Firəngiz Mütəllimova: “Nəinki teatra girmək, heç onun yanından keçmək istəmirdim” – MÜSAHİBƏ
17 fevral 2011 14:59 (UTC +04:00)

Firəngiz Mütəllimova: “Nəinki teatra girmək, heç onun yanından keçmək istəmirdim” – MÜSAHİBƏ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın Lent.az-a müsahibəsi

- Bir müddət əvvəl səhhətinizdə problem yarandı. İndi özünüzü necə hiss edirsiniz?

- Şükür Allaha, bir az babatam. Müalicə olunuram. Dekabrdan indiyə qədər hələ də dərman qəbul edirəm.

- Səhhətinizdəki problemin teatrda baş verən hadisələrlə bir əlaqəsi vardımı?

- Gərginlikdən oldu da. Hər şey o gərginlikdən əmələ gəldi. O hadisələrin hamısı, “Mir”də bir o qədər məşq etməyimiz, İlham Əsgərovun xəstələnməyi, islahatların başlamağı... hamısı istər-istəməz adama təsir edir.

- İndi də gərginlik var teatrda? İslahatlar da başa çatıb axı.

- Elə indi də teatrda o gərginlik var, yalan deyə bilmərəm.

- Nə ilə əlaqədardır bu gərginlik?

- Mənim zənnimcə, nizam-intizam başqa şeydir. Onsuz da nizam-intizamı olan adam həmişə nizam-intizamlı olur. Olmayanda heç olmur. Yəni, bir balaca rejimin sıxıntılı olmasıdır. Başqa bir şey yoxdur. İnsan özünü narahat hiss edir. Nizam-intizam başqa şeydir axı. Yarım saat teatrda olsanız, oranın ab-havasını görərsiniz.

- Axı siz özünüz də əvvəlki müsahibənizdə teatrdakı nizam-intizamın bərqərar olmasının tərəfdarı idiniz.

- Nizam-intizam başqa şeydir. Amma elə şeylər var... Mən sözlə başa sala bilmirəm. Onu yaşamaq, görmək lazımdır.

- Yəni, söhbət teatr direktorunun ciddiyyətindən, aktyorları sıxışdırmasından gedir?

- Yox. Direktor danışanda deyir, hər şey teatrın yaxşılığı üçündür. Amma mən bilmirəm bu nə ab-havadır. Onu yaşayıb görmək lazımdır. Kimə deyəsən? Bəlkə elə belə yaxşıdı? Bilmirəm. Amma teatr sıxıntı içindədir. Gərginlik var.

- Sizcə, bu nədən irəli gəlir?

- Bilmirəm... Bu da belə getməyəcək də. Yəqin bir gün bilinəcək nədəndir.

- Bəlkə direktorun aktyorlarla münasibətindən irəli gəlir?

- Şəxsən mənimlə münasibətində problem yoxdur. Deyim ki, məni asır-kəsir, nəsə deyir, yox. Çağırıb yanına söhbət də etmişik. Hansı əsərdə oynamaq istədiyimi, hansı rolu xoşladığımı soruşub. Yəni, indiyə qədər münaqişəm olmayıb. Amma hara gediriksə, hətta həkimə gedəndə soruşurlar ki, niyə sizi bu qədər sıxırlar, incidirlər? Belə şeylər adama təsir edir.

- Əvvəlcədən elan olunan müsabiqənin sonradan keçirilməməsini necə qarşıladınız?

- Mən əvvəldən demişdim ki, müsabiqəni özümə qarşı təhqir sayıram. Bunu ölənə qədər də deyəcəm. Mən islahatın əleyhinə deyiləm. İslahat çox gözəl şeydir. Hər yerdə islahat olmalıdır. Eləcə də teatrın gələcəyi üçün. Amma islahatı müsabiqəyə çevirmək gülməli idi. Mən həmişə demişəm ki, teatra hər ölçüdə, hər yaşda aktrisa lazımdı. Bəs nəyə görə rollar baş, orta dərəcəli və epizodik rollara bölünür? Teatr kollektivi də belə olmalıdır da. Mən teatra gələndən belə görmüşəm.

- Keçən ildən məşqləri gedən “Hökmdar və qızı” tamaşası nə yerdədir?

- “Hökmdar və qızı”nı aylardır elə məşq edirik. Hələ bilmirik oynayacağıq bu tamaşanı, ya yox. Hərə bir söz danışır.

- Elə bir ehtimal da var?

- Bilmirəm. Ona görə deyirəm ki, hərə bir söz danışır. Sənə bir söz deyirlər, ona başqa söz. Ümumiyyətlə, aləm qarışıb bir-birinə. Şəxsən İsrafil İsrafilovdan “Hökmdar və qızı” tamaşası haqqında heç nə eşitməmişəm. Bilmirəm, bəlkə hardasa müsahibə verib, mənim rastıma çıxmayıb. Sadəcə məşqlərin bu qədər uzanması adamı narahat edir. “Mir” kompaniyasına gedəndən o tamaşanı məşq edirik. Adam bezir istər-istəməz. Hər şeyi qoyaq bir kənara, heç olmasa İlyas Əfəndiyevin ruhuna hörmət etsinlər.

- Bəs Mərahim Fərzəlibəyov özü İsrafil müəllimdən heç nə soruşmayıb?

- Mərahim müəllim neyləsin? Deyirlər, İsrafil müəllim fevralın 18-də tamaşaya baxmalıdır. Ondan sonra məlum olar yəqin.

Mənə başqa şey maraqlıdır. Aktrisalara gəldikdə hər şey yaşlı gəlir, bəs aktyorlara niyə yaş həddi qoyulmur? Rola gəldikdə, biz yaşlı görünürük, bəs niyə prezident təqaüdünə gəldikdə cavan oluruq? Deyirlər, “siz hələ gəncsiz, nə yaşınız var, 60 yaşa çatın sonra”. Yəni, cavabsız suallar çoxdur. Kaş siz İsrafil müəllimdən soruşardınız ki, o hansı aktrisadır, hansı rolu oynamaq istəyir? İsrafil müəllimin Bəsti Cəfərovaya oxumağa verdiyi pyeslərə baxıram. Orda 50 yaşdan aşağı qadın obrazı yoxdur. Bilirsiz, bir bostana daş atırlar, kimə dəydi, dəydi. Müsahibədəki başqa məqama da aydınlıq gətirmək istəyirəm. Prezidentimiz gəlib binanın açılışını etdi. Mən o vaxt iclasda əsəbiləşmişdim ki, əgər bu qırmızı lent iki aydır kəsilibsə, biz niyə “Mir”dəki o “palatka”da qalmışıq, gəlib burda rahat məşqimizi edə bilmirik? Yoxsa o müddətdə mən nəinki teatra girmək, heç onun yanından keçmək istəmirdim.

- Niyə?

- İstəmirdim də. Məni teatra cəlb edən bir şey yox idi. Əslində mən Allaha yalvarırdım ki, bizi iki aylıq buraxıblar, qoy hələ bir az da uzatsınlar vaxtı. Həm müalicə olunurdum, həm də əsəbiydim, ümumiyyətlə getmək istəmirdim.

- Bəs indi necə, əsəb keçib?

- İndi məşqlər başlayıb, əsəb bir az keçib. Özüm də çalışıram səhhətimi qoruyum. Çox əsəblərimə toxunan elə bir şey də yoxdur. Ümumi gərginlikdi ki, onu da əksər aktyor, aktrisalar yaşayır. Etiraz etsələr də, etməsələr də, danışmağa çəkinsələr də, hansı qapını açıb içəri girsəniz, hamıda bir narahatçılıq, giley-güzar görəcəksiniz. Məsələn, aktyor, aktrisa var ki, bir dənə dublyoru yoxdur. Aktyor da var ki, üç dublyor veriblər. Mədəniyyət və Turizm Nazirliyi dublyor sistemini tətbiq edirsə, bu, çox gözəl şeydir. Onda niyə bu, hamıya şamil olunmur? Yəni, birinə dublyor verilir, birinə yox. Bu da sual altındadır. Niyəsini mən də bilmirəm. Çox sual var cavabsız. Mən də çox baş qoşmuram. Mənim üçün səhhətim hər şeydən vacibdir. Bir illik müqaviləni bağlamışam. Nəsə məni incidərsə, qane etməzsə, gedib müqaviləni pozaram. Başqa neyləyəcəm ki? Nə qədər teatr var... Nə bilim, vallah. Bir belə təhsil al, tamaşalarda oyna, fəxri adlara layiq görül, ömrün qastrollarda keçsin... başım çıxmır. Görək necə olur da. Mənə də teatrın gələcəyi çox maraqlıdır. Gələcəyi necə olacaq bilmirəm. Verilən vədlər, deyilən tamaşalar... hələ ortada heç nə yoxdur. Ancaq söhbət edirik.

- Bəs həmkarlarınız nə fikirdədirlər?

- Mən yaşadıqlarımın cürbəcür variantlarını başqaları da yaşayır. Hamı gərgindir.

- Bəs yaxşı, hamılıqla direktorun yanına gedib söhbət etmək, suallarınıza cavab tapmaq, şübhələrinizə son qoymaq olmaz?

- Nə bilim. Mən bilmirəm.

- Yəni, öz direktorunuzdan bu qədər çəkinirsiniz?

- Niyə çəkinirik ki? Çəkinmirik. İclaslar da olub.

- Onda niyə gedib istəyinizi, şübhənizi dilə gətirmirsiniz?

- Şübhə deyəndə ki... Hər dəqiqə də direktorun otağına girib söz demək olmur axı. Özü rolla, tamaşa ilə bağlı yanına çağıranda bəzi suallarım var ki, onları verəcəyəm. İstəmirəm cavabsız qalsın.

- Məsələn, hansı sualı verəcəksiniz?

- Soruşacağam ki, əgər dublyor sistemidirsə, bu, niyə hamıya eyni cür şamil olunmur?

- Sizə dublyor verilməyib ki?

- Mənim dublyorum var. Amma bunlar yalnız mənə aid deyil axı. Teatrda gedən söz-söhbətdir. İndi fikirləşirəm ki, vaxt yoxdursa, azdırsa, bir heyətlə məşq etsinlər. İkinci heyət o biri tamaşaya hazırlaşsın. Bu qədər uzanınca, tamaşaların sayı çox olsun da. Bunlar məni narahat edir. Qoy rol bölgüləri, tamaşalar olsun, görək nə necədir, rollar necə bölünür.

- Bölgü sizi qane etməsə...?

- Qane etməsə, neyləyəcəm ki? Tək mübarizə aparım? Nə qədər olar? Belə götürəndə mən işləyən, zəhmətkeş aktrisa olmuşam, ortada yeyib qıraqda gəzməmişəm. İşləmişəm. Biri var normal, biri də var hambal kimi işləmişəm. Yəni bu cür işləməyin axırında bəzi şeylər görürsən. Yenə deyirəm, elə şeylər var ki, yaşımız ötür, eləsi də var, hələ gənc oluruq. Bu hadisələr mənə çatmır. Hələ ki işləyirik də guya. Görək axırı necə olur. Martın 10-da da teatrın açılışıdır, inşallah.

- Artıq məlumdur hansı tamaşa göstəriləcək?

- Yox, hələ o da məlum deyil. Hər şey belə müəmmalıdır. Teatrın içində heç bir suala cavab tapa bilmirsən. Şəxsən mən bilmirəm hansı tamaşa olacaq. Kimdən də soruşuram heç kim bilmir... hər halda, su axar, çuxurunu tapar. Azərbaycan teatr sahəsində barmaqla sayılacaq 10-15 aktyor, aktrisa var da. Daha kim qalıb? Onları da qorumaq lazımdı, başlarına çəkiclə vurmaq yox... Mən də hələ ki məşqlərimi edirəm. Gözləyirəm, tamaşa olsun rahat oynayım. Görək də. İnşallah, yaxşı olar.

Xəyalə MURADLI
# 1168

Oxşar yazılar