ABŞ-ın Corciya ştatında dayə tərəfindən qaçırıldığı bildirilən 4 yaşlı Zola Kuper və onun 11 aylıq bacısı Nora sağ-salamat tapılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqların anası bir ilə yaxın müddətdə etibarını qazanan tanışı Lakeşa Braundan qızlarına baxmasını istəyib. Ana axşam yeməyindən qayıtdıqdan sonra nə uşaqları evdə görüb, nə də dayə ilə əlaqə saxlaya bilib.
Atlanta polisi əvvəlcə hadisənin qəyyumluq mübahisəsi olduğunu düşünüb. Aparılan araşdırmadan sonra uşaqların qaçırıldığı müəyyənləşdirilib və xüsusi əməliyyat başlanıb.
Polis dayənin Alabama nömrə nişanlı ağ rəngli pikapla hərəkət etdiyini müəyyənləşdirib. Lakeşa Braun Silvan-Roud ərazisindəki treyler tipli evdə tapılıb. Əməliyyat zamanı yaxınlıqdan körpə ağlaması eşidən detektivlər uşaqların yerini müəyyənləşdiriblər.
Bacılar tibbi müayinədən keçirildikdən sonra ailələrinə təhvil verilib. Onların sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Araşdırma zamanı Braunun təxminən beş il əvvəl oxşar hadisə ilə bağlı başqa işdə adının hallandığı və məhkəməyə gəlmədiyi üçün Alabama ştatında axtarışda olduğu üzə çıxıb. Şübhəli saxlanılıb, uşaqları hansı məqsədlə qaçırdığı isə hələ müəyyən edilməyib.