Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu
15 iyul 2026 14:33 (UTC +04:00)

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

0

Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. 

Lent.az-ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunun məşhur və gənc ulduzlarının bilinməyən həyat hekayələri, uşaqlıq illəri, uğura aparan yolları və şəxsi həyatları ilə bağlı maraqlı faktları təqdim edəcəyik.

Rubrikanın ilk yazısında Fil Dişi Sahilindən çıxaraq Avropa futbolunun parlayan ulduzlarından birinə çevrilən Yan Diomandenin həyat yoluna nəzər salırıq.

 

Yan Diomande 14 noyabr 2006-cı ildə Fil Dişi Sahilinin iqtisadi mərkəzi olan Abican şəhərində anadan olub. Gənc yaşına baxmayaraq, sürətli inkişafı, texniki bacarığı və hücum xəttindəki məhsuldar oyunu sayəsində Avropa futbolunun ən perspektivli istedadlarından biri kimi tanınır. Sol cinah hücumçusu kimi çıxış edən Diomande zərurət yarandıqda sağ cinahda və mərkəz hücumçusu mövqeyində də oynaya bilir.

Uşaqlıq illəri

Yan Diomandenin uşaqlığı asan keçməyib. O, Abicanın kasıb məhəllələrindən birində böyüyüb. Ailəsi çox çətin şəraitdə yaşayırdı. 24 nəfərdən ibarət olan böyük ailə kiçik evdə məskunlaşmışdı və maddi imkanları olduqca məhdud idi.

Onun futbola olan sevgisi hələ kiçik yaşlarından başlayıb. Məhəllə uşaqları ilə tozlu küçələrdə, bəzən ayaqyalın, bəzən isə köhnəlmiş sandallarla futbol oynayıb. Sonralar verdiyi müsahibələrdə həmin günlərin xarakterinin formalaşmasında böyük rol oynadığını bildirib. O deyib ki, məhəllədə futbol oynayan uşaqların əksəriyyəti kimi özü də uzun müddət ayaqyalın və ya köhnə sandallarda oynayıb. Hətta ilk dəfə peşəkar futbol ayaqqabısı geyinməsi onun üçün unudulmaz hadisəyə çevirilmişdi. Ailəsi onun futbolçu olmaq arzusunu dəstəkləsə də, maddi imkanların məhdudluğu səbəbindən peşəkar futbol akademiyalarında təhsil almsı uzun müddət mümkün olmayıb. 

Atasının ailəni tərk etməsi 

Diomandenin həyatındakı ən çətin məqamlardan biri atasının ailəni tərk etməsi olub. Bu hadisədən sonra ailənin bütün yükü anasının üzərinə düşüb. Anası övladlarını dolandırmaq üçün müxtəlif işlərdə çalışırdı. Yan sonralar deyirdi ki, məhz həmin dövrdə futbol onun üçün sadəcə oyun deyil, ailəsini yoxsulluqdan çıxarmağın yeganə yolu idi. Bu səbəbdən uşaqlıqdan məşqlərə böyük məsuliyyətlə yanaşmağa başlayıb.

ABŞ-a aparan futbol sevgisi

İstedadı sayəsində əvvəlcə Fil Dişi Sahilində fəaliyyət göstərən futbol akademiyalarından birinə qəbul olunan Diomande daha sonra böyük fürsət əldə edərək ABŞ-yə yollanıb. Florida ştatındakı DME Academy-də təhsil almaq və futbol oynamaq onun həyatında dönüş nöqtəsi olub. ABŞ-yə tək gələn gənc futbolçu ingilis dilini bilmirdi. O, yeni ölkəyə uyğunlaşmaq üçün həm dili öyrənib, həm də məşqlərini davam etdirib. 

Avropadan ard-arda rədd cavabları

Yan Diomandenin uğura gedən yolu heç də asan olmayıb. O, ABŞ-də çıxış etdiyi dövrdə Avropanın müxtəlif klublarında baxışlarda iştirak edib.

Bir sıra komandalar onunla müqavilə bağlamaqdan imtina edib. Şotlandiyanın "Rangers" klubu da onu sınaqdan keçirsə də, transfer baş tutmayıb. Daha sonra digər Avropa klublarından da mənfi cavab alan futbolçu ümidini itirməyib.

Diomande həmin günləri xatırlayarkən bildirib ki, agenti onu müxtəlif ölkələrə aparırdı, lakin hər dəfə "yox" cavabı alırdı. Buna baxmayaraq, o məşqlərini dayandırmayıb.

"Leganes"də dəyişən karyera

2025-ci ildə İspaniyanın "Leganes" klubu gənc futbolçuya şans verən ilk Avropa komandası oldu.

Əvvəlcə ikinci komandada çıxış edən Diomande cəmi bir neçə oyundan sonra əsas komandaya yüksəldi. Onun sürəti, driblinqləri və rəqibləri asanlıqla keçməsi nəzərlərdən yayınmırdı. La Liqadakı debütü isə dünya futbol ictimaiyyətinin marağına səbəb oldu. Xüsusilə "Real Madrid"ə qarşı keçirdiyi oyun və vurduğu ilk qollar onun adını Avropada tanıtdı.

Bundesliqada parlayan ulduz

Diomandenin yüksəlişi isə uzun çəkmədi. Almaniyanın "Leyptsiq" klubu onun transferi üçün təxminən 20 milyon avro ödəyərək futbolçunu heyətinə qatdı. İlk mövsümündəcə Bundesliqada 12 qol və 8 məhsuldar ötürmə ilə çıxış edən gənc futbolçu liqanın ən parlaq yeni simalarından birinə çevrildi.

Motivasiya mənbəyi olan bacısının ölümü 

Yan Diomandenin həyatındakı ən ağır hadisələrdən biri bacısı Roxanenin vəfatı olub.

Futbolçu 2026-cı ildə dünya çempionatı ərəfəsində The Players' Tribune platformasında bacısına yazdığı məktubu yayımlayıb. Məktub qısa müddətdə milyonlarla insan tərəfindən oxunub və futbol dünyasında böyük maraq doğurub.

Məktub "Əziz Roksana..." sözləri ilə başlayır. Diomande uşaqlıq illərini xatırlayaraq bacısının onun ən böyük dəstəkçisi olduğunu yazır. O bildirir ki, Abicanda bir evdə təxminən 24 nəfərlə birlikdə yaşayırdı. Maddi imkanları çox zəif olsa da, bacısı həmişə onun gələcəkdə böyük futbolçu olacağına inanırdı. Hətta hamı onun arzularına güləndə belə, Roksana "Qardaşım bir gün dünyanın ən yaxşı futbolçusu olacaq, hətta Kriştiano Ronaldodan da yaxşı olacaq" deyirdi. Diomande məktubunda qeyd edir ki, Avropada bir çox klublardan rədd cavabı alanda belə bacısı ümidini itirməyib. O, hər dəfə qardaşını ruhlandırır, mübarizəni davam etdirməsini istəyirdi. Futbolçu yazır ki, bacısının inamı olmasaydı, bəlkə də çoxdan futboldan uzaqlaşmışdı. 

Yan Diomande uşaqlığında original olmayan "Mançester Yunayted" forması geyinirdi və həmin formanın arxasına qara markerlə "Ronaldo 7" yazmışdı. Bu hadisəni də o, mərhum bacısı Roksanaya ünvanladığı məktubunda xatırlayır. 

Məktubda belə yazır: "Yadındadır, kimsə mənə saxta forma almışdı və mən arxasına qara markerlə "Ronaldo 7" yazmışdım?"

Bu səbəbdən Ronaldo forması Yan Diomandenin uşaqlıq arzularının və futbola sevgisinin simvollarından biri hesab olunur.

Məktubun ən ağrılı hissəsi isə bacısının ölümündən bəhs etdiyi bölümdür. Diomande yazır ki, "Leganes"də "Real Madrid"ə qarşı debüt oyunundan az sonra həyatının ən dəhşətli telefon zəngini alıb. Ona bacısının bir məclisdə içkisinə naməlum maddə qatıldıqdan sonra ayılmadan vəfat etdiyi xəbəri verilib. Bacısının cəmi 15 yaşı var idi və futbolçu bu faciədən sonra həyatının tamamilə dəyişdiyini etiraf edir. Diomande məktubunda bacısının ölümündən sonra daxilən boşluq hiss etdiyini də yazır. Onun sözlərinə görə, özünü rahat hiss etdiyi yeganə yer futbol meydanıdır. Hər dəfə meydana çıxanda sanki bacısı ilə danışdığını hiss edir və vurduğu hər qolu ona həsr edir. Futbolçu bildirir ki, artıq bütün uğurları yalnız bacısının xatirəsi üçündür. Məktubun sonunda isə ən yaddaqalan sözlər yer alır. Diomande bacısına müraciətlə yazır ki, dünya çempionatına gedir və onun dediyi hər şey gerçəyə çevrilib. O, bütün dünyanın Roxanenin adını tanıyacağına söz verir: "Sənin haqlı olduğunu sübut edəcəyəm, ya da buna çalışarkən bütün gücümü ortaya qoyacağam".

Futbolçu bildirib ki, karyerasını onun xatirəsini yaşatmaq üçün davam etdirir.

Milli komandadakı yüksəlişi

Klub səviyyəsindəki uğurları Fil Dişi Sahili millisinin də diqqətindən yayınmayıb.

Baş məşqçi Emerse Fae onu əsas komandaya dəvət edib. Diomande ilk oyunlarından etibarən qollar vuraraq və məhsuldar ötürmələr edərək komandanın aparıcı futbolçularından birinə çevrilib.

2026-cı il dünya çempionatında da sürəti və driblinqləri ilə turnirin ən çox danışılan gənc oyunçularından biri olub.

Avropa nəhənglərinin diqqət mərkəzində

Möhtəşəm çıxışından sonra Diomande ilə "Liverpul", PSJ, "Barselona" və digər aparıcı Avropa klubları maraqlanmağa başlayıb. Transfer bazarında onun dəyəri qısa müddətdə dəfələrlə artıb və o, gələcəyin ən bahalı cinah oyunçularından biri hesab olunur.

Futboldan kənar həyatı

Yan Diomande şəxsi həyatını ictimaiyyətdən uzaq saxlamağa üstünlük verir. O, sosial şəbəkələrdən az istifadə etdiyini, diqqətini yalnız futbola yönəltdiyini bildirir. Müsahibələrinin birində "Ən vacib məqsədim hər gün daha yaxşı futbolçu olmaqdır" sözləri ilə gələcək planlarını ifadə edib.

Fil Dişi Sahilində ayaqyalın futbol oynayan balaca oğlan bu gün Bundesliqanın parlaq ulduzlarından biri, Avropanın aparıcı klublarının transfer siyahısında ilk sıralarda yer alan futbolçudur. Onun uğur hekayəsi təkcə futbol deyil, həm də əzmkarlıq, ailə sevgisi və heç vaxt mübarizəni dayandırmamağın bariz nümunəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar