Bu gün Tiflisdə Azərbaycan və Gürcüstan kinematoqrafçılarının “Gürcüstanda Azərbaycan kinosu günləri” çərçivəsində görüşü keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan tərəfdən Azərbaycan Kinematoqrafçılarının rəhbəri, xalq artisti Şəfiqə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və Gürcüstanın görkəmli kino xadimləri iştirak ediblər.
Tədbirdə Şəfiqə Məmmədova, xalq artisti Nurəddin Mehdixanlı, rejissor Yavər Rzayev, Mədəniyyət Nazirliyinin şöbə müdiri Almaz Sultanzadə, əməkdar artist Münəvvər Əliyeva, görkəmli gürcü rejissoru Rezo Çxeidze, “İnterMedia” televiziya şirkətinin baş direktoru David Abuladze, kinoşünas Paata İakaşvili, tədbirin təşkilatçılarından jurnalist Zura Dvali çıxış ediblər.
Tədbirdə kino və kino sahəsində əməkdaşlıq məsələləri və bu sahədə olan mövcud problemlər barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin təcrübəli kinematoqrafçıları gələcəkdə Azərbaycan-Gürcüstan arasında kinofilmlərin çəkilişi və gürcü kinolarında Azərbaycan aktyorlarının iştirakı imkanları barədə və digər layihələr barədə danışıqları davam etdirmək qərarı qəbul ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova APA-ya açıqlamasında Azərbaycan-Gürcüstan kinosu ənənələrinin başlandığını müsbət qarşıladığını bildirib: “Nə yaxşı ki, bu ənənələr başlayıb. Biz bu ənənələrini davam etdirərək Bakıda da “Gürcüstan kinosu” günləri keçirəcəyik. Tədbirlər zamanı soydaşlarımızın yaşadığı bölgələrə də səfər edəcəyik”.
R. Çxeidze APA-ya açıqlamasında isə gürcü kinosunun fəlakət içində olduğunu bildirib: “Azərbaycan və gürcü kinosu qədim tarixi ənənələrə malikdir. Azərbaycanda mənim həmkarlarım və kurs yoldaşlarım vaxtilə gözəl filmlər çəkiblər. Mənim üçün “Arşın mal alan” filmi çox gözəl və klassik komediyadır. Buradakı musiqi və məzmun maraqlıdır. Lakin indi mənə elə gəlir ki, həm Azərbaycan, həm də Gürcüstan üçün kino sahəsində çətinliklər var. Gürcü kinosu fəlakət içindədir. Düşünürəm ki, yeni hakimiyyət bu sahədə bizə yaxından kömək edəcək”.
R. Çxeidze Azərbaycan kinematoqrafçılarla birgə film çəkəcəklərini də bildirib. “Şübhəsiz ki, bu alınacaq. Düzdür 8-9 ildir ki, “Gürcüstan film” işləmir, amma indi yeni kadrar və gənc rejissorlar gəlib. Çətinliyimiz ümumi bir mövzu tapmaqdır”.
Rejissor “Gürcüstanda Azərbaycan kinosu günləri”ni də müsbət qiymətləndirib: “Bu ənənəni davam etdirmək lazımdır”.