Əgər saçların tökülürsə, gücsüz və cansız görünürsə, bahalı və kimyəvi tərkibli məhsullara əl atmadan əvvəl bu tamamilə təbii və evdə hazırlana bilən 3 saç maskasını sına. Həm saç köklərini gücləndirir, həm də saçlara canlılıq və parlaqlıq verir.
Lent.az bu saç maskalarını təqdim edir:
1. Yumurta və zeytun yağı maskası
Nəyə görə effektlidir? Yumurta saçları qidalandırır, zeytun yağı isə nəmləndirərək tökülmənin qarşısını alır.
Hazırlanması:
1 ədəd yumurtanı çal, üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə et. Yaxşıca qarışdır və saç diblərindən uclarına qədər çək. 30 dəqiqə saxla, sonra ilıq su və şampunla yu.
Tətbiq tezliyi: Həftədə 1 dəfə.
2. Bal və hindqozu (kokos) yağı maskası
Nəyə görə effektlidir? Bal saç köklərini qidalandırır, hindqozu yağı isə saçı möhkəmləndirir və qırılmaların qarşısını alır.
Hazırlanması:
1 xörək qaşığı bal və 1 xörək qaşığı hindqozu yağını qarışdır. Qarışığı saç diblərinə və uzunluğuna çək, 40 dəqiqə saxla. Daha sonra ilıq su ilə yuyun.
Tətbiq tezliyi: Həftədə 1-2 dəfə.
3. Avokado və qatıq maskası
Nəyə görə effektlidir? Avokado vitaminlərlə zəngindir, qatıq isə saç dərisini sakitləşdirir və kəpəyə qarşı təsirlidir.
Hazırlanması:
Yarım yetişmiş avokadonu əz, üzərinə 2 xörək qaşığı qatıq əlavə et. Yaxşı qarışdır və saçına sürt. 25-30 dəqiqə saxla. İlıq su ilə durula və lazım gələrsə, az miqdarda şampunla yu.
Tətbiq tezliyi: Həftədə 1 dəfə. Bu maskalarla saçlarını kimyəvi maddələrsiz gücləndirə bilərsən.