Tailandda Nonthaburi əyalətinin keçmiş deputatı Çalonq Rivraenq yerli məmuru, əyalət administrasiyasının sədri Thonqçay Yenpraserti güllələdikdən sonra saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə avqustun 10-da səhər saatlarında baş verib. Zərərçəkənə tibbi yardım göstərilib, lakin onu xilas etmək mümkün olmayıb. Məmurun sürücüsünün də yaralandığı bildirilir.
Hadisədən sonra keçmiş deputatın hadisə yerindən qaçdığı, daha sonra motosikletlə polis bölməsinə gedərək təslim olduğu iddia edilib. Ondan tapança müsadirə edilib. Hücumun səbəbi araşdırılır.
Həbs olunduqdan sonra Çalonq Rivraenq atəş açmaq niyyətində olmadığını iddia edib. İddialara görə, o, əvvəllər ona borc verdiyi 11 milyon bahtın geri qaytarılmasını istəmək üçün Thonqçay Yenprasertlə görüşməyə gəlib.
Keçmiş deputat Nontaburi sakinlərindən və zərərçəkənin ailəsindən üzr istəyib. Polis araşdırmanı davam etdirir və bütün halları aydınlaşdıracaq.