Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə  birgə ələ keçirildi: həmyerlilərimizə "qan uddururdu"
18 noyabr 2025 11:40 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi: həmyerlilərimizə "qan uddururdu"

0

Rusiyanın Tula vilayət məhkəməsi beş nəfər Azərbaycan əsilli şəxsin cinayət işi üzrə məhkəmə baxışına başlayıb. Onlar hədə-qorxu yolu ilə pul tələb etmədə, banditizmdə, quldurluqda və qanunsuz silah dövriyyəsində ittiham olunurlar.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlardan biri – Xətəm A. bölgədə “azərbaycanlılara nəzarət edən şəxs” kimi qeyri-rəsmi statusa sahib olub və qrupun rəhbəri sayılıb. Daha bir iştirakçı Heydərəli Q. barəsində iş ayrıca icraya çıxarılıb, bir neçə digər şəxs isə hələlik müəyyən edilməyib.

Əvvəllər vilayət prokurorluğu bildirib ki, iş üzrə zərərçəkmişlər Novomoskovsk, Uzlovaya və Xantı-Mansiysk dairəsinin Surqut şəhərindən olan sahibkarlardır. Ümumi ziyan təxminən yarım milyon rubl təşkil edir. Cinayətlərin qurbanları da elə Azərbaycan əsilli biznesmenlərdir.

Sahibkarlardan birindən təxminən 6–7 il əvvəl pul tələb edilməyə başlanılıb. Ondan müxtəlif məbləğlər, o cümlədən bir milyon rubl istənilib, ailəsinə təhlükə yaratmaqla hədələnib. Nəticədə biznesmen görüşə razılaşıb və görüş Novomoskovskdakı Azərbaycan restoranında baş tutub. Onun sözlərinə görə, cinayətkarlar silahlı olub. Xətəm A. isə qəsdən gödəkcəsini qaldırıb göstərərək, tapançanı nümayiş etdirib.

Biznesmendən bir milyon rubl tələb olunub və psixoloji təzyiq göstərilib. Qrupun lideri pul almayınca onu rahat buraxmayacağını deyib. Növbəti gün sahibkar onların hesabına 150 min rubl köçürüb.

Məlumata görə, başqa bir sahibkarla söhbətdə Heydərəli Q. özünü “azərbaycanlı qanuni oğrulardan birinin sağ əli” kimi təqdim edib. Xətəm A. dəfələrlə tanınmış kriminal avtoritetlərlə əlaqələri ilə öyünürmüş. Daha bir zərərçəkmişə isə bildirib ki, pul “həbsdən azad olunan qanuni oğrunu dəstəkləmək üçün” lazımdır. Ailəsinin və özünün həyatından qorxan biznesmen 100 min rubl verib, sonradan isə daha kiçik məbləğlər tələb edilib.

Xətəm A. tutulandan sonra Heydərəli Q. və naməlum şəxslər həmin sahibkara zəng edib, şikayət yazmamağı tələb ediblər.

Bir başqa sahibkar isə ağır döyülüb. Onun üzərindəki pul və bahalı qızıl bilərzik əlindən alınıb. Sahibkar polisə müraciət etdiyi üçün ailəsinə hədə dolu zənglər gəlib.

Surqutdan olan digər zərərçəkmiş də döyülüb. Xətəm A. ona özünü “qanuni oğru” kimi təqdim edib. Zərərçəkmişin başına tapança, qarnına isə bıçaq dirəyərək “biznesin qorunması” üçün ondan hər ay 10 min rubl tələb olunub.

İttiham olunanlar özlərini təqsirli bilmir. Onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yerli media bildirir ki, Xətəm A. həmçinin 2024-cü ilin əvvəlində Tümen şəhərində baş verən atışmada iştirakda şübhəli bilinir. Azərbaycanlıların olduğu qrupun hücumu zamanı o, güllə yarası alıb, lakin qaça bilib. Atəşi açan şəxslər 2025-ci ilin avqustunda xuliqanlıq maddəsi ilə cəza alıblar, lakin qəsdən adam öldürməyə cəhd ittihamı üzrə bəraət alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar