Xadimə idim, sonra məni əməliyyata saldılar – “QILINC OYNADAN”ların İŞİ
07 iyul 2026 11:09 (UTC +04:00)

Xadimə idim, sonra məni əməliyyata saldılar – “QILINC OYNADAN”ların İŞİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilənlərdən Xəyalə İsmayılovanın ifadəsi ilə davam edib.

İsmayılova 2022-ci ilin  sentyabrdan sözügedən estetik mərkəzi açdığını bildirib:

"Ceyhunə xanım axşamüstü idi,  yaxınlaşdı ki, omba nayihəsini böyütmək istəyir. 2023- cü ildə təkrar bizə yaxınlaşıb ombasını bir az da böyütmək istədiyini bildirdi, ilk 600 manat ödəniş elədi. Dedi pulum yoxdur, boyunbağısını qoydu ki, sonra bacım gəlib  verəcək. On gün keçdi, bacı gəldi ki, "Ailə yadigarı boyunbağıya görə evlərində dava düşüb. Bunu aparım, bacım gəlib pulu verəcək". Ceyhunə demişdi ki,  Hepatit C virusudur. Mən ona hətta həkim də məsləhət gördüm ki, gedib müalicəsini alsın. Bir müddət sonra xanım yenə gəldi, dərisində qaralmalar əmələ gəldiyini dedi. Ötən il bir də xəbər tutdum ki, məndən prokurorluğa şikayət edib. Gəldi, xanımı əməliyyat etdirib dolğuları çıxartdırdım, pulunu özümüz ödədik. Onun istəkləri çox idi, çatdıra bilmirdim. Ləman da dolğu vurdurmuşdu. Gəldi ki, "Dərimə infeksiya düşüb. Pulumu verin, gedib əməliyyat etdirəcəm". Bunun günahı məndə deyil ki, iynə yerini açıq qoyub gəzib, sonradan mikrob düşüb. Pul istədi, vermədim deyə gedib məndən Nəsimi prokurorluğuna şikayət etdi. Tamara xanım da qaşını qaldırmağı istədi, elədik. Həmin vaxt heç bir narazılıq etməmişdi".

Hakim Fəxri Məmmədovun "Siz heç bir tibbi təhsiliniz olmadan necə fəaliyyət göstərirdiniz?  Səhiyyə Nazirliyindən sizi yoxlayan yox idi?" sualına təqsirləndirilənlərdən

X. İsmayılova "Nazirlikdən yoxlama gəlmişdi, cərimə yazdılar deyə bir müddət bağladıq, sonra yenidən açdıq.".

Təqsirləndirilən Rəsmiyyə Quliyeva orta ixtisaslı tibb işçisi olduğunu deyib:

"2024-cü ildə iş axtarırdım. Klinikaya müraciət etdim. Sertifikasiya olmadığından qəbul şöbəsində işlədim. Orada bir müddət dərman hazırlama işində oldum. Sonra Gülbədə xanım liposaksiya ilə məşğul olmağımı istədi, lakin mənim bununla bağlı heç bir ixtisasım, təcrübəm olmadığından, riskli olduğuna görə etiraz etdim. Şikayətlərin mənimlə heç bir əlaqəsi yoxdur, mən heç bir əməliyyatda iştirak etməmişəm".

Digər təqsirləndirilən Murad Bağırov orta təhsilli olduğunu, heç bir tibb təhsilinin olmadığını bildirib:

"2022-ci ildə qohumum Xəyalə xanımın yanında işə başladım. Əvvəllər usta və ofisiant işləyirdim. Xəyalə xanım məni köməkçi və SMM kimi işə dəvət etmişdi. Orada iki il işlədim; əməkhaqqım 350 manat idi. Əməliyyat vaxtları Xəyalə xanım sap istəyəndə verirdim. Ləman Nəbiyevanı tanımıram. Təkcə Tamara xanım əməliyyat ediləndə Xəyalə xanıma kömək etmişəm. qalan şikayətçiləri tanımıram. Özümü qismən təqsirli bilirəm".

Bu zaman zərərçəkənlərdən biri "Yalan danışır. Bəs onda mənim qaşımı kim kəsib?"-deyə irad bildirib.

Növbəti proses 21 iyul 09:45-ə təyin olunub.

Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.

Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar