Braziliyada evsiz bir adamın çəkələklə marafon qaçışını əks etdirən videosu sosial mediada yayıldıqdan sonra bütün diqqəti özünə cəlb edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iyulun 27-də İsakе dos Santos Pinyо sərxoş halda öz doğma şəhəri Qarrafao do Nortedə keçirilən 8 kilometrlik qaçış yarışına qatılıb. Digər iştirakçılar kimi yarışa qeydiyyatdan keçməməsinə və idman ayaqqabıları əvəzinə çəkələk geyinməsinə baxmayaraq, start siqnalı verildiyi anda izdihamın içindən sıçrayaraq qaçmağa başlayıb. Bu an başının üzərində uçan dron kamerası tərəfindən qeydə alınıb və çəkələk geyinmiş sərxoş kişinin bütün gücünü sərf edərək qaçdığı görüntülər sosial şəbəkə istifadəçilərinin dərhal marağına səbəb olub.
İsake bütün məsafəni birnəfəsə qaça bilməyib, amma yenə də finişə çatıb və xatirə medalı alıb.
“O gün içmişdim və o izdihamı görəndə düşündüm: Qaçım, bəlkə sərxoşluq sonrası halımdan qurtularam’,” —İsakе müsahibəsində deyib.
Hekayə tezliklə Braziliyanın yerli KİV-nin ilk səhifələrinə çıxıb. Bu hadisə jurnalistlərin diqqətini çəkib. Onlar onun ağır uşaqlıq, alkoqol problemi və evsizlik problemlərindən bəhs ediblər.
Sosial şəbəkələrdə yayımlanan və viral olan videonu paylaşan Estela Larikieri adlı qadının köməyi ilə onlayn profil yaradan İsake, idman ayaqqabıları, geyimlər, qaçış üçün xüsusi eynəklər və hətta peşəkar qaçışçılarla birgə məşq dəvətləri şəklində ianələr almağa başlayıb. Qarrafao do Norte bələdiyyəsi də onunla əlaqə saxlayaraq gələcək qaçış tədbirlərində iştirak etməyə dəvət edib.
Estela Larikieri həmçinin bildirib ki, o və digər fəallar artıq İsakeni küçədən götürüblər və məqsədlərinin gələcəkdə onun üçün şəxsi ev tikmək olduğunu vurğulayıb.
“Mən o marafonu qaçandan sonra içkini dayandırdım. Həyatımı dəyişdim və daha da çox dəyişmək istəyirəm. Çoxlu məsləhətlər alıram və heç vaxt təslim olmayacağam,” — deyə İsake Braziliya KİV-inə böyük həvəslə danışıb.