Ermənistanda polis 2 “qanuni oğru”nu saxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi Baş İdarəsinə kriminal iyerarxiyada yüksək mövqe tutan şəxslərin cinayətlər törətməsi barədə məlumat daxil olub.
Məlumata görə, Gümrüdə qeydiyyatda olan 58 yaşlı “qanuni oğru” keçmiş kürəkəninin onun qızı ilə mübahisə etdiyini öyrənib. Bundan sonra o, sentyabrın 21-də kriminal iyerarxiyada yüksək mövqe tutan digər şəxsə, Oşakanda yaşayan 56 yaşlı “qanuni oğru”ya müraciət edərək keçmiş kürəkəninin cəzalandırılmasını istəyib.
Elə həmin gün saat 02:40-də Oşakan sakini olan 56 yaşlı şəxs bir qrup adamla birlikdə hadisənin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə İrəvanın Hraçya Nersisyan küçəsinə gəlib.
Burada onlar “qanuni oğru”nun keçmiş kürəkəni və onunla birlikdə olan şəxslərlə münaqişəyə giriblər. Tərəflər uzun müddət bir-birilərini təhqir edib və qarşılıqlı şəkildə fiziki zor tətbiq ediblər.
Hadisədən sonra “qanuni oğru”nun keçmiş kürəkəni də öz növbəsində keçmiş qayınatası ilə haqq-hesab çəkmək məqsədilə bir qrup şəxslə İrəvandakı hotellərdən birinə gedib. Lakin ondan asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib.
Ermənistan DİN-in Cinayət Polisi əməkdaşları hər iki “qanuni oğru”nu saxlayaraq ibtidai istintaq orqanına təhvil veriblər.
Hadisələrdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.