Böhran Bakıdakı enerji abunəçilərinə təsir etməyib
19 may 2009 12:45 (UTC +04:00)

Böhran Bakıdakı enerji abunəçilərinə təsir etməyib

Ötən ilin ilk 4 ayı ilə müqayisədə bu il “Bakıelektrikşəbəkə”nin əhali abunəçiləri 10 milyon manat çox pul ödəyib

Yeni ödəniş sistemlərinin tətbiqi sayəsində “Bakıelektrikşəbəkə” 70-80 minə qədər abonentin ödəniş apara bilməsinə şərait yaradıb. Təxminən 130 mindən çox abonent isə öz sayğaclarını oxumaq və borcları barədə operativ məlumat almaq imkanı əldə edib.

Lent.az-ın məlumatına görə, “Bakıelektrikşəbəkə” ASC-nin satış departamentinin sahə rəisi Vüqar Nəbibəyli jurnalistlər üçün keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətin 677 min abonenti var. Bunların 35-40 faizi öz borclarını davamlı şəkildə ödəyir.

Maraqlıdır ki, ötən illə müqayisədə bu il əhali istehlakçı qurunda enerjidən istifadə haqlarının yığımında ciddi artımlar qeydə alınıb. Vüqar Nəbibəyli bildirib ki, ötən ilin ilk 4 ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında əhalinin ödədiyi enerji haqları 10 milyon manat artıb. Belə ki, ötən ilin yanvar-aprel aylarında əhali abonentlərindən 30 milyon manat yığım reallaşdırılmışdısa, bu il həmin göstərici 40 milyon manatdan çox olub.

“Bakıelektrikşəbəkə”nin nümayəndəsi maraqlı bir faktı da qeyd edib. Vüqar Nəbibəyli bildirib ki, ötən ilin ilk 4 ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında “Bakıelektrikşəbəkə” vasitəsilə 157 milyon kilovatsaat az enerji istehlak olunub: ”Yəni biz “Azərenerji”dən 157 milyon kilovatsaat az enerji almışıq. Bunun müqabilində 4 ay ərzində 2 milyon manatdan artıq yığıma nail olunub. Yığım səviyyəsindəki əsas artım isə əhali qrupunun üzərinə düşür”.

Vüqar Nəbibəyli əhali istehlakçı qrupunda yığımın səviyyəsinin artmasını abonentlər arasında maarifləndirmə işlərinin aparılması, ödəniş sistemlərinin təkmilləşdirilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, yeni texnologiyalar həm də enerji oğurluğunun qarşısını almağa imkan verir.

Elxan SALAHOV
# 1018

Oxşar yazılar