Zəhərli gözəllik: Radium qızlarının  ağrılı hekayəsi
02 avqust 2025 15:31 (UTC +04:00)

Zəhərli gözəllik: Radium qızlarının ağrılı hekayəsi

“Radium qızları” ifadəsini çox az adam eşidib, amma bu hekayə XX əsrin 20-ci illərində cəmiyyətdə böyük səs-küyə səbəb olmuşdu. Hadisələrin mərkəzində ABŞ-da fəaliyyət göstərən “Radium Luminous Material” şirkəti (sonradan “US Radium” adını alıb) və bu şirkətdə işləyən 70 qadın dayanırdı. Onlar korporasiyanın qurbanlarına çevriliblər.

Lent.az xarici mediaya istinadən “Radium qızları” haqqında məlumat verir.

Radium qızları kim idi – hadisənin mahiyyəti

“US Radium” şirkəti 1914-cü ildə yaradılmış və əsas fəaliyyəti radium çıxarmaq və onu emal edərək xüsusi bir boya hazırlamaq olub. Bu boya qeyri-adi xüsusiyyətə malik idi – qaranlıqda parlayırdı və “Undark” adlanırdı. ABŞ ordusu üçün saatların əqrəbləri və siferblatları məhz bu boyayla rənglənirdi. Şirkətdə əsasən gənc qızlar çalışırdı, çünki onlar sürətli, dəqiq və məhsuldar işləyirdilər.

İşin mahiyyəti belə idi: qızlar fırçanı xüsusi tərkibə batırır və saatların siferblatındakı xırda detalları boyayırdılar. Hər bir işçi gündə təxminən 250 siferblatı bu şəkildə rəngləyirdi. Bir neçə istifadə etdikdən sonra fırçanın ucu formasını itirirdi və rəhbərlik qızlara “məsləhət” verdi: fırçanın ucunu dodaqları ilə sivriltmək – beləliklə fırça yenidən nazik və dəqiq olurdu.

Radiumun zərərli xüsusiyyətlərindən qızların xəbəri yox idi – əksinə, “US Radium” rəhbərliyi onları inandırırdı ki, bu maddə tamamilə zərərsizdir. Halbuki şirkətin sahibləri və alimlər radiumla birbaşa təmasdan qaçır, xüsusi qoruyucu geyimlər və qurğularla işləyirdilər. Kimyaçılar isə bu maddə ilə təmasda olarkən qurğuşun ekranlar və qoruyucu kostyumlar geyinirdilər.

Qısa müddət ərzində qızlarda müxtəlif qəribə xəstəliklər yaranmağa başladı – anemiya, osteoporoz, leykoz və digər ciddi pozuntular. Onlar vəziyyəti rəhbərliyə bildirsələr də, ya onlara inanılmırdı, ya da röntgenə göndərilirdilər (röntgen radiasiya təsirini daha da artırırdı). Şirkət həkimlərə pasiyentlərə həqiqəti deməyi qadağan etmişdi və qızlara “sifilis” kimi saxta diaqnozlar qoyulurdu – bu xəstəlik həmin dövrdə geniş yayılmışdı.

Bəzi qadınlar isə reputasiyalarını qorumaq üçün həkimə müraciət etməyə çəkinirdilər və sonda səssizcə ölüb gedirdilər. Daha sonralar bu xəstəliklərə “radiasiya xəstəliyi” adı veriləcəkdi.

Bu günə qədər radium qızlarının nə qədər radioaktiv maddəyə məruz qaldığı və neçə nəfərin həyatını itirdiyi dəqiq bilinmir. Amma rəsmi məlumatlara əsasən, 1920-ci illərdə ABŞ-da 4 minə yaxın insan radiumla çalışan müxtəlif şirkətlərdə işləyirdi və “US Radium” bu faciələrin yalnız bir nümunəsidir.

Radium qızları niyə tarixə düşdülər

Hadisələrdən 11 il sonra – 1928-ci ildə şirkətdə çalışmış qadınlardan biri həmkarlarının dəstəyi ilə işəgötürənlərinə qarşı çıxmağa qərar verdi. İki il ərzində o, böyük korporasiyaya qarşı mübarizədən çəkinməyəcək bir vəkil axtardı və nəhayət belə biri tapıldıqda, beş qadın birlikdə şirkəti məhkəməyə verdi.

Tam məhkəmə prosesi keçirilmədi – “US Radium” rəhbərliyi qadınlara kompensasiya ödəməyə razı oldu. Hər bir qadın 10 000 dollar (bu, 2025-ci ildə təxminən 180–190 min dollar dəyərindədir) və ildə 600 dollar pensiya (təxminən 11 min dollar) aldı. Bundan başqa, onların müalicə və hüquqi xərcləri də şirkət tərəfindən ödənildi.

Bu presedent sayəsində ABŞ-da təhlükəli peşələrlə bağlı əmək şəraiti, radiasiya saçan avadanlıqlarla işləyənlər üçün qoruyucu tədbirlər və işçilərin hüquqları ilə bağlı yanaşmalar dəyişdi. Hətta 1960-cı illərin sonuna qədər radium boyası istifadə edilsə də, həmin dövrdən etibarən işçilər artıq qoruyucu vasitələrlə təmin edilirdi.

Beləliklə, “radium qızları” ABŞ-da bir çox həyati vacib sahələrdə dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrildilər və dostlarının həyatı bahasına milyonlarla amerikalının sağlamlığını qorudular.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar