıqqaldırmanın inkişafı istiqamətində iş görmürlər. Bakı çempionatı Masazır qəsəbəsində keçirilir. Halbuki təbliğat üçün məhz paytaxtın mərkəzində təşkil olunmalı idi. Güləş, boks üzrə paytaxt çempionatları böyük idman qurğularımızda keçirilir. Amma ağırlıqqaldırma yarışları balaca-balaca daxmalarda... Belə təbliğat olar? Danışanda da deyirlər ki, bu, demaqoqdur. Bu idman növü batıb gedir axı...

- Nəyə görə bu il Azərbaycan çempionatı keçirilməyib?

- Çünki lazım qədər uşaq yoxdur. Təlim-məşq toplantılarında 5-6 idmançı saxlayırlar, bölgələrdə isə bu növün inkişafına fikir verilmir. Bu onun, o bunun idmançısını oğurlayır. Guya millinin üzvləri kimi idmançılar bu qaydada “fırlanırlar”. Yeni idmançılar yetişdirilmir. Nazirlik də neqativ halları gördüyündən, kənara çəkilib. Bu yaxınlarda nazirliyin şöbə müdiri Mirkamil Rəhimovun qəbulunda oldum. Dedim ki, Azərbaycan çempionatı keçirilmədiyi halda ağırlıqqaldıranlar Avropa çempionatına necə gedə bilərlər? O isə bildirdi ki, komandanı yarışa nazirlik yox, federasiya ezam edib. Təlim-məşq toplantısına idmançını “Bu mənim dostumdur” prinsipi ilə daxil edirlər. Təbii ki, bu, idmançılar arasında narazılıq yaradır və nəticədə onlar komandanı tərk edib gedirlər. Yaxud da hərbi xidməti idman klublarında yox, başqa hərbi birləşmələrdə keçirlər, nəticədə formalarını itirirlər.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1245

Oxşar yazılar