Aprelin 25-də Kiyevdə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə onun adını daşıyan parkın açılış mərasimi olub. APA-nın "AzərTAc"a istinadən verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Ukrayna Baş nazirinin müavini Konstantin Qrişşenko, Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Aleksandr Popov, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyədə qurulmasında onun rolunu vurğulayaraq, onun prezidentliyi dövründə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yarandığını bildirib.
Kiyevdə açılan Heydər Əliyev parkını Azərbaycanın bir parçası adlandıran Rövnəq Abdullayev Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Ukrayna Baş nazirinin müavini Konstantin Qrişşenko da iki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafında Heydər Əliyevin rolunu qeyd edib. ARDNŞ-in dəstəyi ilə salınmış Heydər Əliyev Parkını ölkələrimiz arasında dostluq və əməkdaşlığın təcəssümü kimi qiymətləndirən K.Qrişşenko bu yerin Kiyev sakinlərinin ən sevimli istirahət mərkəzinə çevriləcəyinə inandığını bildirib.
Parkın açılışını bildirən rəmzi lent kəsildikdən sonra Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Daha sonra mərasim iştirakçıları parkla tanış olub. Onlara məlumat verilib ki, yarım hektarlıq ərazidə salınmış park Azərbaycan tarixini əks etdirən müxtəlif kompozisiyalarla bəzədilib. Burada Heydər Əliyevin abidəsi ucaldılıb, parkın arxa hissəsi İçərişəhərin qala divarlarını xatırladır, ən maraqlı kompozisiyalardan biri isə XVI əsr Azərbaycan xalçaçılıq sənətinin şah əsəri sayılan “Şeyx Səfi” xalçasının nadir surətidir. Park Azərbaycan xəritəsinin əks olunduğu landşaft kompozisiyası ilə tamamlanır.
Qeyd edək ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev Ukraynaya səfəri çərçivəsində Kiyev Milli Linqvistika Universitetinə gələrək, burada şirkətin dəstəyi ilə təkmilləşdirilmiş və ən müasir texniki avadanlıqla təchiz edilmiş Heydər Əliyev adına Azərbaycan dili və mədəniyyəti mərkəzi ilə tanış olub.