Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDI
01 iyul 2022 19:55 (UTC +04:00)

Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDI

Yaponiyada baş vermiş "Sankebetsu" adlı hadisəni bir çoxları eşidib. Tarixin ən dəhşətli ayı hücumlarından biri olan bu faciə çox sayda insan ölümünə səbəb olub. 

Lent.az  həmin faciəvi hadisənin qısa məzmununu təqdim edir:

1915-ci il dekabr ayının 9-u Yaponiyada boz bir ayı qış yuxusundan erkən oyanaraq bir neçə evə hücum edib. Ayının seçdiyi ilk ev İkeda ailəsinin olub. Ayı əvvəlcə evdəki qarğıdalıları götürərək oradan uzaqlaşıb. Təhlükənin keçdiyini düşünən ailə sakitləşsə də, bir müddət sonra ayı yenidən geri qayıdıb. Bu dəfə İkeda ailəsi çox narahat olub və tədbir görmək istəyiblər. Amma ayı təəssüf ki, bu dəfə də qaçıb. 

Bir neçə gün sonra ailə üzvləri yenidən peyda olan ayının arxası ilə gedib onu tüfənglə vurublar. Yolboyu qan ləkələri görən ailə onun öldüyünü düşünüb və bir daha onu görməyiblər.

Daha sonra həmin gün boz ayı başqa bir evə hücum edib. Ayının budəfəki qurbanı Ota ailəsi olub. Hücum zamanı Mayu adlı qadın və onun körpəsi Mikio içərdə olub. Ayı əvvəlcə körpənin başını dişləyərək onu öldürüb. Anası uşağın öldüyünü görəndən sonra qaçmağa cəhd edib. Amma ayı onu da tutaraq meşəyə aparıb. Həmin gün Ota ailəsinin evi qan gölünə çevrilmişdi. Mayudan xəbər yox idi. Onu tapmaq üçün dərhal 30 nəfərdən ibarət axtarış qrupu yaradılıb. Onlar meşədə ayı ilə qarşılaşıblar və ona 5 dəfə atəş açıblar. Onlardan ancaq biri ayıya dəyib. Ancaq bu da onu dayandırmayıb və qaça bilib. 

Ayı qaçandan sonra axtarış qrupu Mayunun meyitini tapıb. Mayudan geriyə yalnız başı və ayaqlarının bir hissəsi qalıbmış...

Bir neçə gün keçəndən sonra boz ayı bu dəfə Miyoke ailəsinin evinə basqın edib. Yayo adlı qadın mətbəxdə axşam yeməyini hazırlayarkən səs-küy eşidib. Pəncərədən qəfil içəri girən ayı Yayo və onun kiçik oğluna hücum çəkib. Hadisə yerinə gələn polis onların öldüyünü düşünsə də, Yayonun yaralandığını görüblər. Ancaq onun oğlu Yujironu xilas etmək mümkün olmayıb. 

Bundan sonra Hokkaydo hökuməti ayını tutmaq üçün snayperlər qrupu yaradıb. Onların fikrincə, ayı öldürdüyü insanların meyitlərini götürmək üçün geri dönəcək. Bunun üçün də qurbanların cəsədləri ilə ayını tələyə salmaq qərarına gəliblər. Mərhumların ailəsi əvvəlcə bu plana razı olmasalar da, sonradan digər insanların təhlükəsizliyi üçün qəbul ediblər. 

Onların proqnozları düz çıxıb. Ayı Miyoke ailəsinin evinə qayıdıb. Lakin o evin içinə baxaraq sürətlə oradan uzaqlaşıb və meşə tərəfə qaçmağa başlayıb. Onun arxası ilə gedən dəstə üzvləri, nəhayət onu vurmağa nail olublar. 

Yarılma nəticəsində ayının 340 kiloqram ağırlığında və 2,7 metr uzunluğunda olduğu məlum olub. Məlumata görə, ayının mədəsində öldürülən qurbanların, yəni onlarla müxtəlif  insanların müəyyən hissələri aşkarlanıb. 

Yaponiyada "Sankebetsu Rokusen Hadisəsi" kimi tanınan boz ayı hücumu hələ də bura gələn turistləri narahat edir. Hətta şəhər əhalisinin gecələri çölə çıxmamağı da xahiş olunur. 1915-ci ildə baş verən faciə bir çox romanlara, sənədli filmlərə, pyeslərə mövzu olub. 

Həmin ərazidə “Tomamae Xalq Muzeyi” yaradılıb. Muzeyi ziyarət edənlər gördüklərinin bir canlandırma olmasına baxmayaraq dəhşətə gəldiklərini deyirlər. Muzey rəhbəri isə oranı ziyarət etmək istəyənlərin mütləq səhər saatlarında gəlmələrini, axşam saatlarında ayılarla qarşılaşma ehtimalının olacağını bildirib. 
 

# 3087
avatar

Sevinc Fərid

Oxşar yazılar