Bloqqer, musiqiçi Nurlan Quluzadə ilə müsahibə
28 mart 2023 17:04 (UTC +04:00)

Bloqqer, musiqiçi Nurlan Quluzadə ilə müsahibə

“Sənəti toyxanaya çevirənləri yox edəcəm” - “TikTok”da səs salan müğənni Lent.az-a danışdı

Lent.az bloqqer, musiqiçi Nurlan Quluzadə ilə müsahibəni təqdim edir.

-    Nurlan, qarşıma sosial şəbəkə paylaşımlarınızla çıxmısınız. Özünüzü necə təqdim edərdiniz? Musiqiçi, bloqqer yoxsa hər ikisi?
-    Əslən ağdamlıyam. Tərtərdə məcburi köçkün ailəsində doğulmuşam. Musiqi ilə tanışlığım ilk dəfə üç yaşımda olub. İlk oxuduğum ifalar segah üzərində təsniflər olub. Dörd yaşımda segah muğamı oxumuşam. Dayım və babam musiqiçi olublar. İlk dəfə dayım məni kəşf etdi və təkid etdi ki, musiqi təhsili alım. Ondan sonra Tərtərdə bir il musiqi məktəbində oxudum. 2009-cu ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndəlik ixtisası üzrə təhsil almışam. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin pop və caz müğənniliyi ixtisasında təhsil alıram. Həm musiqiçi, həm bloqqerəm. İçimdən nə gəlirsə, onu ifa edib insanlara təqdim edirəm.

-    Muğam, daha sonra pop və caz... Dəyişikliyi sevirsiniz, deyəsən?
-    Görürəm ki, məndə alınır. Müxtəlif janrlarda – R&B, caz, solo və s. oxuyuram. Hər janrın özünəməxsus təbi var. Elə günlər olur ki, yuxudan oyanıb, ancaq muğam oxuyuram. Elə saat olur ki, ancaq caz ifalar səsləndirirəm. Xarici dildə bilmirəm. Sadəcə tələffüzüm, ləhcəm çox yaxşı səslənir. Hamı da elə bilir ki, xarici dildə əla bilirəm (gülür).

-    Maraqlıdır, səhv etmirəmsə, 2008-ci ildə “Bu şəhərdə”nin konsertində səhnəyə çıxmışdınız. Xalq mahnısı, muğam oxumuşdunuz. O anları necə xatırlayırsınız?
-    Tərtərdə yaşayan 11 yaşlı bir uşaq üçün Heydər Əliyev Sarayının səhnəsində çıxış etmək çox böyük bir hadisə idi. İlk çıxış etdiyim səhnə idi. Üç gün ard-arda iki min nəfərin qarşısında çıxış etdim. Çox həyəcanlı idim. Ancaq sonra öyrəşdim.

-    Səsinizdə bir tərəfdən kədər, digər tərəfdən yumşaq bir ahəng hiss edirəm. Nurlanın yaşadığı çətinliklərdən irəli gəlir, yoxsa necə?
-    Ailəmi erkən yaşlarda itirmişəm. 4 yaşımda atam, 9 yaşımda isə anam bədbəxt hadisə nəticəsində dünyalarını dəyişiblər. Tələbə yataqxanasında yaşayıram. Bir müddət Provaslav Kilsəsinin xorunda işləmişəm. Hazırda qazancım çox aşağıdır. Yəni məni qane etmir. Bəzi həmkarlarım deyirlər ki, filan sahədə pul var, filan yerə girmək lazımdır və s. Amma onların qarşısında ən böyük nümunə mənəm. Yəni mən acından ölmürəmsə, siz də ölməzsiniz. Sizin dəstəyiniz də, şəraitiniz də var. Ağır günlər, çətinliklər keçirmişəm. O günləri yaşamışam. Maddiyata görə bayağılaşmaq istəmirəm. Qarşıma missiya qoymuşam ki, sənəti toyxanaya çevirmək düşüncəsini yox edəcəyəm. 

-    Bəs sizi tənqid edənlərə necə reaksiya verirsiniz?
-    Ən çox ironiya məqsədilə çəkdiyim videolara tənqidlər gəlir. Məsələn, həmin videolarım “Alimlərimizdən kimi tanıyırsınız?” sualına “Alim Qasımov” deyənlərə, Qara Qarayevi sadəcə metro stansiya kimi tanıyanlara aiddir. Minlərlə, milyonlarla baxış yığan bu tip videolarım var. Üzeyir Hacıbəylini dahi bəstəkar kimi tanıyan cəmiyyətdə “Ata segahı”, “Ana muğamı” ifadələri mövcuddur. Yox bir, “Bibi təsnifi” (gülür). Bu anlayışların elmi izahı da yoxdur axı. Bunları hansı musiqiçi uydurub? İzahı belə ola bilər ki, ata haqqında qəzəl üzərində segah oxunur. Buna “Ata segahı” deyirlər. Əslində belədir. Çalışacağam ki, bu boşluqları doldurum. İroniyamı, sarkazmımı və ya yumorumu anlayanlar məni dəstəkləyir. Onları görəndə tənqid edənlər heç yada da düşmür. 

-    Artist nəyə deyirsiniz? Ümumiyyətlə, özünüzü artist hesab edirsinizmi?
-    Artist qəlibləşmədən fəaliyyət göstərən birinə deyirəm. Məsələn, Maykl Cekson. Artist deyəndə gözümün önünə o gəlir. İstər müğənniliyi, istər xoreoqrafiyası, istər aktyorluq bacarığı, istərsə də kliplərindəki obrazları – hamısını özündə birləşdirirdi. Məsələn, xanəndəyəmsə, o demək deyil ki, yumoristik paylaşım etməməliyəm, ancaq kostyumda, ciddi vəziyyətdə dayanıb oxumalıyam və s. Əsas odur ki, kütləni arxanca aparasan, öz işlərinlə irəliyə gedəsən. 

-    Xalq artisti Brilliant Dadaşova deyib ki, indi muğamı mərsiyə kimi oxuyurlar və bu da təhsilin olmamasından irəli gəlir. Siz bu barədə nə düşünürsünüz?
-    Muğamın kökü qədimlərə gedib çıxır. Ümumi götürsək, muğam ruhanilərdən gələn, sərhədsiz bir musiqidir. Onu qəlibləşdirmək olmaz. Yəni istənilən qədər improvizələr oluna bilər. Söhbət bayağılaşdırmaqdan gedirsə, muğamı elə sözlərlə oxuyanlar var ki, məqsədin cibə girmək olduğu anlaşılır. Muğam “məqam” və ruha toxunmaq deməkdirsə, bayağı sözlərlə necə ruha toxuna bilərsən? Qeyri-mümkündür. Fikrimcə, Azərbaycanda muğamı əsl muğam kimi oxuyan və duyan insan Alim Qasımovdur. 

-    Necə oldu ki, xarici bir mahnı ilə milli mahnımızı birləşdirmək qərarına gəldiniz? Məsələn, “Bülbül” və “Say something I`m giving up on you” mahnılarını birləşdirmək ideyası necə yarandı?
-    Bunlar kover deyil. İnsanlar elə bilir ki, mahnını tərcümə edib oxuyuram. Amma mənə eyni ladda olan mahnıları birləşdirmək ideyası gəlir. Məsələn, “Bülbül” mahnısını bilənlər “Say something I`m giving up on you” mahnısını tanımır. Maraqlıdır ki, video tipik toyxana ab-havası yaradıram deyə, insanlar bunu rahat qəbul edə bilir. Videonu hazırlayıb paylaşandan sonra xeyli sayda tərif gəldi. Tənqid edənlər isə özlərini videoda görüb əsəbiləşirlər. Mən də onları o cür qəbul edib vecimə də almıram. 
 

# 5937
avatar

Nigar Namiq

Oxşar yazılar