Tərəvəzlərdən ət  hazırlana bilər - yeni KƏŞF
11 avqust 2026 17:26 (UTC +04:00)

Tərəvəzlərdən ət hazırlana bilər - yeni KƏŞF

0

Alimlər bitki mənşəli məhsulların tərkibində heyvan zülalı yetişdirməyin yeni üsulunu hazırlayıblar. Bu texnologiya gələcəkdə bitki əsaslı ət məhsullarını həm daha dadlı, həm də daha qidalı edə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, London İmperial Kollecinin Aleksia Qroffun rəhbərlik etdiyi tədqiqat qrupu ətin bəzi xüsusiyyətlərini birbaşa bitkilərə ötürməyə nail olub.

Heyvandarlıq ətraf mühitə ciddi təsir göstərən və kənd təsərrüfatı emissiyalarının əhəmiyyətli hissəsini yaradan sahələrdən biridir. Bununla yanaşı, IPSOS-un 28 ölkədə keçirdiyi sorğuya əsasən, insanların yalnız təxminən 8 faizi özünü veqan və ya vegetarian hesab edir. Ətin populyarlığı isə əsasən onun dadı və insanların uzun illər ərzində formalaşmış qidalanma vərdişləri ilə əlaqələndirilir.

Alternativ üsul axtaran alimlər əvvəlcə genetik tədqiqatlarda geniş istifadə olunan tütün bitkisi üzərində sınaq aparıblar. Xüsusi üsulla donuz mioqlobininin genlərinin surətləri bitkinin fotosintezdə iştirak edən hüceyrələrinə yerləşdirilib.

Tütün üzərində uğurlu nəticə əldə edildikdən sonra alimlər kahı ilə təcrübə aparıblar. Nəticədə kahının yarpaqlarında adi steykdə olan miqdarın təxminən 10 faizinə bərabər mioqlobin aşkar edilib. Tədqiqatçıların fikrincə, bu texnologiya gələcəkdə bir hektar ərazidən heyvandarlıqla müqayisədə daha çox zülal əldə etməyə imkan verə bilər. Eyni zamanda su sərfiyyatının və ətraf mühitə atılan zərərli tullantıların azalacağı gözlənilir.

Alimlərin sınaqdan keçirdiyi digər üsullar isə daha az effektiv olub. Mioqlobin genlərinin viruslar vasitəsilə hüceyrənin nüvə DNT-sinə yerləşdirilməsi, eləcə də inək genlərinin yaşıl yosunlara köçürülməsi daha az miqdarda zülalın yaranmasına səbəb olub.

Doktor Qroff bildirib ki, bitkilərin xloroplastları hüceyrə nüvəsi ilə müqayisədə daha böyük miqdarda zülal istehsal etmək qabiliyyətinə malikdir. Yeni üsul bitkilərin xloroplastlarında heyvan mioqlobininin istehsalına imkan verir. Bu isə bitki mənşəli ət məhsulları üçün vacib komponentlərin istehsalında yeni imkanlar yarada bilər. Mioqlobin dəmirlə zəngindir və ətin rənginin və dadının formalaşmasında mühüm rol oynayır.

Alimlərin fikrincə, gələcəkdə təmizlənmiş mioqlobin zülalından digər qidalara əlavə kimi də istifadə etmək mümkün ola bilər. Bu, məhsulların qida dəyərini artırmaqla yanaşı, toxluq hissinin daha uzun müddət qalmasına kömək edə bilər.

Bununla belə, texnologiyanın geniş istifadəsinə hələ uzun müddət var. Alimlər bir sıra texniki problemləri həll etməli, həmçinin istehlakçıların genetik modifikasiya olunmuş belə məhsulları qəbul edib-etməyəcəyini müəyyənləşdirməlidirlər.

Bundan başqa, tütün yarpaqlarında əldə olunan mioqlobinin dəmiri saxlamaq qabiliyyətinin genetik modifikasiya edilmiş bakteriyalardan əldə edilən zülalla müqayisədə daha zəif olduğu müəyyənləşib. Bununla belə, xloroplastlardan istifadə dəyişdirilmiş genlərin vəhşi bitkilərə yayılması riskini azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar