Əvvəllər Ukraynanı dəstəkləyən Hollivud aktyoru Jan-Klod Van Damm, Putinlə "dostluğu" barədə verdiyi bəyanatdan sonra qalmaqalın mərkəzinə düşüb.
Bu yaxınlarda aktyor Honq-Konqda özünün şəxsi rəsm sərgisinin açılışında iştirak edib.
Lent.az xəbər verir ki, orada mediaya müsahibə verən aktyor gözlənilmədən Rusiya prezidentini xatırlayıb. Onun sözləri təəccüb doğurub, çünki Van Damm əvvəllər Ukraynanı açıq şəkildə dəstəkləyirdi. Xüsusilə, o, 2022-ci ildə Ukraynaya səfər edərək ukraynalılarla həmrəy olduğunu nümayiş etdirmişdi. İndi isə aktyorun ritorikası kifayət qədər ziddiyyətli görünür.
Van Damm "yaxın dostu" Rusiya prezidenti Vladimir Putindən sitat gətirərək bildirib ki, prezident onun beynəlxalq şöhrətini "əməllərin sözlərdən daha yüksək səslənməsi" ilə izah edib. Aktyorun sözlərinə görə, bu sitat "hələ Ukraynadakı müharibə başlamazdan və Amerika, Rusiya və Çin arasındakı münaqişə yaranmazdan əvvəl" səslənib.
Bu, aktyorun Kremlə rəğbətini nümayiş etdirdiyi ilk hal deyil. Daha əvvəl o, qaçaq keçmiş xalq deputatı Aleksandr Onişenko ilə birlikdə video müraciət yazmışdı. Həmin videoda Van Damm birbaşa Putinə müraciət edərək, hətta Rusiyaya gəlmək istədiyini bildirmişdi.
O, həmçinin Soçidəki idman tədbiri zamanı baş tutan görüşlərini olduqca dostyana tonda xatırlamışdı. Bu bəyanatlar aktyorun əvvəlki ictimai jestləri ilə kəskin ziddiyyət təşkil edir. Şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu çıxışlar onun mövqeyinin ardıcıllığını şübhə altına qoyub. Çünki genişmiqyaslı işğalın başlaması ilə Van Damm Ukraynaya baş çəkmiş və Ukrayna xalqına dəstək vermişdi.