ABŞ-da yaşayan 9 yaşlı Anderson Teylor dünyanın ən gənc muzey kuratoru kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hekayə 2022-ci ildə ailəsinin Şotlandiyaya səfəri zamanı başlayıb. Anderson Skay adasında yerləşən dinozavr muzeyini ziyarət etdikdən sonra doğma şəhərində də buna bənzər muzey yaratmaq qərarına gəlib. ABŞ-yə qayıtdıqdan sonra o, ideyasını şəhər şurasının iclaslarında sakinlərə təqdim edib. Məktəblinin həvəsi yerli ictimaiyyətin də diqqətini çəkib və layihəyə geniş dəstək verilib. Şəhər rəhbərliyi əvvəlki yanğınsöndürmə hissəsi və klub kimi istifadə olunan binanı muzey üçün ayırıb. Yerli sakinlər ekspozisiya vitrinləri və müxtəlif eksponatlar bağışlayıblar. Layihə üçün ümumilikdə 20 min dollara yaxın maliyyə dəstəyi toplanıb. Nəticədə 2024-cü ildə Cambridge Natural History Museum adlı təbiət tarixi muzeyi fəaliyyətə başlayıb. Muzey 10 avqust tarixində rəsmi açılıb. Həmin gün Andersonun 9 yaşı 340 günü tamam olmuşdu və məhz bu yaşla o, dünyanın ən gənc muzey kuratoru kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Muzeydə fosillər, minerallar, qiymətli daşlar və preparat halına salınmış heyvan nümunələri nümayiş etdirilir. Muzeyi yalnız əvvəlcədən qeydiyyatdan keçməklə ziyarət etmək mümkündür. Ekskursiyaları isə şəxsən Anderson özü aparır və ziyarətçilərlə topladığı bilikləri bölüşür. Hazırda 11 yaşı olan Anderson gələcəkdə paleontoloq olmağı arzulayır. O, muzey kolleksiyasını özünün tapacağı dinozavr qalıqları və digər fosillərlə daha da zənginləşdirmək istəyir.