Yaş artdıqca dırnaqlar  necə dəyişir və nələrə diqqət etmək  lazımdır?
07 sentyabr 2026 17:19 (UTC +04:00)

Yaş artdıqca dırnaqlar necə dəyişir və nələrə diqqət etmək lazımdır?

0

Dırnaqlar da dəri və saç kimi illər keçdikcə dəyişir. Onlar daha yavaş uzana, daha quru və kövrək ola, hətta rəngini dəyişə bilər. Biz dırnaqlara əsasən kosmetik baxımın bir hissəsi kimi yanaşırıq. Halbuki dırnaqlar orqanizmin vəziyyəti haqqında da müəyyən məlumat verə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yaş artdıqca dırnaqların uzanma sürəti azalır, strukturu əvvəlki elastikliyini itirir, səthi isə daha nahamar ola bilər. Bu dəyişikliklərin əksəriyyəti təbii prosesdir. Lakin qəfil yaranan, kəskin şəkildə nəzərə çarpan və ya ağrı ilə müşayiət olunan dəyişikliklər bəzən sağlamlıq problemlərinə işarə edə bilər. Buna görə də hər şeyi yalnız yaşla əlaqələndirmək düzgün deyil.

Dırnaqlar daha yavaş uzanır

Sağlam əl dırnaqları adətən ay ərzində təxminən 1,8-4,5 millimetr uzanır. Buna görə də dırnağın tam yenilənməsi təxminən altı ay çəkir.

Ayaq dırnaqlarının tam yenilənməsi isə daha uzun müddət tələb edir və bu proses təxminən 12-18 ay davam edə bilər.

Təxminən 25 yaşdan sonra dırnaqların uzanma sürəti tədricən azalır. Mütəxəssislərin məlumatına görə, bu azalma ildə təxminən 0,5 faiz təşkil edir. Buna görə yaş artdıqca dırnaqları daha az-tez kəsməyə ehtiyac yaranır.

Dırnaqların rəngi dəyişə bilər

İllər keçdikcə dırnaqlar şəffaflığını qismən itirə, daha solğun görünə və boz, qəhvəyi, ağ və ya sarımtıl çalar ala bilər.

Bu proses tədricən baş verirsə, həmişə sağlamlıq probleminin göstəricisi sayılmır.

Tünd zolaqlar yarana bilər

Dırnaqlarda qəhvəyi və ya qara rəngli şaquli zolaqlar yaş artdıqca daha nəzərəçarpan ola bilər. Bu vəziyyət xüsusilə tünd dəri tonuna malik insanlarda daha çox müşahidə edilir.

Bu hal uzununa melanonişiya adlanır və əsasən baş barmaq, şəhadət barmağı və ayağın baş barmağında görünür.

Lakin yeni yaranan və ya əvvəlkindən fərqli görünən tünd zolaqları dermatoloqa göstərmək tövsiyə olunur. Çünki nadir hallarda belə dəyişikliklər dırnaq yatağının melanomasının əlaməti ola bilər.

Dırnaqlar daha quru və kövrək olur

Yaş artdıqca dırnaqlar elastikliyini itirə və daha asan qırıla bilər.

Onların üzərində şaquli şırımlar, üfüqi xətlər, çatlar və təbəqələşmə yarana bilər. Bəzən dırnaq səthi kobudlaşır və üzərində kiçik çökəkliklər əmələ gəlir.

Bunun səbəbi dərinin və dırnaqların quruması, əllərin tez-tez yuyulması, müntəzəm dırnaq boyasından istifadə, qan dövranında və dırnaq lövhəsinin hüceyrələrində yaşla bağlı baş verən dəyişikliklər ola bilər.

Dırnaq kövrəkliyi xüsusilə 50 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir.

Dırnaqlar qalınlaşa bilər

Bu hal hər insanda müşahidə olunmur, lakin yaş artdıqca ayaq dırnaqları bəzən qalınlaşır.

Bunun səbəblərindən biri yaşlı insanlarda daha çox rast gəlinən dırnaq göbələyi, yəni onixomikoz ola bilər.

Dırnaq batması yarana bilər

Dar ayaqqabı geyinmək, dırnaqları düzgün kəsməmək və ayağın formasında yaşla bağlı dəyişikliklər dırnaq batmasına səbəb ola bilər.

Bu zaman dırnaq lövhəsinin kənarı dəriyə daxil olur, ağrı və şişkinlik yaradır, eyni zamanda infeksiya riskini artırır.

Dırnaqların forması dəyişir

Yaş artdıqca dırnaqların forması və konturu da dəyişə bilər. Yan kənarlar daha çox əyilə, dırnağın üst hissəsi isə daha yastı görünə bilər.

Bəzən daha spesifik dəyişikliklər ortaya çıxır. Məsələn, dırnağın mərkəzinin içəri doğru çökdüyü “qaşıqvari dırnaqlar”, kənarların güclü şəkildə aşağı əyilməsi və ya dırnaqların yumrulaşıb böyüdüyü baraban çubuğuna bənzər forma yarana bilər.

Xüsusilə sonuncu dəyişiklik diqqətdən kənarda qalmamalıdır. Çünki bu vəziyyət bəzi ciddi xəstəliklərlə əlaqəli ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar