Avstriya Hitlerin doğulduğu evi neonasistlər üçün tələyə çevirdi
24 iyul 2026 13:49 (UTC +04:00)

Avstriya Hitlerin doğulduğu evi neonasistlər üçün tələyə çevirdi

0

1889-cu ildə Adolf Hitlerin dünyaya gəldiyi evdə rəsmi olaraq polis bölməsi fəaliyyətə başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya hakimiyyəti bununla binaya gələn neonasist tərəfdarlarının qarşısını almağı və tikilinin onlar üçün simvolik əhəmiyyətini aradan qaldırmağı hədəfləyir. Söhbət Avstriyanın Almaniya sərhədi yaxınlığında yerləşən Braunau-am-İnn şəhərindəki evdən gedir. Bina uzun illər şəxsi mülkiyyətdə olub, son dövrlərə qədər isə burada əlilliyi olan şəxslərə dəstək göstərən xeyriyyə təşkilatı fəaliyyət göstərib. 2017-ci ildə Avstriya dövləti evi məcburi qaydada satın alıb, iki il sonra isə onun polis bölməsinə çevriləcəyini elan edib. Yenidənqurma işlərinə 2023-cü ildə başlanılıb. Yenidənqurmadan əvvəl binanın tarixi əhəmiyyətini yalnız yaxınlığında yerləşdirilmiş, keçmiş Mauthauzen konslagerindən gətirilmiş daş xatırladırdı. Daşın üzərində "Bir daha faşizmə yox" sözləri həkk olunub. Hazırda isə binanın fasadında sadəcə "Polis" lövhəsi yerləşdirilib. Avstriyanın Daxili İşlər Nazirliyinin tarix şöbəsinin rəhbəri Ştefan Mlytsox bildirib ki, layihənin əsas məqsədi bu məkanla bağlı təsəvvürü dəyişməkdir. Onun sözlərinə görə, məqsəd binanın Adolf Hitlerlə əlaqələndirilməsinin qarşısını almaq və onun ətrafında formalaşmış mistik simvolu aradan qaldırmaqdır. Məlumata görə, Hitler doğulduqdan sonra bu evdə cəmi bir neçə həftə yaşayıb və ailəsi daha sonra başqa yerə köçüb. Buna baxmayaraq, bina uzun illər neonasist baxışlarını bölüşən şəxslərin ziyarət etdiyi məkanlardan biri olub. Yerli hakimiyyət bildirir ki, hazırda belə halların sayı xeyli azalıb və yalnız tək-tək hallarda müşahidə edilir.

Braunau-am-İnn şəhərinin meri Yohannes Vaydbaxer bildirib ki, əvvəlcə binanın yenidən xeyriyyə təşkilatına verilməsi və ya inzibati məqsədlərlə istifadəsi müzakirə olunub. Lakin xeyriyyə təşkilatının geri qaytarılması ideyasından imtina edilib. Çünki bu halda bina geniş ictimaiyyət üçün daha açıq olacaqdı. Mer qeyd edib ki, şəhər sakinlərinin əksəriyyəti qəbul edilən qərarla barışıblar. Bununla belə, hakimiyyətin qərarı birmənalı qarşılanmayıb. Mauthauzen Memorial Komitəsi hesab edir ki, belə tarixi binanın polis bölməsinə çevrilməsi uğurlu seçim deyil. Təşkilatın nümayəndəsi Robert Ayterin fikrincə, burada nasist rejiminin törətdiyi cinayətlər daha aydın şəkildə nümayiş etdirilməli idi. Onun sözlərinə görə, dünya tarixin ən böyük kütləvi qatillərindən birinin harada doğulduğunu unutmayacaq və bunu heç bir dəyişiklik gizlədə bilməz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar