Qəhvənin möcüzəvi təsiri  - Xərçəng və diabet riskini azalda bilər
24 iyul 2026 15:19 (UTC +04:00)

Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər

0

Alimlər qəhvənin xərçəng, diabet və neyrodegenerativ xəstəliklərdən qoruyucu təsirinin arxasında duran mexanizmi müəyyən ediblər. Araşdırmaya görə, bu təsir orqanizmdə NR4A1 adlı xüsusi reseptorun aktivləşməsi ilə bağlıdır.

Lent.az xəbər verir ki, Professor Stiven Seyfin rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, qəhvənin tərkibində olan bəzi maddələr nüvə reseptoru NR4A1-i aktivləşdirir. Mütəxəssislərin sözlərinə görə, bu zülal orqanizmdə stress və toxuma zədələnmələrinə cavab verir. O, iltihabı azaltmağa, hüceyrələrin bərpasını sürətləndirməyə və qoruyucu mexanizmləri işə salmağa kömək edir. Tədqiqat zamanı reseptor bloklandıqda isə hüceyrə zədələnmələrinin artdığı və sağalma prosesinin ləngidiyi müşahidə olunub. Araşdırma göstərib ki, qəhvənin ən faydalı komponenti kofein deyil. Əsas təsir polihidroksilli və polifenol birləşmələri, xüsusilə də qəhvə turşusu hesabına yaranır. Bu maddə yalnız qəhvədə deyil, bir çox meyvə və tərəvəzdə də mövcuddur. Alimlər bildirirlər ki, kofein də reseptora bağlana bilir, lakin hüceyrə modellərində onun reseptorun fəaliyyətinə təsiri çox zəif olub. Bu nəticə adi və kofeinsiz qəhvə arasında sağlamlığa fayda baxımından niyə ciddi fərq aşkarlanmadığını da izah edir. Məlum olub ki, qoruyucu təsir əsasən kofeindən deyil, qəhvənin digər bioaktiv maddələrindən qaynaqlanır. Laboratoriya təcrübələri zamanı alimlər qəhvədəki birləşmələrin hüceyrələrin zədələnməsini azaltdığını və şiş hüceyrələrinin böyüməsini ləngitdiyini müəyyən ediblər. Lakin NR4A1 reseptoru bloklandıqdan sonra bütün bu müsbət təsirlər tamamilə yoxa çıxıb. Tədqiqat müəllifləri vurğulayırlar ki, NR4A1 qəhvənin təsir mexanizmlərindən yalnız biridir. Hazırda alimlər bu reseptoru daha dəqiq aktivləşdirən sintetik maddələrin hazırlanması üzərində çalışırlar. Gələcəkdə həmin preparatlar xərçəng və neyrodegenerativ xəstəliklərin müalicəsində istifadə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar