Azərbaycanın ən uzun dəmir yolu xəttində təmir başlayır
07 iyun 2011 15:41 (UTC +04:00)

Azərbaycanın ən uzun dəmir yolu xəttində təmir başlayır

Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqrammı”na əsasən, Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiyanın «İxrac» Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunacaq.


Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL a.s.-nin 100 %-li törəmə şirkəti olan “M STEEL PROJECT a.s.” arasında çərçivə müqaviləsi imzalanıb. Çexiyanın “Trşinets celezarnı” zavodundan relsin (65 tipli 41210 ton,317 km yol) alınması razılaşdırılıb və 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.


Əsaslı təmir üçün tələb olunan 583280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən, Ələt şpal zavodunda (“Azərinşaatservis”) istehsal olunacaq. Məlumat üçün bildirək ki, Ələt şpal zavodunda şpal istehsalına başlanılıb. Artıq üçnövbəli iş sistemi tətbiq olunub. Bunun da əsas məqsədi Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirində şpala olan tələbat ödəməkdir.


10 iyun 2011-ci ildə ilk kilometrin əsaslı təmiri həyata keçiriləcək. Prosesə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində start veriləcək. Tədbirdə “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, müvafiq Departament, xidmət və MMC-lərin kollektivləri iştirak edəcək. Əsaslı təmiri “Dəmiryolservis” MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri reallaşdıracaq.
# 1167

Oxşar yazılar