Müğənni Yeganə toya hazırlaşır
17 iyul 2009 22:00 (UTC +04:00)

Müğənni Yeganə toya hazırlaşır

Bəyin kimliyi toy günü məlum olacaq

Türkiyədə yaşayan və qardaş ölkənin şou-biznesində maraqlı, yaddaqalan layihələrə imza atan və hər çıxışında Azərbaycanı təmsil etdiyini deməyi unutmayan Yeganə Bakıdadır.


Lent.az-ın məlumatına görə, bir neçə günlük Vətəninə gələn Yeganə elə yenilikləri ilə bağlı yerli media mənsublarını da məlumatlandırmağı unutmayıb. Müğənni Türkiyədə yeni klipinin də artıq nümayişinə başlandığını deyib. Bu klip isə Yeganənin türkiyəli həmkarı Doğuşla birgə ifa etdiyi, elə sözü və musiqisi də Doğuşa məxsus olan “Her kesemi evet” mahnısına çəkilib. Klipdə də azərbaycanlı müğənninin tərəfmüqabili Doğuşun özüdür.


Kliplə bağlı ətraflı məlumat verən Yeganə deyib ki, bu klipdə onun tərəfmüqabili olmaq təklifi də məhz Doğuş tərəfindən gəlib. Doğuşla işbirliyinin çox uğurlu olduğunu xüsusi vurğulayan Yeganə sözügedən həmkarı ilə gələcək əməkdaşlığının olacağını da istisna etməyib. Klip çəkilişlərindən sonra isə Yeganə və Doğuş birgə Almaniyanın Frankfurt və Köln şəhərlərində də konsert proqramı ilə çıxış ediblər.


Almaniya səfərindən sonra isə sənətçi az da olsa istirahət etmək məqsədi ilə bir neçə günlük Vətənə gəlib: “Bütün yorğunluğumu ancaq öz Vətənimdə atıram. Başqa məkanda istirahət edə bilmirəm. Burada ailəmlə birgə bir neçə gün keçirmək mənim üçün hər bir istirahətdən daha üstündür”.


Onu da öyrəndik ki, uğurla Azərbaycanı hər çıxışında təmsil edən Yeganə bu həftə sonu yenidən Türkiyəyə qayıdacaq. Belə tez geri qayıtmasının səbəbi isə Yeganənin yaradıcılıq yenilikləri ilə bağlıdır. Belə ki, artıq bir müddətdir ki, danışıqları gedən televiziya layihəsi məhz bu ərəfədə həll olunacaq. Yaxın vaxtlarda Yeganənin Türkiyənin hansı televiziyasında aparıcılıq edəcəyi məlum olacaq.


Xatırladaq ki, müğənni sözügedən layihə ilə bağlı Türkiyənin bir neçə televiziyasından dəvət alıb, ancaq hazırda seçim aparır. Sentyabrda ad gününü qeyd edəcək Yeganə doğum gününü Türkiyədə keçirəcəyini etiraf edib. Bunun səbəbi isə həmin ərəfədə onun işinin çoxluğudur. Sənətçi elə doğum günü ərəfəsində yeni, üçüncü albomunun hazırlıqlarına başlamağı qarşısına məqsəd qoyub. Bu qədər işin arasında müğənni şəxsi həyatında da yenilik edəcək.


Müqəddəs Ramazan ayından sonra Yeganə, bir müddət əvvəl elə bizlərin qarşısında söz verdiyi kimi toy edəcək. Sənətçi bu ilin oktyabrında ailə həyatı quracaq. Sənətçi həm Azərbaycan, həm də Türkiyədəki dostları üçün hər iki ölkədə toy etməyi düşünür. Uzun müddətdir ki, Yeganənin sevib-seçdiyi gələcək həyat yoldaşının axtarışına çıxsaq da, səylərimiz boşa getdi. Bəyin kimliyini açıqlamayan Yeganə gələcək həyat yoldaşının kim olduğunu ilk dəfə olaraq, məhz toya təşrif buyuracaq qonaqların görəcəyini deyib. Həmin qonaqlar sırasında isə toya dəvət olunacaq yerli media mənsubları da olacaq.
Gələn aydan isə Yeganə artıq toy tədarükünə başlamaq fikrindədir.
# 671

Oxşar yazılar