Leonardo da Vinçi  müəmması: Kainatın sirrini “ Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 20:15 (UTC +04:00)

Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib

Leonardo da Vinçi hər sahədə bacarıqlı və elmə dərindən bələd olan bir dahiydi. Onun maraq dairələrindən biri də həndəsə olub və bu sahədəki anlayışı dövrünü xeyli qabaqlayıb. 1490-cı ildə çəkdiyi “Vitruviyalı adam” illüstrasiyasını – “ideal” insan bədəninin təsvirini – da Vinçinin XIX əsrdə rəsmi şəkildə müəyyənləşdirilmiş bir riyazi nisbətə əsaslanaraq yaratdığı ehtimal olunur.

Bu, bütün zamanların ən məşhur təsvirlərindən biridir, lakin 500 ildən çoxdur ki, heç kim da Vinçinin qol və ayaqlar üçün niyə bu qədər spesifik proporsiyalar seçdiyini tam anlaya bilməmişdi. İndi isə londonlu stomatoloq Rori Mak Svini bu sirri nəhayət açdığını düşünür.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, Vitruviyalı adamın ayaqları arasında gizli bir detala - bərabəryanlı üçbucağa diqqət çəkib və bu formasının incəsənət tarixinin ən çox analiz edilən, lakin ən müəmmalı əsərlərindən birini izah edə biləcəyini düşünür.

“Vitruviyalı adam” əsəri qismən Roma memarı Vitruviyin əsərlərindən ilham alıb. Vitruviyə görə, ideal insan bədəni dairə və kvadratın içinə yerləşdirilə bilməlidir.

Leonardo da Vinçi rəsmdə kvadratdan istifadə edərək əllərin və ayaqların içəri doğru uzandığı xaçvari poza təsvir edir. Dairə isə əllərin yuxarı qaldırıldığı və ayaqların aralanmış vəziyyətini əhatə edir.

Əsərlə bağlı məşhur izaha görə, da Vinçi bu proporsiyaları qızıl nisbət nəzəriyyəsinə əsaslanaraq seçib, lakin ölçmələr tam uyğun gəlmir. Mak Svininin sözlərinə görə, bu həndəsi sirrin açarı hər kəsin gözünün önündədir. Da Vinçi bu təsvirlə bağlı qeydlərində yazıb:

“Əgər ayaqlarınızı aralayıb... əllərinizi o qədər qaldırsanız ki, barmaqlarınız yuxarı xəttə çatsın... ayaqlar arasındakı məkan bərabəryanlı üçbucaq olacaq”.

Mak Svini bu üçbucaq üzrə hesablamalar apardıqda, ayaqların arasındakı məsafə ilə göbək hündürlüyü arasında 1,64 – 1,65 civarında bir nisbət aşkar edib.

Bu isə çox maraqlı şəkildə 1917-ci ildə rəsmi müəyyən olunmuş tetraedrik (dördtamlı) nisbət – 1,633-ə çox yaxındır. Bu nisbət sferaların (kürələrin) ən sıx şəkildə necə yerləşdirilməli olduğunu müəyyənləşdirmək üçün istifadə olunur. Əgər dörd kürə mümkün qədər sıx şəkildə bir piramida formasında birləşdirilsə, onların mərkəzləri arasındakı hündürlük və əsas arasındakı nisbət 1,633 olacaq.

Mak Svini bu rəqəmin əhəmiyyətini stomatologiyada istifadə olunan bənzər üçbucaq prinsipindən yola çıxaraq dərk etdiyini düşünür. İnsan çənəsində istifadə olunan Bonvill üçbucağı 1864-cü ildən tətbiq olunur və o da eyni – 1,633 nisbətinə malikdir. Mak Svini bunun təsadüf olmadığını bildirir.

O, təbiətdə rast gəlinən minerallar, kristallar və digər bioloji sistemlər kimi, insan çənəsinin də mexaniki effektivliyi maksimuma çatdırmaq üçün tetraedrik həndəsə ətrafında təşkil olunduğunu düşünür.

Əgər bu tetraedrik nisbət insan bədənində təkrarlanırsa, Mak Svininin fikrincə, bu, insan anatomiyasının kainatdakı optimal məkan təşkilini idarə edən həndəsi prinsiplərə uyğun şəkildə təkamül keçirdiyini göstərir.

Əgər Mak Svini haqlıdırsa, deməli, da Vinçi “Vitruviyalı adam”ı çəkərkən bəlkə də universal bir prinsipi kəşf etmişdi. Londonlu stomatoloq deyir:

“Kristal strukturlar, bioloji arxitekturalar və Fuller koordinat sistemlərində rast gəlinən eyni həndəsi nisbətlər insan proporsiyalarında da kodlaşdırılıb. Bu isə o deməkdir ki, Leonardo reallığın riyazi təbiəti ilə bağlı fundamental həqiqətləri intuitiv şəkildə dərk edib”.

Mak Svininin fikirləri ilə digər alimlərin razılaşıb-razılaşmayacağı hələ bəlli deyil, lakin da Vinçinin qeydlərində bərabəryanlı üçbucağa istinad etməsi, Vitruviyalı adamın ayaqları arasında yerləşən o məkanın həqiqətən də vacib olduğunu göstərir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar