Bakıda DƏHŞƏT:  anasını öldürüb həyətdə basdırdı - TƏFƏRRÜAT
11 avqust 2026 17:11 (UTC +04:00)

Bakıda DƏHŞƏT: anasını öldürüb həyətdə basdırdı - TƏFƏRRÜAT

0

Bakıda ötən il itkin düşən 72 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunub.

Bildirilib ki, hər üç qurum tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş 72 yaşlı Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyən edilib.

İbtidai istintaq zamanı toplanmış sübutlarla 32 yaşlı Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıqları Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Timofeyeva Lyudmila Veniaminovnanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurması, nəticədə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi və həmin xəsarətlər nəticəsində sonuncunun ölməsi, daha sonra isə meyiti yaşadıqları fərdi yaşayış evinin həyətində basdırması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

İş üzrə icra olunan prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə Timofeyeva Lyudmila Veniaminovnanın yaşadığı ünvanda qazıntı işləri aparılıb və orada insan skeleti aşkar edilərək götürülüb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və toplanmış ilkin sübutlar əsasında Elnur Məmmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona həmin maddə ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar