Böyük Britaniyanın BP şirkətinin təşkilatçılığı ilə tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovun "AZƏRBAYCAN Tarixi-coğrafi atlas" və "AZƏRBAYCAN Tarixi-etnoqrfik atlas" kitab-albomlarının təqdimatı keçirilib.
Lent.az kitab təqdimatından reportajı təqdim edir.
Bakı Kitab Mərkəzindəyəm. Tədbirin başlamasına hələ 20 dəqiqə var. Tanış və tanınmış simaları, media nümayəndələrini görürəm. "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcid filologiya elmləri doktoru, professor Nizami Cəfərovla söhbət edir. Yaxınlaşıb salamlaşıram. Rəşad müəllim əsərin məziyyətlərindən, Azərbaycan tarixi üçün dəyərli olmasından danışır:
- Sən özün də oxu, Həsən müəllim çox dəyərli şeylər yazıb...
Alimlər, professorlar, deputatlar dəyirmi masalar ətrafında söhbət edir, Həsən Həsənovun kitabından danışırlar. Rəşad Məcid məni masaya dəvət edir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də buradadır. Xalq şairi Sabir Rüstəmxanlı da gəldi. Həsən Həsənovla salamlaşıb təbrik edir.
Təqdimat başlayır. Hamı yavaş-yavaş yerlərinə keçir. Stulların üstündə səliqəli bağlamada Həsən müəllimin kitabları qoyulub. Yerimə oturub kitabı vərəqləyirəm - "AZƏRBAYCAN Tarixi-coğrafi atlas". Kitabda qədim Azərbaycan xəritələri, onların tarixi və bir çox mövzular haqqında geniş fəsillər var.
Tədbirin açılışını Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı edir. O, kitablarda Azərbaycanın qədim bir dövlət kimi formalaşmasının tarixi faktlarla sübut edildiyini bildirir.
Nəhayət, söz müəllifə - Həsən Həsənova verilir. O, kitabın ən maraqlı yerlərindən danışır, izahlar verir.
Qarşısındakı monitorda Koroğlunun şəkili açılır:
- Araşdırmaçılar təsdiqləyiblər ki, Koroğlu kimmer tayfasından olub, Dədə-Qorqud isə skif tayfasından.
Həsən Həsənov kitabdakı digər faktlardan danışır. İllərdir inandığımız fikirləri darmadağın edir:
- Novruz Zərdüştilərin bayramı deyil. Zərdüştilikdə odun üzərindən tullaqmaq günahdır...
Zalda hamı təəccüblə Həsən müəllimi dinləyir. O, çıxışını (buna seminar da deyə bilərik) bitirir.
Deputat Rasim Musabəyov Həsən müəllimin kitabından, onun Azərbaycan tarixindəki yerindən, mədəniyyətimizə qatqısından danışır.
...Mən isə kitabı vərəqləyirəm: Atropatena... Albaniya... Asssuriya... Azərbaycan...
Foto - İlkin Nəbiyev ©️ APA GROUP