"Sən ölməlisən deyib hücum çəkdi" - Sevgilisinin bıçaqladığı lazeroloq DANIŞDI
23 aprel 2026 16:30 (UTC +04:00)

"Sən ölməlisən deyib hücum çəkdi" - Sevgilisinin bıçaqladığı lazeroloq DANIŞDI

1

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkən Cahan Çələbiyevanın ifadəsi ilə davam edib:

"Samirlə 2024-cü ilin mart ayında təsadüfən tanış olmuşuq. Münasibətimiz yarandı, 5-6 ay davam etdi. Başqa bir xanımın sayəsində onun ailəli olduğunu və özünü mənə tanıtdığından fərqli xarakterə malik olmasını öyrəndim. Bunları öyrəndikdən sonra ayrılıb uzaqlaşmaq istədim. Samir əl çəkmədi,  gəldi-getdi, yalvarıb üzr istədi. Lakin mən ayrılmaqda qərarlı idim. Müxtəlif qadınlar telefonuma zənglər edib Samirin uzun müddətdir onların həyatında olduğunu, görüşmək istədiklərini deyirdilər. Mənim onu bağışlamaq fikrim yox idi.

Görəndə ki, razılaşmıram, başladı məni şantaj eləməyə. Mən ailəli olmuşam, iki azyaşlı qızımı atasız böyüdürəm. Samir məni döyüb qan içində olduğum şəkilləri ailə üzvlərimin telefonlarına göndərirdi. Telefonum səhərə kimi susmurdu, heç bir qadın özüm istəmədən həyatımdan çıxa bilməz deyə zənglər edirdi, mesajlar yazırdı. Psixolojik vəziyyətim darmadağın olmuşdu. Dəfələrlə evimizə basqın edib ailə üzvlərimi qorxuya salırdı. Qardaşımın körpə uşaqları qorxusundan ağlayırdılar. Mən məcbur polisə şikayət verdim. Avqustun 8-də işlədiyim yerə əlində bıçaqla gəlib sənin gözlərini çıxaracağam deyərək, məni iş yoldaşlarımın yanında təpik və yumruqlarla vurmağa başladı. İş yoldaşlarım məni güclə onun əlindən aldılar. Yaşlı atam qorxusundan məni tək buraxmırdı. İşə gedəndə aparırdı, qayıdanda qarşılayırdı. Hadisə günü Samir əlində bıçaq içəri girdi. Mən müştərim olan qadına xidmət göstərirdim. Geri dönəndə onu qarşımda gördüm, qorxudan əsməyə başladım. Sən ölməlisən deyib bıçaqla üstümə hücum elədi. İlk zərbəsindən özümdən getmişəm, gözümü xəstəxanada açdım. Sonra mənə dedilər ki, xəstəxanada həkim vəziyyətimi görən kimi bu qadın artıq ölüb deyib. Samirin məqsədi məni öldürmək idi. Hadisədən sonra qardaşıma zəng edib deyib ki, bacını öldürmüşəm, gəl, apar. Ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edirəm".

Növbəti proses 7 may saat 11:00-a təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib. Samir  Həsənov münasibətdə olduğu Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisələrə görə onu dəfələrlə döyərək, müxtəlif bədən xəsarətləri yetirib. C. Çələbiyeva bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edərək S. Həsənovun həbs edilməsinə nail olub.

Məlumata görə, Samir Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin noyabrın 7-də Cahan Çələbiyevanın lazeroloq olaraq çalışdığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ay Beauty" gözəllik salonuna gələrək, kəsici-deşici alətlə qadının döş qəfəsi, boyun, sifət və digər nahiyələrinə zərbələr vurub. Ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan Cahan Çələbiyevanın həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi açılıb, Samir Həsənov Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 578

Oxşar yazılar