Nağıl qəhrəmanı dənizçi Sinbadın ölkəsi:  OMAN
23 oktyabr 2021 08:24 (UTC +04:00)

Nağıl qəhrəmanı dənizçi Sinbadın ölkəsi: OMAN

Ərəbistan yarımadasının cənub-şərqində Hörmüz boğazının girişində yerləşən Oman son illərdə dünyanın ən təhlükəsiz və sülhsevər ölkələri sırasındadır. Regionun digər ölkələrindən fərqli olaraq, böyük neft ölkəsi olmayan Omanın böyük hissəsi səhralıqdır. Son illərdə avropalı turistlərin yeni məkanına çevrilən Oman, tarix boyu öz dənizçiləri və ticarətçiləri ilə məşhur olub.

Lent.az xarici KİV-ə istinadən nağıl qəhrəmanı dənizçi Sinbadın diyarı kimi də tanınan Omanın tarixinə və bu gününə daha yaxından nəzər salır.

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Ərəbistan yarımadası, sərt iqlim şəraitinə baxmayaraq, min illərdir fərqli mədəniyyətlərə ev sahibliyi edir. Yarımadanın cənub-şərqində yerləşən Oman, son illərdə geniş səhraları, dünyanın ən gözəl dalğıc yolları və tarixi strukturları ilə adından söz etdirən bir ölkədir. Dəniz xalqı olan omanlılar tarix boyu bir çox xarici coğrafiyaları gəzib, orada ticarət koloniyaları qurub və bununla da zənginləşmiş, mədəni mübadilə ediblər.

8-ci əsrdə Culende bin Məsudun bölgədəki tayfalar tərəfindən imam seçilməsi ilə sultanlıq olaraq qurulan Oman, tarixi boyunca təlatümlü dövrlər yaşayıb. Əhəmiyyətli bir ticarət nöqtəsi olduğu üçün tez-tez hücumlara məruz qalan ölkə, qəbilələr arasındakı fikir ayrılıqları səbəbiylə bəzən uzun müddət qeyri-sabitlik də yaşayıb.

16-cı əsrdə qısa müddətdə Osmanlı hakimiyyəti altına keçən Maskat bölgəsi sonradan Portuqaliya dənizçilərinin nəzarətinə keçib. Amma bu vəziyyət uzun sürməyib, həm Maskat, həm də Omanın qalan hissəsi yenidən bir sultanlıq altında birləşib. Portuqallar bölgədən qovulduqdan sonra Oman Sultanlığı tayfalar arasında harmoniya yaratıb və sonra ticarətini inkişaf etdirməyə başlayıb.

Qurulan ticarət imperiyası Omanı zənginləşdirsə də, bir müddət sonra qəbilələr arasındakı davalar ölkənin gücünü itirməsinə və ittifaqın dağılmasına səbəb olub. Bu qarışıqlıq şəraitində İran şahı Nadir qısa müddətə də olsa Omanda hakimiyyəti ələ keçirib. Amma omanlılar bölgəni yenidən ələ keçirib və imam seçilən Əhməd bin Səid güclü bir idarə qurmağa müvəffəq olub.

19-cu əsrdə Əhməd bin Səid tərəfindən qurulan sülalə üzvləri Omanın ərazisini xeyli genişləndiriblər. Demək olar ki, Şərqi Afrika sahillərinin hamısına hakim olan Oman, Hörmüz boğazının İranla üzbəüz hissələrini və Fars körfəzi yaşayış məntəqələrini bugünkü Birləşmiş Ərəb Əmirlikləri və Küveytə qədər idarə edirdi.

Oman torpaqların genişlənməsi və qurulan güclü dəniz nəqliyyatı şəbəkəsi ilə imperiyaya çevrilib. Bu, həm də ölkə tarixinin ən parlaq dövrlərindən biri hesab olunur. Dəniz ticarəti sayəsində güclü bir donanma quran Oman Sultanlığı, dünyanın ən əhəmiyyətli ticarət yollarından birində təsirə sahib olur.

19-cu əsrin sonunda Oman dünyanın böyük bir hissəsi üçün bir neçə Avropa ölkəsinin müstəmləkə yarışında öz payını alır və ingilislərin hakimiyyəti altına keçir. Ölkə daxilindəki tayfalar arasındakı daxili qarşıdurma da böyük rol oynayır. Qəbilələrin ikiyə bölünməsi nəticəsində yaranan bu vəziyyətdən Səudiyyə Ərəbistanı və ingilislər faydalanır.

Ölkədəki daxili qarışıqlıqdan sonra idarəçiliyi üzərinə götürən Səid bin Teymur bütün Omanda söz sahibi idi. 1932-1970-ci illərdə ölkəyə rəhbərlik edən Bin Teymur 1970-ci ildə oğlu tərəfindən edam edilir və idarəçiliyi öz üzərinə götürür. Bundan sonra Qabus bin Seyd Omanın yeni sultanı olur. Lakin o, ölkədə tam söz sahibi olmaq üçün beş il mübarizə aparır.

1975-ci ildə ölkə daxilində tam hökmranlıq qurmağa müvəffəq olan Kabus bin Seyd, bu tarixdən sonra Omanda böyük bir modernləşmə hərəkətinə başlayıb. 19-cu əsrin sonlarından etibarən təlatümlü bir dövr keçirən Oman iqtisadi cəhətdən tənəzzülə uğrayaraq qeyri-sabit vəziyyət yaranıb və bu səbəbdən də dövrün inkişafı ilə ayaqlaşa bilməyib. Bu zaman Sultan Kabus təhsil və infrastruktur kimi problemləri həll etməklə başlayıb.

Bu prosesə, xüsusən də paytaxt Maskatın yenidən qurulması və onun tarixi bölgələrinin qorunub saxlanmasına çoxlu investisiyalar qoyulub. Təxminən 5 milyon əhalisi olan Omanın inzibati mərkəzi olan Mascat, eyni zamanda ölkənin ən böyük şəhəridir. Paytaxt Maskatın əhalisi son siyahıyaalmaya görə 1 milyon 200 min civarındadır.

Tarixi boyu dəniz ticarəti üçün əhəmiyyətli bir dayanacaq olan Maskat, yerləşdiyi yerə görə də strateji əhəmiyyət kəsb edir. Bölgənin güclü qalası olan Maskat həm də limanı ilə Omanın dünyaya açılan ən əhəmiyyətli qapısıdır. Şəhərdə biri Portuqaliya müstəmləkəsi dövründən Osmanlılara qarşı tikilmiş iki qala var.

Dəniz limanından əlavə paytaxt Maskatda 32 kilometr məsafədə beynəlxalq hava limanı var. Bu gün dünyanın ən sakit ölkələrindən biri sayılan Oman həm də avropalı turistlərin sevimlisinə çevrilməyi bacarıb. Zəngin tarixi keçmişi, nağıla bənzər küçələri və dalğıc mərkəzləri ilə Maskat bu marağın ən çox hiss olunduğu yerdir.

Paytaxt Maskatda diqqət çəkən məqamlardan biri də şəhərdə çoxmərtəbəli binaların olmamasıdır. Fars körfəzinin digər şəhərlərindən fərqli olaraq, şəhərin tarixi fakturasını qorumaq üçün Maskatda çoxmərtəbəli binaların tikilməsinə icazə verilmir. Maskatı daha xüsusi və maraqlı edən detallardan biri də budur. Ancaq şəhərin gözəl tərəfləri bununla məhdudlaşmır. Şəhərdəki bütün binalar ağ rəngə boyanmalıdır.

Maskat həm də dünyanın ən təmiz şəhərlərindən biri hesab olunur. Cinayət nisbətinin də çox aşağı olduğu Muskatda yerdə zibil tapmaq demək olar mümkün deyil. Buna səbəb əhalinin bu məsələyə çox həssas yanaşılmasıdır. Zibilin yerə atılmasının cəriməsi 150 dollardır (255 manat). Maskatda diqqəti çəkən məqamlardan biri də odur ki, maşınlardan çox istifadə olunmasına baxmayaraq, yolda heç bir problem yoxdur.

# 1818
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar