“Müəllifi soruşdum, dedi anonimdir, elə xətrimə dəydi ki...” - Xuraman Qasımova ilə MÜSAHİBƏ
21 noyabr 2022 17:04 (UTC +04:00)

“Müəllifi soruşdum, dedi anonimdir, elə xətrimə dəydi ki...” - Xuraman Qasımova ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi Bakı Musiqi Akademiyasında Sola oxuma və opera hazırlığı kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımovadır.

- Xuraman xanım, böyük şöhrət, çoxlu mükafatlar qazanmısınız. Kənardan baxınca ayaqları altına güllər səpilən, dünyanı gəzən, çox uğurlu iki bacı. Bəs qadın, insan olaraq Xuraman ömrü yaşamaq asan idi?

- Həyat mürəkkəbdir. Hər bir insan üçün asan ömür yaşamaq maraqlı deyil. Allah ömür verib, uzun-qısa fərq etməz. Biz onu elə yaşamalıyıq ki, acısını da, gözəlliyini də görək. Belə olanda həyatın qiymətini də bilirsən. Həyat gözəldir, yaşamağa dəyər. Çətinliklər çəkmədən üzə çıxmaq asan deyil. Bizim sənətimizdə isə heç asan deyil. Böyük zəhmət hesabına bu nəticələr əldə edilib.

- Qəribədir ki, Sovet insanlarının canında zəhmətə hərislik var idi.

- İdeallarımız, qəhrəmanlarımız var idi. Bizim nəsil çox oxuyurdu. Elə bir ev yox idi ki, orda kitab və ya musiqi aləti olmasın. Bizim ailəmizdə buna çox fikir verirdilər. Ziyalı ailəsində doğulmuşdum. Mərhum Prezidentimiz Heydər Əliyev deyərdi ki, ziyalı ziyalıdan seçilir. Bizim ailədə biliyə tərbiyəyə, mədəniyyətə çox böyük önəm verilirdi. Böyük qardaşım, bacım və mən, yəni  üçümüz də musiqi ilə məşğul olurduq, müxtəlif dərnəklərə gedirdik. Qardaşımız bizdən daha istedadlı idi, lakin o sonralar elm yolunu seçdi. Fiziologiya ilə məşğul olmağa başladı, Moskvaya köçdü. Fidan xanım da rəsmlə məşğul olur, şeir yazırdı. 16 yaşına qədər skripka çalırdı.
Mən gah xor, gah rəqs, gah baletdə özümü sınayırdım. Uğurlu bir gənc idim.

Hər hansı peşəni seçəcəksənsə, onun gözəl mütəxəssisi olmalısan. Bizi belə öyrədirdilər. Orta səviyyəli yox, yüksək səviyyəli sənətkar olmaq lazımdır. Məqsədim var idi. Başqalarından seçilməliydim. Fidan xanım gəc yaşlarından şeir də yazırdı. Rəsm də çəkirdi. 16 yaşında skripka çalırdı. Lakin səsi Allah ona ən böyük töhfə kimi vermişdi. O oxumağı seçdi. Skripka da gözəl alətdir. Amma ən gözəl alət insanın səsidir. Bu möcüzəni biz içimizdə daşıyırıq. İnanılmaz dərəcədə incə, zərif musiqi alətidir ki, onu idarə eləmək xüsusi qabiliyyət tələb edir. Ondan istədiyin kimi istifadə etmək üçün xüsusi istedad sahibi olmalısan. İndi hamı oxumaq istəyir. Amma çox adam düşünmür ki, bunu bacarır ya yox? Mən bacarmasaydım bu sənətin dalınca getməzdim. 

- Hansı sənəti seçərdiniz?

- Özümü jurnalistikaya hazırlayırdım. Səhnə ilə ömrümü bağlayacağım məktəb illərində bəlli deyildi. 

- Fidan xanım haqqında hər zaman çox böyük fəxrlə danışırsınız. Onu müəlliminiz hesab edirsiniz?

- Fidan xanım mənim fəxrimdir. O çox böyük musiqiçi, sənətkardır. Mənim üçün hər mənada nümunədir. Zəhmətkeş, peşəkar, məsuliyyətlidir. Biz heç zaman müəllimlərimizi unutmuruq. Bəzən elə müəllimlər olur tələbələrinə qısqanclıqla yanaşır səslərinə zərər verir, doğru yetişdirmirlər. İfaçını düzgün yetişdirmək asan deyil. Bu bir sirdir. Bir ildə beş ildə alınmır. Bir ifaçının yetişməsi üçün illər lazımdır. Peşəkar vokalist uzun müddətdə yetişir və ömür boyu öyrənir.

- Fidan xanımla birlikdə yaşayrısınız?

- Mənzillərimiz ayrıdır. Rəhmətlik Heydər Əliyev bizə eyni binada eyni mərtəbədə qonşu mənzillər bağışlamışdı. Biz mərkəzdə böyümüşdük. Əvvəllər evimiz konservatoriyanın arxasında idi, indi yanındadır. Allah Heydər Əliyevə rəhmət eləsin. Bizə qayğı göstərirdi.

- Bu qədər yüksək peşəkarlığa rəğmən səhnədə kuryoz vəziyyətlərlə qarşılaşmısınız? Tutaq ki, konsert öncəsi xəstələndiniz, vəziyyətdən necə çıxırdınız?

- O qədər olub. Konsertin planlaşdırılıb. 500 və ya 2000 nəfərə bilet satılıb. Sənin xəstə olub-olmaman tamaşaçını maraqlandırmır. Onlar həsrətlə konserti gözləyirlər və sən onların qarşısına çıxmalısan. İnsanıq, çox şey yaşana bilər. Okeanın o tayına uçursan, cəmi 2 gün istirahət verilir. Zaman rejimi dəyişilib, amma səni publika gözləyir. Burda artıq səsi idarə etmək ustalıq tələb edir. Proqramı maraqlı seçməlisən ki, dinləyici darıxmasın. Bu səsdir, içindədir. Musiqi aləti deyil ki, sazlayasan, simlərini tənzimləyəsən. 

- Bu uzun illər sonra yenə səsinizi məşq etdirirsiniz?

- 50 illik sənət yolum var. Amma hələ də gəncləri öyrədərkən, özüm də nələrsə öyrənirəm, yeni əsərlər qarşımıza çıxır, musiqi dibsiz okeandır. Müasir əsərlər var ki öyrənirik. Azərbaycan musiqisi çox gözəldir.

- Dünya şöhrətli vokalistlərin qarşısına çıxmısınız. Bizim vokalistləri dünya ulduzları ilə müqayisə etsək nə deyərdiniz?

- Bizim gözəl vokalistlərimiz çoxdur. 

- Xaricdə öz simfonik əsərlərimizi təqdim etmisiniz?

- Əlbəttə. Bu mütləq idi. Konsertlərə öz bəstəkarlarımızın əsərləri ilə başlayırdıq. 80-ci illərin əvvəllərinə qədər qastrollarda görürdük ki, Azərbaycanı o qədər tanımırdılar. Mədəniyyət yumşaq gücdür və biz mədəniyyət vasitəsilə ölkəmizi tanıdırdıq.

- Deyirlər təkrarolunmaz  sənətkar yoxdur. Siz necə düşünürsünüz?

- Həyat onu göstərdi ki, təkrarolunmaz insanlar var. Yeni sənətkarlar yetişəcək. Amma o nəhəng sənətkarları təkrar etməyəcəklər. Heyf ki biz vaxtilə öz sənətkarlarımızı dünya səviyyəsində yetərincə təbliğ edə bilməmişik.  Sovet ittifaqı qapalı məkan idi və indiki imkanlar yox idi. Ruslar əsasən özlərinə daha çox imkan yaradırdılar, güclü görünmək üçün. Amma o ölkəni güclü edən bütün xalqlar idi, o cümlədən çox istedadlı olan Azərbaycan xalqı. Bizim musiqinin gözəlliyinə heyran olurdular. Bizim əsərlərimizin melodik əsaslarına xaricilər çox müraciət edirlər, çünki musiqimiz çox zəngindir. Ona görə muğamımız dünyanı fəth edir, Üzeyir bəyin, Fikrət Əmirovun, Cahangir Cahangirovun əsərlərindən yararlanırlar. 

- Yararlanırlar, amma tədris vəsaitlərinə salırlarmı? Bizdə Şubert, Şopen, Puççini və yüzlərlə bəstəkarların yaradıcılığını tədris edirlər. Bəs xaricdə bizim bəstəkarların əsərləri öyrədilir, təbliğ olunur?

- Yox. Təəssüf ki, yox. Tanımırlar. Biz musiqi təhsilimizdə dərs vəsaitlərində dünyanı çox geniş əhatə edirik. Dünya musiqisinin əsaslarını, hətta qədim klassik musiqini də öyrənirik. Amma xaricdə bizi öyrənmirlər. 60-cı illərdən sonra tək-tək ifaçılarımız xaricə çıxdılar. Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslim Maqomayev, sonralar Elmira Rəhimova, Lütfiyar İmanov qastrollara getdilər. Yavaş-yavaş tanımağa başladılar. Lakin adlarımız tədris proqramlarına daxil edilməyib.

- Türkiyədə dərs dediniz. Orda bizim klassik musiqimizin təbliği nə yerdə idi?

- Onların belə dərs proqramlarında vəsaitlərində bizim bəstəkarlardan yalnız Üzeyir Hacıbəyovun adı keçir. Və yalnız bir neçə əsəri. Sizə bir əhvalat danışım. Bir dəfə Kadıköydə işə gedərkən musiqi diskləri satılan dükanın önündən keçirdim. Gördüm “Arşın mal alan”dan trio səslənir. Bu partiyanı bir zamanlar özüm də ifa etmişdim. Yaxınlaşdım, SD-ni almaq istədim, müəllifi soruşdum. Dedi anonim musiqidir. Elə xətrimə dəydi. 70-ci ildə İran şahının həyat yoldaşı Fərəh Pəhləvi SSRİ-yə gəlmişdi, o cümlədən Azərbaycanı da ziyarət etmişdi. O, Rəşid Behbudov eşqi ilə “Arşın mal alan” filmindəki ifalarından ibarət valı almaq istəmişdi. Bizdə isə belə bir səs yazısı lentə alınmamışdı. Bilirsiniz biz dəyərli incilərin qədrini bilmirdik. Qəribə xalqıq. Elə bilirik ki, var elə həmişə də var olacaq. Amma bu gün nə Rəşid var, nə Qara Qarayev. O zaman onu müşayiət edən maestro Niyazi hazırcavablıq göstərərk demişdi ki, Rəşid Behbudovun səsinə tələbat çoxdur, val buraxılan kimi dərhal alınır, ona görə defisitdir. Belə vəziyyətdən çıxır, amma Fərəh xanıma söz verir ki, siz İrana çatana qədər biz sizə val göndərəcəyik. O zamanlar bizdə yüksək səviyyəli səsyazma studiyası yox idi. Belə qərara gəldilər ki, “Melodiya” səsyazma firması dəvət olunsun və səs Bakıda yazılsın. Simfonik orkestrin başında maestro Niyazi, Rəşid Behbudov. Səs də gecə saat 11-dən sonra yazılır. Rəşid Behbudov belə istəmişdi. Gecələr səssizlik olurdu və o gecə işləməyi sevirdi. O zaman mən də Asyanı ifa etmişdim. Heç 16 yaşım yox idi.

- Bəs necə oldu ki, Fərəh xanıma göndəriləcək val üçün sizin səsinizi seçdilər?

- Bu çox təsadüfən oldu. Səsyazma işləri Dzerjinski adına klubda aparılırdı. Mən Fidan xanım tək getməsin deyə gecələr onunla kluba gedirdim. O Gülçöhrənin partiyasını ifa edirdi. Asyanı səsləndirən müğənni düzgün ifa etmirdi deyə iş gecikirdi. Mən həvəslənib yan otaqda özüm üçün bunu ifa edəndə maestro Niyazi məni eşidib içəri girmişdi. Yanımdakılara arxadan “susun” işarəsi edir, mən də “Gözəlim yar gözəlim, bir sözüm var gözəlim” deyə oxuyuram. O yaxınlaşdı, dedi “bir də təkrar elə, görüm”. İki dəfə təkrar edəndən sonra dedi ki, Asyanın partiyasını Xuraman oxuyacaq. Bax beləcə mən təsadüfən Asyanı oxumalı oldum və mənim də yolum başladı. Səs 3 variantda yazıldı. Fars, rus və Azərbaycan dilində. Fars dilində Lütfiyar İmanov oxudu. Çox az zamanda hazırlandı və İrana göndərildi. Çox gözəl alınmışdı və indi də bu səs yazısı durur.

- Sonrakı illərdə Fidan xanımla çoxlu konsertləriniz oldu. Səsyazmaları, videoyazıları durur?

- Çox az hissəsi yazılıb.

- Vokalla məşğul olan gənclərə nə tövsiyə edərdiniz?

- Fidan xanım 18 il savad alıb, mən 9 il. Yəni bütün bu şöhrət gərgin əmək, zəhmət sayəsində başa gəlib. Konservatoriyanı bitirib dərhal səhnəyə çıxmaq nə dərəcədə düzgündür? Öyrənməyə davam etməlisən. Kiçik rollarla başlamalısan. Yavaş-yavaş addımlamalısan ki, səsini yükləməyəsən. Fidan xanımı 16 yaşında Operaya dəvət etmişdilər, lakin atam razı olmamışdı ki, təhsil almalıdır. Bəzi partiyalar var ki, onları 22-24 yaşında oxumaq tezdir. Bunu gənclərə məsləhət bilərdim. Elə olur  gənc deyir ki, geniş diapazonu var, bütün çətin partiyaları ifa edə bilər. Amma səni qiymətləndirən mütəxəssislər nə deyirsə, onu etmək lazımdır ki, səs də püxtələşsin.


 

# 5361
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əməkdar artist Kəmalə Rəhimli

Qayınanasına görə körpəsini öldürdülər, “Mercedes” sürən ilk azərbaycanlı qadın – Unudulan məşhurlar

3 dekabr 2022 , 20:15
İlya Ştemler

Bakıda doğulan yazıçı koronavirusdan öldü

3 dekabr 2022 , 16:50
Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

2 dekabr 2022 , 22:23
Elizabet Teylor

7 kişiylə 8 dəfə evlənən bənövşəyi gözlü milyonçu - Bir ulduz axdı

2 dekabr 2022 , 20:15
Adına mahnılar bəstələnən "Mihriban" kimdir? -  Bir türkünün tarixçəsi

Adına mahnılar bəstələnən "Mihriban" kimdir? - Bir türkünün tarixçəsi

2 dekabr 2022 , 19:02
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

2 dekabr 2022 , 18:47
Şəkidə tapılan skeletin xana məxsus olduğu təsdiqləndi - FOTO

Şəkidə tapılan skeletin xana məxsus olduğu təsdiqləndi - FOTO

2 dekabr 2022 , 12:53
Çingiz Abdullayev Əlisa Nicatla bağlı  görün nə dedi?

Çingiz Abdullayev Əlisa Nicatla bağlı görün nə dedi?

1 dekabr 2022 , 19:51