"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
23 aprel 2026 14:21 (UTC +04:00)

"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin və şahidlərin ifadəsi ilə davam edib.

Zərərçəkən R.G. ifadəsində baş verənlərdən notariusdan gələn zənglərdən sonra xəbər tutduğunu bildirib:

"Mənə bir gün 18 nömrəli notariusdan zəng gəldi ki, bizə bildirirlər ki, siz hazırda xaricdə müalicədə olduğunuzdan torpaq sahənizin alqı-satqısı ilə bağlı etibarnamə vermisiniz. Zəng edənə dedim ki, elə bir hal yoxdur, mən Bakıdayam. Dərhal Baş Notarial İdarəyə gedib əmlakın satışına stop qoydurdum, sonra prokurorluğa şikayət ərizəsi yazdım. O vaxt notariusdan mənə zəng gəlməsəydi, torpağım xəbərim olmadan satılacaqdı. Bu (təqsirləndirilən Rafiq Vəliyevə işarə edir) sadəcə fiqurdur, onu kimin fiqur olaraq ortaya saldığını da yaxşı bilirəm. Bunun təqsiri odur ki, sənədi düzəldib, buna görə də cəzasını çəkməlidir. Novxanıdakı o ərazilərin üstündə dəfələrlə maklerlərin təzyiqinə məruz qalmışam. Bir dəfə Fuad adlı şəxsi vasitəçi kimi qabağıma çıxartdılar ki, Binəqədinin icra başçısı torpağımı 14 000 manatdan almaq istəyir. Dedim ki, bu qiymətə torpaq satılmır. Mənə dedi ki, nə olsun, sən razılaş, sonra onunla dost olarsan, münasibətin olar".

Təqsirləndirilən R. Vəliyev sözügedən torpağın çıxarış sənədini Sədi adlı şəxsdən aldığını deyib:

"Onun telefonu məndə yoxdur. Həmişə maklerlərin gəzib dolandığı yerdə görüşürdük".

Şahid Q.C. bildirib ki, təqsirləndiriləni tanımır:

"Mən sahibkaram. Kimsəyə hansısa mülkiyyətin çıxarışını göndərməmişəm. 2010-cu ildə R.G. mülkiyyətində olan obyekt mənim istifadəm də olub. Vüqarı makler kimi tanıyırdım. Gəlib obyekti almaq istədiyini dedi. Obyekt 180 000 manata ona satacağımı dedim. Lakin şərt qoydum ki, obyekt sahibi ilə görüşsün".

Şahid N.N. 48 saylı notariusda işlədiyini bildirib:

"Novruzov Rüfət və Əliyev Arzunu tanımamışam. Onlar mənzil satışı ilə bağlı müraciət etmişdilər. Rüfətin saxta sənədləri kimlərlə, necə hazırlaması mənə məlum deyil".

Şahid N.K. təqsirləndirilən R.Vəliyevi tanıdığını deyib:

"Bizim ailəvi get-gəlişimiz var idi. Bir gün evdə idim, zəng gəldi Rafiqdən ki, bir tanışımın xalası xaricdə yaşayır, torpağı satılmalıdır, sənə etibarnamə verək. Dedi ki, vəsiqəmi göndərim, mən də göndərdim. Sonra Vüqar adlı oğlanı göndərdi, notariusa, oradan da banka getdik. Elə ora-bura yönləndirirdilər ki, ora qol çək, bura qol çək. Rafiq bunun müqabilində 30 000 manat hörmət edəcəyini demişdi. Amma günlər keçməsinə baxmayaraq puldan xəbər çıxmadı. Bu xoşuma gəlmədi. Rafiqə dedim ki, gedib ləğv etmək istəyirəm. Bir gün gözləyib notariusa getdim. Sonra mənə xəbər çatdı ki, Vüqar o əmlakı başqasına satıb. Rafiq zəng edib dedi ki, qoyma alqı-satqı olsun, mən gəlirəm. Ona kimi dirəşib qoymadım". 

Şahid N.R taksi sürücüsü olduğunu və Vəliyevi Biləcəri sakini kimi tanıdığını bildirib:

"Vəsiqəmi istədi ki, dostunun Xırdalandakı evini satmaq istəyir, mən də verdim. Bunun müqabilində ondan ödəniş almamışam, lakin maşınımın dağılmış motoru üçün 1000 manat verəcəkdi mənə. Rafiq zatən Türkiyəyə gedib-gəlirdi. Ondan şübhələnmədim ki, niyə türk vətəndaşının evini mənim adıma sənədləşdiriblər".

Şahid M.K 23 saylı notariusda kargüzar kimi çalışdığını deyib:

"Rafiqi tanımıram. Mənə Turab adlı bir vətəndaş yaxınlaşdı ki, alış-veriş var. Dedim sənədləri gətirin, baxaq. Sənədlər qaydasında göründüyündən daha sonra alqı-satqı yerinə yaxınlaşdıq. Sonradan notarius məni çağırdı ki, o sənəddə problem var, müqaviləni ləğv etmək lazımdır. Etibarnamə mülkiyyətçi adından verilmişdi. Mən mülkiyyətçinin nömrəsini tapıb sənədləri ona göndərdim. Ondan cavab gəldi ki, belə bir iş olmayıb. Bu bizə acı bir təcrübə olduğundan bundan sonra işimizdə mülkiyyətçi ilə görüntülü danışıb, onu  görmədən sənəd qəbul etmirik". 

Şahid N.H. "Asan Xidmət"də tərcümə xidmətlərinin təşkili işinə nəzarət etdiyini deyib:

"Sənədi bizə göstərəndə baxdıq. Yüklədik sistemə. Baxdıq ki, tərcümə çıxmır".

Bu zaman təqsirləndirilən R.Vəliyev "Tərcümə əlbətdə də tapılmazdı, çünki onu özüm tərcümə elətdirmişdim" deyib.

Məhkəmə digər şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 4 may 15:00-a təyin edib.

Qeyd edək ki, təqsirləndirilən şəxs məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur. Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

Lakin dələduzluq əməlini başa çatdıra bilməyib. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır.

Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar