Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşüb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Qonağı salamlayan nazir ölkəmizin TÜRKSOY-la əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, türkdilli ölkələrlə qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. "Koroğlu" operasının türkdilli ölkələrdə səhnəyə qoyulmasının əhəmiyyətini qeyd edib. Nazir Üzeyir Hacıbəylinin bu əsərinin İtaliya səhnəsində də oynanılması üçün təşəbbüs göstərildiyini diqqətə çatdırıb.
Mayın sonunda Bakıda keçiriləcək İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonağa məlumat verən Ə. Qarayev onu tədbirdə iştiraka dəvət edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qazax bəstəkarının operasının Bakı premyerasının uğurla gerçəkləşməsindən məmnunluğunu ifadə edib.