Adı bizimdir, dadı Şəfiqə xanımın - REPLİKA
26 yanvar 2023 16:16 (UTC +04:00)

Adı bizimdir, dadı Şəfiqə xanımın - REPLİKA

Bu il Azərbaycan kinosu barədə ən çox diqqət çəkən xəbərlər kino ittifaqlarımızın bir-biri ilə çəkişmələri, apardıqları soyuq müharibələr barədə olub.  

Adı olub, özü olmayan, can verən kinomuzun iki ittifaqı var. Adamın yadına ikibaşlı əjdaha düşür, amma ortalıqda “əjdaha” kimi iş görən yoxdur. 

Bir neçə dəfə Lent.az kino ittifaqlarımızın nə işə xidmət etdiyini soruşanda hər iki qurumdan deyiblər ki, bu ictimai təşkilatdır, vəzifəsi kinoya yox, kino xadimlərinə xidmət etməkdir. Xəstə aktyorları sanatoriyaya yerləşdirmək, yubileylər keçirmək və s. Amma...

Amması odur ki, kino ittifaqlarının üzvləri onların xidmətlərindən yararlana bilmədiklərini deyir, gileylənirlər. Məsələn, Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi qurumdan 20 tanınmış incəsənət xadimi istefa verib. 

Hamısı deyir bu ölü bir təşkilatdır, adı bizimdir, dadı Şəfiqə xanımın.

Yəqin dadı olmasaydı Şəfiqə xanım rəhbərlik etməkdə bu qədər israrçı olmazdı. Bal kəsən barmağını yalayar deyiblər.

Görünür bu vəzifə deyilən məhfumda o hikmət var, yoxsa sadəcə fədakarlıq , xalqa xidmət xətrinə kimsə illərini başqalarına qulluq eləməklə keçirmək istəməzdi.

Məşhur filmdə deyildiyi kimi, “bu  kino ki var, çox vacib məsələdir”. Amma vəzifə görünür kinodan da vacib məsələdir. Yoxsa bu qədər kino xadimi, bu qədər mədəniyyət təmsilçisi  laxlamış bir kreslodan ötrü iki cəbhəyə ayrılmazdı.

İnsan oğlunun fitrətində gücə, hökm etməyə meyillilik var. Vəzifə müasir insana bu imkanı ən mədəni formada verir.

Məzəli bir əhvalat var. Bir bəy xanımının yataq otağından kefi kök çıxır. Görür nökər həyətdə qəmli-qəmli oturub. Bəy soruşur ki, “a gədə, de görüm səncə mən kefdən gəlirəm ya işdən?” Nökər də cavab verir ki, a bəy, iş olsa məni göndərərdin, kefdir ki, özün getmisən.  

Görünür vəzifənin də işdən çox kef hissəsi var. Var ki, hamı ona can atır. 

# 3855
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar