Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək Möhsün Abdullayevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkəninin hüquqi varisi onun daha ağır cəza almasını məhkəmədən xahiş edib. Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Bundan sonra növbəti proses 5 dekabr saat 15:00-a təyin olunub.
Xatırladaq ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.İttihama görə M. Abdullayev mübahisə zəmnində masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.