Gülmək üçün yeni bir ünvan axtarırsınızsa, TikTok sizin üçün əsl xəzinədir. Qısa, amma təsirli videolar, kəskin zarafatlar və gündəlik həyatla bağlı yumoristik yanaşmalar burada istifadəçilərə həm əyləncəli, həm də tanış hisslər bəxş edir. Azərbaycanda da bu sahədə özünü fərqləndirən yaradıcılar var ki, onlardan bəzilərinə nəzər salaq.
Gündəlik Həyatın Yumoru - @heyatmalikova
Heyat Malikova gündəlik həyatın kiçik, amma tanış detallarını yumorla təqdim etməsi ilə tanınır. Misal üçün, gündəlik yazışmalarda insanların sözlərini qısaltmasını yumora çevirib ve bu video minlərlə baxış toplayıb. Onun videolarında ailə münasibətləri, iş yeri situasiyaları və dostlarla baş verən məzəli anlar ustalıqla çatdırılır. Səmimi üslubu və obrazları izləyiciləri cəlb edir.
Parodiyanın Ustası - @thekhankishieva
Xan Kişiyeva daha çox parodiya və obrazlar üzərində qurduğu videolarla seçilir. O, məşhur filmlərin, serialların səhnələrini və gündəlik həyatda qarşılaşdığımız vəziyyətləri özünəməxsus yumorla yenidən canlandırır. Ən çox izlənən və diqqət çəkən videolarından biri “Təhminə” filmindəki məşhur replikaya verdiyi özünəməxsus yanaşmadır.Videoları izləyicilərə həm nostalji, həm də yeni gülüş mənbəyi təqdim edir.
Kəskin Zarafatların Ünvanı - @kurbanov_standup
Qurbanov stand-up sahəsində tanınsa da, TikTok-da da kəskin zarafatları və qısa səhnəcikləri ilə özünü göstərir. Onun videoları daha çox sosial mövzular, insan davranışları və gündəlik problemlərin yumoristik tərəflərinə toxunur. Bu üslub izləyicilərdə həm gülüş, həm də düşüncə yaradır. Ən çox gülüş doğuran videolarından biri isə xanımların istəklərini və xarakterlərini yumorla izah etdiyi paylaşımdır.
İmprovizasiyanın Gücü - @a1ixan
Alixan isə daha çox improvizasiya və sürətli reaksiya videoları ilə tanınır. Onun kontenti hər dəfə fərqli mövzulara toxunur: bəzən qısa zarafatlar, bəzən absurd vəziyyətlər, bəzən isə gündəlik həyatın ən maraqlı məqamlarını yumorla təqdim edir. Dinamik yanaşması ilə izləyicilərin diqqətini saxlayır. Toksik ailə mövzusunda çəkdiyi yumoristik video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
TikTok-da yumor yalnız gülüş gətirmir, həm də insanlara gündəlik stressdən çıxış yolu, yaradıcı baxış və pozitiv enerji bəxş edir. Bu yaradıcılar isə göstərir ki, hətta 15-30 saniyəlik videoda da gülmək, düşünmək və yeni bir dünyaya baxmaq mümkündür. TikTok izləyiciləri üçün yumor demək kiçik anlarda böyük enerji tapmaqdır.