TƏBİB tarixi missiyasını yerinə yetirdi  - Azərbaycan səhiyyəsində yeni dövr başlayır
19 oktyabr 2026 15:51 (UTC +04:00)

TƏBİB tarixi missiyasını yerinə yetirdi - Azərbaycan səhiyyəsində yeni dövr başlayır

0

Azərbaycanda səhiyyə sisteminin idarə olunmasında yeni mərhələ başlayır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı Fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Bu qərar yalnız inzibati struktur dəyişikliyi deyil, ölkədə uzun illər davam edən səhiyyə islahatlarının növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Prezidentin yeni Fərmanı TƏBİB-in ləğvini deyil, ayrıca publik hüquqi şəxs kimi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyətini nəzərdə tutur.

TƏBİB niyə yaradılmışdı?

2018-ci il dekabrın 20-də TƏBİB-in yaradılması Azərbaycanın səhiyyə sistemində mühüm institusional dəyişiklik idi.

Həmin dövrdə ölkə icbari tibbi sığortanın mərhələli tətbiqinə hazırlaşırdı. Mövcud idarəetmə modelinin yeni maliyyələşmə və tibbi xidmət mexanizmlərinə uyğunlaşdırılması zərurəti yaranmışdı.

İcbari tibbi sığorta yalnız vətəndaşların müalicə xərclərinin qarşılanması demək deyildi. Bu sistem xəstəxanaların idarə olunmasından tutmuş tibbi xidmətlərin qiymətləndirilməsinə, maliyyə axınlarının tənzimlənməsindən xidmət keyfiyyətinə nəzarətədək genişmiqyaslı dəyişikliklər tələb edirdi.

Məhz belə bir şəraitdə TƏBİB-in yaradılması keçid dövrünün tələblərinə cavab verən institusional həll idi.

Yeni qurumun əsas vəzifələrindən biri dövlət tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaq, tibbi xidmətlərin təşkilini təkmilləşdirmək və xəstəxanaların idarə olunmasında yeni yanaşmalar tətbiq etmək idi.

Bu baxımdan TƏBİB-in yaradılması mövcud sistemə alternativ qurum formalaşdırmaqdan daha çox, böyük islahatın praktik icrasını təmin etmək məqsədi daşıyırdı.

Keçid dövrünün missiyası yerinə yetirilibmi?

Bu gün Azərbaycan səhiyyəsi 2018-ci ildəki vəziyyətdən fərqli mərhələdədir. İcbari tibbi sığorta ölkə miqyasında tətbiq olunub, dövlət xəstəxanalarının əhəmiyyətli hissəsi yeni maliyyələşmə və idarəetmə mexanizmlərinə uyğunlaşdırılıb.

TƏBİB-in fəaliyyəti dövründə tibb müəssisələrinin idarə olunması, xidmətlərin təşkili, infrastrukturun yenilənməsi və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.

Əlbəttə, səhiyyə sistemində bütün problemlərin həll olunduğunu söyləmək mümkün deyil. Tibbi xidmətlərin keyfiyyəti, regionlarda kadr təminatı, xəstə məmnunluğu və idarəetmənin səmərəliliyi kimi məsələlər hələ də diqqət tələb edir.

Onun fəaliyyətini yarandığı dövrün məqsədləri və qarşısına qoyulan vəzifələr əsasında dəyərləndirmək daha obyektiv yanaşmadır.

Bu mənada TƏBİB-in tarixi missiyasının mühüm hissəsinin icra olunduğunu, səhiyyə sisteminin isə növbəti idarəetmə mərhələsinə keçdiyini söyləmək olar.

Niyə indi vahid idarəetməyə ehtiyac yaranıb?

Səhiyyə sistemində islahatların ilkin mərhələsində müxtəlif qurumlar arasında funksiyaların bölüşdürülməsi məqsədəuyğun ola bilər. Bu yanaşma yeni mexanizmlərin tətbiqini sürətləndirməyə, konkret vəzifələr üzrə ixtisaslaşmış idarəetmə yaratmağa imkan verir.

Lakin islahatlar dərinləşdikcə və sistem sabitləşdikcə həmin modelin yenidən nəzərdən keçirilməsinə ehtiyac yarana bilər.

Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumlar arasında səlahiyyətlərin bölüşdürülməsi müəyyən mərhələdə funksional əhəmiyyət daşısa da, uzunmüddətli perspektivdə idarəetmənin daha sıx əlaqələndirilməsi zərurəti meydana çıxır.

Məsələn, dövlət xəstəxanalarının idarə olunması, tibbi xidmətlərin keyfiyyətinə nəzarət, kadr siyasəti, strateji planlaşdırma və infrastrukturun inkişafı vahid yanaşma tələb edən istiqamətlərdir.

Yeni modelin əsas üstünlüyü də məhz burada ola bilər: səhiyyə siyasətini müəyyən edən qurumla həmin siyasətin icrasında iştirak edən əsas qurum arasında daha birbaşa idarəetmə əlaqəsi formalaşır.

Bu yanaşma qərarların qəbulunu sürətləndirə, paralel idarəetmə mexanizmlərini azalda və dövlət resurslarından istifadənin səmərəliliyini artıra bilər.

Ekspertlər də vahid idarəetmə modelini dəstəkləyiblər

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsi hələ Prezidentin müvafiq Fərmanından əvvəl də müzakirə olunurdu.

Tibb elmləri doktoru, professor Adil Qeybulla 2026-cı ilin aprelində verdiyi açıqlamada TƏBİB və Səhiyyə Nazirliyinin bəzi funksiyalarının oxşarlığına diqqət çəkərək, onların vahid idarəetmə çərçivəsində fəaliyyətinin məqsədəuyğun olacağını bildirmişdi.

Professor vurğulamışdı ki, səhiyyə sisteminin ayrı-ayrı strukturlara bölünməsi idarəetmənin effektivliyini azalda bilər. Onun fikrincə, TƏBİB-in yaradılması icbari tibbi sığortanın tətbiqi dövrünün tələblərindən irəli gəlirdi. Artıq həmin sistem tətbiq olunduğundan idarəetmənin yenidən təşkilinə ehtiyac yaranıb. 

Yeni mərhələ səhiyyəyə nə qazandıra bilər?

Prezidentin Fərmanına əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Səhiyyə Nazirliyi tərəfindən təyin edilən sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Nazirlər Kabinetinə üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi və TƏBİB-in yeni nizamnaməsinin hazırlanması ilə bağlı təkliflər təqdim etmək tapşırılıb.

Bu dəyişikliklərin nəticəsində səhiyyə sahəsində strateji planlaşdırma ilə gündəlik idarəetmə arasında əlaqələrin gücləndirilməsi, tibb müəssisələrinin fəaliyyətinə nəzarətin daha sistemli təşkili və vahid kadr siyasətinin formalaşdırılması üçün yeni imkanlar yaradır.

Xüsusilə regionlarda tibbi xidmətlərin təşkili, xəstəxanalar arasında koordinasiya, tibbi avadanlıqların bölüşdürülməsi və kadr çatışmazlığının aradan qaldırılması baxımından mərkəzləşdirilmiş idarəetmənin üstünlükləri danılmazdır.

Bununla belə, yeni modelin uğuru yalnız struktur dəyişikliyindən asılı olmayacaq. Səlahiyyətlərin dəqiq bölüşdürülməsi, qərarların şəffaflığı, maliyyə intizamı və tibb müəssisələrinin operativ fəaliyyət imkanlarının qorunması da mühüm əhəmiyyət daşıyacaq.

Ən vacib məqam isə odur ki, vətəndaş bu dəyişikliyi gündəlik həyatında hiss etsin.

Xəstəxanalarda növbələrin azalması, müayinələrin əlçatanlığı, həkim xidmətlərinin keyfiyyəti və pasiyent məmnunluğu yeni idarəetmə modelinin səmərəliliyini müəyyən edən əsas göstəricilər olacaq.

Yeni qərar əvvəlki islahatın inkarı deyil

Dövlət idarəçiliyində hər bir strukturun effektivliyi onun hansı tarixi mərhələdə və hansı məqsədlə yaradılması ilə bağlıdır.

2018-ci ildə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin təşkilati əsaslarını formalaşdırmaq baxımından əhəmiyyətli qərar idi. 2026-cı ildə qurumun Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi isə həmin islahatların davamı olaraq daha inteqrasiya olunmuş idarəetmə modelinə keçid məqsədi daşıyır.

Başqa sözlə, birinci mərhələdə yeni sistemi qurmaq, ikinci mərhələdə isə qurulmuş sistemi daha səmərəli idarə etmək prioritetə çevrilir.

Səhiyyə sistemində islahatların son məqsədi qurumların sayını artırmaq və ya azaltmaq deyil, vətəndaşlara daha keyfiyyətli, əlçatan və etibarlı tibbi xidmət göstərilməsini təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar