Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI
02 oktyabr 2026 17:34 (UTC +04:00)

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, ilkin baxış iclası açıq keçirilsə də, bu gün baş tutan prosesin mediaya qapalı olduğu bildirilib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılması barədə vəsatət irəli sürüblər. Məhkəmə həmin vəsatəti təmin edib. Beləliklə onların hamısı məhkəmə zalından azadlığa buraxılıblar.

Cinayət işi üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, inspektor Heydər Eyvazlı, Tamerlan Axundzadə, həmçinin Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov və Rövşən Tarverdiyev təqsirləndirilir.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaq zamanı Hövsan Limanının, gömrük postunun əməkdaşları və digər şəxslərin cinayət əlaqəsinə girərək Birləşmiş Ərəb Əmirlikləri və İrandan ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını marka olmadan ölkəyə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarında Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Tahir Tahiri, Ənvər Tağıyev, Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev və digər şəxslərin adları keçir.

Onlar Cinayət Məcəlləsinin 206.4-cü – mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq, 213-1.2.1, 213-1.2.2, 213-1.2.3-cü – aksiz markası ilə markalanmalı olan malları marka olmadan satış məqsədilə saxlama və 308.2-ci – ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə təqsirləndirilirlər.

Bir sıra təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin ölkəni tərk etdiyi bildirildiyindən barələrində qiyabi həbs qərarı verilib və beynəlxalq axtarış elan olunub.

Ruslan Eyyubov daha sonra səhhəti ilə bağlı məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Onun cinayət işi üzrə istintaqın davam etdiyi bildirilir.

Qeyd edək ki, Baş Prokurorluq ötən ilin dekabrında qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif məhsulların gətirilməsi ittihamı ilə bir sıra vəzifəli şəxsin saxlanılması barədə məlumat yaymışdı.

Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar