Prezervativlərlə zibillənmiş festival – REPORTAJ
21 iyul 2009 16:00 (UTC +04:00)

Prezervativlərlə zibillənmiş festival – REPORTAJ

Dünya rok ulduzlarının iştirak etdiyi “ROCKN COKE-2009”-dan özəl görüntülər

“Coca-Cola” Türkiyənin İstanbul şəhərində növbəti rok festivalını “ROCKN COKE-2009”u keçirdi.“Coca-Cola”nın təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist 17-19 iyul tarixlərində keçirilən “ROCKN COKE”u işıqlandırmaq üçün İstanbula gedib. Azərbaycanlı qrupun arasında Lent.az-ın əməkdaşı da olub.

Linkin Park, Nine İnch Nails, The Prodigy...

Qısa arayış verərək bildirim ki, “ROCKN COKE” ilk dəfə 7 il əvvəl keçirilib. “ROCKN COKE-2009” sayca 6-cı belə tədbir idi. Belə ki, keçən il keçirilməli olan “ROCKN COKE” gerçəkləşməyib. Buna səbəb dünya rok ulduzlarının İstanbula eyni vaxtda yığışmasında problem olmasıdır. Bəli-bəli, dünya rok ulduzları, qruplar: Linkin Park, Nine İnch Nails, The Prodigy...


Rok ulduzları onları müşayiət edənlərlə birlikdə 500 nəfər təşkil edirdi. Məsələ burasındadır ki, İstanbuldakı “ROCKN COKE”-larda bir qayda olaraq, yerli ifaçılarla yanaşı, dünyanın ən öndə olan rok ifaçıları yığışır. Özü də hər il Türkiyənin ən böyük açıq musiqi konsertini düzənləmək üçün “Coca Cola” milyonlarla dollar xərcləyir. Bəs görəsən, şirkətin bu qədər para sərf etməsinin səbəbi nədir? Mən bu sualı təşkilatçıların nümayəndəsi – “Coca Cola”nın Gənclərə yönəlik şöbəsinin müdiri Onur Dedeköylüyə də verdim. Dedeköylü musiqinin Türkiyə üçün çox önəmli olduğunu, 20 türk gəncindən 19-nun musiqi dinlədiyini deyir.

Onun sözlərinə görə, bu ölkədə musiqiyə bu qədər önəm verilməsinə və Türkiyədə bu cür ənənəvi festivalların keçirilmədiyini nəzərə alan “Coca Cola” ildə bir dəfə “ROCKN COKE” düzənləmək qərarına gəlib: “Türkiyədə festival ənənəsi olmadığından ildə bir dəfə rok festivalı keçirməyə başladıq. Biz bunu insanlara dəstək vermək üçün edirik”.


Ancaq əslində bu fikirlərlə tam razılaşmaq olmur. Gerçəkdə “Coca Cola” festivalı özünün reklamı üçün keçirir. Məsələ burasındadır ki, festivala 40 min insan qatıldı, milyonlarla tamaşaçı isə bu tədbirdən görüntüləri izləyir. Bu zaman onlar istədi-istəmədi “Coca Cola”nın reklamını görür. Onur Dedeköylü festivala xərclənən pulun məbləğini açıqlamasa da, bu tədbirin qazanclı olmadığını söylədi.


Maraqlı ola biləcəyini nəzərə alaraq, festivala giriş üçün biletlərin qiymətlərini də yazıram. Beləliklə, mayın 25-dən iyulun 17-dək bir günlük bileti 75 lirəyə (təxminən 38 manat), 3 günlük bileti isə 130 lirəyə almaq olardı. Konsertin keçirildiyi məkanın giriş qapısında isə bir günlük bilet 90, 3 günlük isə 150 lirəyə idi. Bundan başqa, festivalın keçirildiyi “İstanbul Park”-da müxtəlif alış-veriş mərkəzləri, kiçik kafelər, internet-kafe, əyləncə və digər müxtəlif xidmət yerləri də var idi ki, bunlar da əlavə qazanc gətirirdi.

Yəni, insanların festival müddətində bir neçə milyon dollar xərclədi. Ancaq buna baxmayaraq, “Coca Cola”nın nümayəndəsinin də dediyi kimi, gəlir çəkilən xərci ödəmədi.


İri rəqəmlər...

Yeri gəlmişkən, festival “İstanbul Park”ın 80 min kvadratmetrlik nəhəng ərazisində keçirilirdi. “İstanbul Park”da festivalın keçirilmə vəziyyətinə gətirilməsi üçün ay yarım müddətində 150 nəfər işləyib. “İstanbul Park”da biri əsas səhnə və biri “Coca-Cola-Zero” səhnəsi olmaqla bir neçə səhnə vardı. Festival müddətində insanların ixtiyarına 165 mobil tualet və 24 ədəd əlüzyuyan verilmişdi. Konsertə gələnlərin təhlükəsizliyini qorumaq üçün 1000 nəfər rəsmi və özəl qurumların əməkdaşları cəlb olunmuşdu. 100 nəfərlik tibbi heyət isə festival iştirakçılarının sağlamlığına cavabdehlik daşıyırdı. Ümumilikdə isə “ROCKN COKE-2009”-un keçirildiyi müddətdə 8 min nəfər çalışırdı.


Yüzlərlə qoruyucu...


Türkiyədə roku sevirlər. Əlbəttə, hamı yox. Ancaq rok həvəskarları arasında gənclərlə yanaşı, yaşlılar da var. Baxmayaraq ki, festivala gələnlər arasında yaşlı nəslin nümayəndələrinə çox az rast gəlmək olurdu. Gənclər isə... Bu kompleks kəslərin əsl rok həvəskarı olduğunu müəyyənləşdirmək qəti çətin deyildi: köynəksiz oğlanların çoxu “şortik”də, qızların isə əksəriyyəti çimərlik paltarındaydı. Onlar heç kimə fikir vermədən rəqs edir, sevişir və başqa istəklərini yerinə yetirirdi. Konsertə gələn 40 min nəfərin təxminən 39 minini gənclər təşkil edirdi. Onların böyük əksəriyyəti cütlüklərdən ibarət idi. Həmin cütlüklərin bir qismi özləri ilə gətirdikləri çadırlarını konsert keçirilən yerin yaxınlığındakı boş sahədə qurmuşdu. Burada yüzlərlə belə çadır vardı.

Haşiyə: Hələ festivaldan əvvəl həmkarlarımdan biri ilə İstanbulda gəzərkən bitkidən hazırlanan məhsulların satıldığı dükanda bir oğlanla tanış olduq. Azərbaycanlı müğənni Röyanın mahnılarının həvəskarı olan satıcı “ROCKN COKE” festivalı ilə bağlı maraqlı bir məlumat verdi: “Mənim dostum 2007-ci ildə keçirilən festival zamanı tamaşaçılara xidmət göstərənlərdin idi. O, festival bitəndən sonra ərazini yığışdırarkən yüzlərlə qoruyucuya (prezervativ) rast gəlmişdi. Onların sayı o qədər çox olub ki, dostum həmin hadisədən sonra iyrənərək heç vaxt qoruyuculardan istifadə etmədi...”

Pərvin ABBASOV

(Bakı-İstanbul-Bakı)
# 790

Oxşar yazılar