Xalq artisti Aygün Kazımova yeni layihəsi ilə yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.
Lent.az xəbər verir ki, sənətçi bu dəfə fərqli istiqamət seçərək rep janrında ifa etdiyi “Məclis” adlı mahnısını təqdim edib.
Mahnıya çəkilən klip genişmiqyaslı çəkilişlərlə ərsəyə gəlib. Musiqisi və sözləri Abbas İsmayılov (Asoundady), ekran işi rejissor Delee Oruclu tərəfindən hazırlanan layihənin çəkilişləri Bakı Dövlət Sirki və xüsusi olaraq ölkəyə gətirilmiş sirk pavilyonunda aparılıb. Klipdə həm yerli, həm də xarici sirk ustaları – akrobatlar, kaskadyorlar, jonglyorlar və rəqqaslar yer alıb.
Vizual olaraq yüksək enerji və rəngarəngliklə seçilən layihədə Aygün Kazımova beş fərqli obrazda çıxış edib. Ən riskli səhnələrdən birində isə sənətçi sirk halqasından hündürlükdə asılı vəziyyətdə görüntülənib. Layihənin kreativ heyətində Günəş Nur, Tolgahan Karataş və Rüfət İsmayıl yer alıb.
“Məclis” qısa zamanda rəqəmsal platformalarda maraq doğuraraq “Apple Music”də “Breaking Turkish Rap” pleylistinə daxil edilib.