İlham Əliyev Gənclər Forumunda -  YENİLƏNİB
03 fevral 2022 00:40 (UTC +04:00)

İlham Əliyev Gənclər Forumunda - YENİLƏNİB

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər.

Dövlətimizin başçısı Forumda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı:

- Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.

O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi.

İqtisadi vəziyyətə gəldikdə isə deyə bilərəm ki, o vaxt iqtisadiyyat anlayışı, ümumiyyətlə, yox idi. Çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax, bu salonda, bax, bu yerdə “Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi.

Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl, nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi.

Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

Əziz dostlar, sizi bu hadisə, bu tarix münasibətilə bir daha təbrik edirəm və giriş sözümü burada yekunlaşdırmaq istəyirəm. Çünki bilirəm, sizi maraqlandıran məsələlər çoxdur, suallar çoxdur və təklif edirəm ki, artıq müzakirələrə başlayaq.

XXX

Sonra Forum işini müzakirələrlə davam etdirdi.

XXX

Tədbirin aparıcısı Jalə Həsənli: Çıxışınız üçün təşəkkür edirik, cənab Prezident. Bu gün zalda əyləşən gənclərimizin Sizə çoxsaylı sualları var. İcazənizlə ilk sualımızdan başlayaq. Buyurun xanım, zəhmət olmasa özünüzü təqdim edin.

Bakı Dövlət Universitetinin doktorantı və əməkdaşı Əfsanə Surxaylı: Əvvəla, Gənclər Günündə bizimlə olduğunuz və bizə vaxt ayırdığınız üçün bütün Azərbaycan gəncləri adından Sizə təşəkkürümü bildirirəm. Bir az həyəcanlıyam, əgər nitqimdə səhvlər olarsa, üzrlü sayın. Çox şadam ki, bu gün buradayam və qürur hissi duyuram. Sizin çıxışlarınızı televiziyadan, canlı izləyəndə bir məqamı müşahidə etmişəm ki, gənclərimizin milli-mənəvi dəyərlərini xüsusi qiymətləndirirsiniz, hər dəfə xüsusi vurğulayırsınız. Milli-mənəvi dəyərlər bizi digər ölkələrin gənclərindən fərqləndirən əsas üstün cəhətlərimizdən biridir, deyə düşünürəm. Sualım ondan ibarətdir ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin fəaliyyətini necə qiymətləndirirsiniz?

Prezident İlham Əliyev: Sağ olun, çox yaxşı sualdır, təşəkkür edirəm.

Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.

Biz tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Baxmayaraq ki, məsələn, əgər sovet dövrünü nəzərə alsaq, o vaxt marksizm-leninizm ideologiyası hökm sürürdü. Ancaq buna baxmayaraq, qapalı bir cəmiyyətdə yaşamağımıza baxmayaraq, hər bir Azərbaycan ailəsində bizim milli bayramlarımız qeyd edilirdi. Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq.

İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Yəni, məqsəd dəyişmir və dəyişməyəcək. Bunu biz tarix boyu görürük. Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll etmək üçün bu məsələnin pərdələnməsi, yaxud da, əgər belə demək mümkündürsə, qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni, hegemonluq uğrunda mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük. Bax, bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu təhlükələri dəf edə bilmişik. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni, müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik.

Ancaq gənclər, əlbəttə ki, daha tələbkar olur, onlar həyata yeni başlayır. Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bizim gənclərimiz bunu bilir və mən dəfələrlə müxtəlif forumlarda, həm gənclərlə təmaslar əsnasında, həm müxtəlif çıxışlarda bu məsələyə toxunurdum. Çünki bu, aktual məsələdir və bu məsələ aktuallığını heç vaxt itirməyəcək. Bu siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır, bəzi güc mərkəzləri güclənir, bəzilər zəifləyir. Ancaq sözün düzü, mən onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim iş təcrübəm bunu deməyə əsas verir. Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyələrin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir - ya təbii olaraq, ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.

Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq.

Aparıcı: Təşəkkür edirəm. Cənab Prezident, Sizin başçılığınız ilə və qəhrəman oğullarımızın sayəsində biz cəmi 44 gün ərzində uzun sürən bir həsrətə son qoyduq və torpaqlarımızı işğaldan azad etdik. Bu gün bütün dünya Azərbaycan oğullarının, Sizin qəhrəmanlığınızdan danışır. Aramızda müharibə iştirakçıları var. Mən istərdim onların da suallarını eşidək.

Vətən müharibəsi iştirakçısı Orucəli Abbaszadə: Mən Vətən müharibəsi iştirakçısı, gənclər üçün Prezident mükafatçısı, Heydər Əliyev Fondunun layihə koordinatoru və Sizin iştirakınızla açılan Hərbi Qənimətlər Parkının meneceriyəm.

Cənab Prezident, mənim 24 yaşım var və mən Sizin Ali Baş Komandan olduğunuz dövrdə yetişən gənclərdənəm. Siz Şuşaya səfəriniz zamanı Cıdır düzündə Azərbaycan gəncləri haqqında danışdınız. Milli ruhda böyüyən bu gənclərin, xüsusən də Sizin prezidentlik dövrünüzdə yetişən gənclərin Vətən müharibəsindəki rolunu vurğuladınız. Sualım belədir: milli ruhda yetişən bu gənclər bundan sonrakı dövrdə hansı addımlar atmalıdır ki, mənfur düşmənin Azərbaycan xalqının başına gətirdiyi bu bəlalar bir də təkrarlanmasın və müasir Azərbaycan gənci nələr etməlidir ki, ölkəmizin inkişafı üçün daha çox töhfə vermiş olsun? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol. Həqiqətən bu, belədir.

Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.

Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin bir çox dərsləri var - həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.

Əlbəttə ki, bu nəslin yetişdirilməsi üçün biz, sadəcə olaraq, hansısa proqramları tərtib edib, müşavirə keçirib, məruzə dinləyib öz işimizi məhdudlaşdıra bilməzdik. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq. Dediyim kimi, müharibədə sinəsini qabağa verənlər arasında gənclər əksəriyyət təşkil edir. Əlbəttə, Vətən müharibəsi ona görə Vətən müharibəsi adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi.

Gənclərin isə, yenə də deyirəm, bu sahədə rolu böyükdür. Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar.

Aparıcı: Təşəkkür edirik. Növbəti sualı kim səsləndirmək istəyir? Buyurun.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul Babazadə: Cənab Prezident, ilk öncə biz gənclərə verdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Mən şuşalı olsam da, Şuşanı nə görmüşdüm, nə havasını duymuşdum. Lakin ailəmdə uşaqlıqdan həmişə Şuşa haqqında danışılardı. Valideynlərim Şuşa xatirələrindən danışdıqca mənim qəlbimdə Şuşaya qarşı olan məhəbbət daim artırdı. Eyni zamanda, bir inam da var idi ki, biz bir gün mütləq Qarabağa qayıdacağıq, bir gün mütləq Şuşaya qayıdacağıq və belə də oldu. Sizin uğurlu siyasətiniz nəticəsində, qəhrəman gənclərimizin sayəsində, heç vaxt unutmayacağımız şəhidlərimiz sayəsində artıq biz Qarabağa qayıtmışıq. Mən Şuşaya qayıtmışam, Şuşanın havasını duymuşam. Şuşada olduğum müddətdə o gözəllikləri gördükcə, o mənzərələri seyr etdikcə mənim qəlbimdə belə hisslər var idi ki, bir narahatlıq hissi də duyurdum ki, “görəsən görmədən ötüb-keçdiyim yer oldumu?”,- deyə bir az narahat olurdum.

Cənab Prezident, Siz Şuşa şəhərinin işğaldan azad olunmasını xalqa müraciətinizdə bildirdikdə Sizi televiziya qarşısından izləyən Azərbaycan xalqı, eləcə də biz şuşalılar Sizin çıxışınızın hər saniyəsində fərqli-fərqli hisslər keçirdik. Həm sevindik, həm kədərləndik, həm qürurlandıq. Mənim sualım belədir ki, Siz bütün bu hərbi əməliyyatlara rəhbərlik edən şəxs olaraq, Müzəffər Ali Baş Komandan olaraq, Şuşa şəhərinin işğaldan azad olunması xəbəri Sizə məruzə edildikdə hansı hissləri keçirdiniz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol. Şuşa hamımız üçün əziz, doğma şəhərdir. Şuşada olmayanlar, əlbəttə ki, mütləq Şuşada olacaqlar. İndi, bilirsiniz, avtobus turları təşkil edilir, hər Azərbaycan vətəndaşı Şuşaya gedə bilər. İndi oraya getmək üçün gözəl imkanlar yaranıb.

Mən Şuşada, yəni, müharibəyə qədər 1982-ci ildə olmuşam - iki dəfə, atamla birlikdə. O vaxt – 1982-ci ildə həm yay, həm qış aylarında tədbirlər keçirilmişdi, qışda o şaxtalı, qarlı havada Molla Pənah Vaqifin məqbərəsi açılmışdı. Yay aylarında – avqust ayında Vaqif Poeziya Günləri keçirilmişdi. O xatirələrimi mən daim yaddaşımda saxlayırdım. Şuşa işğal olunanda, hamımız hesab edirdik ki, bu müvəqqətidir, bir azdan sonra Şuşa qayıdacaq. O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq, Şuşa bizdədir və sair. Ancaq faktiki olaraq Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək, demək olar, mümkün deyildi. Biz o Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir. Ancaq Şuşa düşmənə təhvil veriləndə, faktiki olaraq, bu, bir xəyanət aktı idi və bu xəyanəti törədənlər Allah tərəfindən cəzalandırılıb.

Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi.

Əlbəttə ki, Şuşasız bizim işimiz nəinki yarımçıq ola bilərdi, natamam ola bilərdi. Bizim məqsədimiz bizim mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Ermənilər isə artıq biz Şuşanı azad edəndən sonra Şuşanı “İsgəndər-M” raketləri ilə bombaladılar. Düzdür, sonra onu inkar etdilər, sonra hansısa gülməli sözlər dedilər, guya ki, bu “İsgəndər” 10 faiz partladı, yəni, bu, uşaq söhbətidir. “İsgəndər-M” raketi qar əriyəndən sonra orada tapıldı və bu gün bax, buradan o qədər də uzaqda olmayan Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Yəni, Şuşa ermənilər üçün yad şəhər idi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbəri də bunu demişdi, mənim sözlərimi təkrarlamışdı. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz? Bütün tarixi abidələri sökmüsünüz? Yaxşı, bu tarixi abidələr Azərbaycan xalqına məxsusdur. Erməni faşist xislətini nəzərə alaraq, bu, bizim üçün sürpriz deyil. Saraylar, məscidlər, erməni vəhşiləri tərəfindən dağıdılıb. Amma bulaqları niyə dağıtmısınız? Yəni, bu, onlar üçün yad şəhərdir. Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?

Bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir. Mənim üçün, sözün düzü, şəhərlər, bölgələr arasında heç bir fərq yoxdur. Hər qarış torpaq mənim doğma torpağımdır və hər bir bölgənin özünəməxsus olan gözəlliyi var. Şuşanın da təbii ki, gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, əlbəttə ki, havası, gözəlliyi. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi və onu da deməliyəm, xüsusilə işğal dövründə.

İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni, bəli Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyildilər. Yəni, mən hesab edirəm, Şuşanın bütün bu təbii gözəlliklərindən başqa Azərbaycan xalqının ürəyindəki yeri məhz onunla bağlı idi ki, bu, Azərbaycanın tərkibindədir, amma, eyni zamanda, süni yaradılmış qondarma qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində idi və elə bil ki, Şuşanın bütün idarəetmə işlərinə ermənilər - Dağlıq Qarabağın mərkəzində oturan ermənilər cavabdehlik daşıyırdı. Məhz ona görə Heydər Əliyev Şuşaya xüsusi diqqət göstərirdi. O vaxt orada bir çox müəssisələr yaradıldı və Xanın vəzirinin məqbərəsini sovet vaxtında ucaltmaq o qədər də asan məsələ deyildi.

İşğal dövründə isə Şuşaya xüsusi münasibət məhz bu ədalətsizliklə bağlı idi. Çünki mənim üçün Ağdamın da, Zəngilanın da, Qubadlının, Kəlbəcərin, Laçının, Füzulinin, Cəbrayılın da işğalı Şuşa işğalı qədər ağrılı idi. Ancaq Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Bunu biz bilməliyik. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı. Məhz bizim milli rəmzimizi qaytarmaq, orada bayraq ucaltmaq bizim vəzifə borcumuz idi və müharibənin ilk günündən biz Şuşaya doğru gedirdik. İndi müharibənin gedişatı təhlil edilir, mən bir neçə dəfə bəzi məlumatları artıq ictimailəşdirdim, hamısını yox. Bizim apardığımız bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı və biz Şuşanı elə azad etdik ki, artıq düşmən öz müqavimətini dayandırmışdı.

Şuşanın azad edilməsi, artıq dediyim kimi, əməliyyat planı əsasında baş vermişdi. Hadrutdan sonra bizim aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdilər. İndi “Zəfər yolu” adlandırdığımız yol yox idi. Şuşaya müxtəlif yerlərdən yaxınlaşaraq, biz hamımız yaxşı bilirdik ki, Şuşanın götürülməsi çox çətin məsələdir. Çünki orada böyük istehkamlar quruldu, biz artilleriya apara bilmədik, zirehli texnikanı apara bilmədik. Yəni, yüngül silahlarla, kim öz üzərində nəyi apara bilib, orada maksimum qumbaraatanlar var idi. Ermənilərin isə tankları, topları - orada güclü istehkamlar qurmuşdular.

Əlbəttə, Şuşadan əvvəl Daşaltı götürülməli idi. İndi Şuşaya gedən hər adam görür ki, əgər Şuşada sən nə dərəcədə hakim mövqeyə sahibsənsə Daşaltı da o qədər zərbə altındadır. Daşaltı götürüləndə əminlik daha da artdı. Şuşa uğrunda döyüşlər bir neçə gün davam etdi. Mən əmin idim ki, bizim əsgər və sabitlərimiz Şuşanı azad edəcəklər. Böyük fədakarlıq, qəhrəmanlıq göstərərək biz buna nail olduq. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Çünki artıq noyabrın 8-də ermənilərin bütün müqaviməti tamamilə məhv edilmişdi. Ancaq ondan bir-iki gün qabaq artıq biz Şuşada idik, orada şəhər döyüşləri gedirdi.

Bu xəbəri alanda mən qürur hissi keçirdim. Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib - Şuşanı görmədən, azadlığı görmədən. Eyni zamanda, əminlik hissi var idi, çünki müharibə hələ bitməmişdi. Düzdür, mən bilirdim ki, artıq müharibənin taleyi həll olundu. Ancaq müharibə hələ bitməmişdi. Ertəsi gün Şuşa, dediyim kimi, “İsgəndər-M” raketləri ilə bombalandı. Xoşbəxtlikdən orada heç bir xəsarət alan olmadı. Əmin idik ki, biz Ermənistanı axıra qədər məğlub edəcəyik. Eyni zamanda, həmin gün mən artıq fikirləşməyə başladım ki, biz müharibədən sonra Cənubi Qafqazdakı yeni reallıqları dünyaya qəbul etdirməliyik.

Ertəsi gün Ermənistan təslim oldu və biz, necə deyərlər, bu bayramı heç bir gün də qeyd etmədən fəal işə başladıq ki, orada möhkəmlənək, bütün mövqelərdə möhkəmlənək və artıq siyasi-diplomatik səylərimizi gücləndirək ki, dünya, aparıcı ölkələr bu reallığı qəbul etsinlər. Bu, bir qədər vaxt apardı. Amma buna da nail olduq.

Aparıcı: Təşəkkür edirik, növbəti sualı eşidək. Kim səsləndirmək istəyir?

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Şəhla Talıbzadə: Cənab Prezident, mən, Sizin təşəbbüsünüzlə Şuşada Topxana meşəsinin bərpası layihəsində iştirak etmişəm. Həmin gün mənim həyatımda qürurverici anlarla yadda qaldı. Biz orda Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri ilə tanış olduq. Biz gənclər işğaldan azad olunan torpaqlarımızın dirçəldilməsi, yenidənqurulması və bərpası işlərində iştirak etməyə hər zaman hazırıq. Cənab Prezident sualım da elə bununla bağlıdır. Bütün bu abadlıq, quruculuq, yenidənqurma işlərində növbəti addımlarda biz gənclərin üzərinə hansı vəzifələr düşür və bununla bağlı bizi hansı təşəbbüslər, hansı layihələr gözləyir?

Prezident İlham Əliyev: Sağ olun. Bərpa işləri geniş vüsət alıb. Keçən il gördüyümüz işlər haqqında kifayət qədər məlumat verilib. Həm mən məlumat vermişəm, həm aidiyyəti qurumların nümayəndələri, eyni zamanda, media vasitəsilə geniş işıqlandırılıb, təkrar etmək istəmirəm. Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq.

İnfrastruktur işlərinə gəldikdə, biz keçən il bütün enerji şəbəkəmizi qurmuşuq. Ancaq bildiyiniz kimi, ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edəndə, onlara vaxt verilmişdi. Əfsuslar olsun ki, onlar bu müddət ərzində bizim meşələrimizi qırmışlar, evləri yandırmışlar, eyni zamanda, orada mövcud olan su elektrik stansiyalarını da söküb dağıtmışlar. Ona görə keçən il biz artıq buna başlamışıq. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Bu, həm ümumi enerji potensialımızı gücləndirəcək, həm də hər yeni yaradılan infrastruktur obyekti iş yerlərinin yaranmasına gətirib çıxarır. Məsələn, Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır, şuşalılardır. Düzdür, onlar uşaq olublar, onlar sizin kimi gəncdirlər. Amma onlar orada artıq fəaliyyət göstərirlər. Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər.

Bu il nəzərdə tutulan layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyə görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var.

Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi... Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada müxtəlif sahələrdə indi minlərlə insan çalışır. Nəzərə alsaq ki, azad edilmiş torpaqlar həm “Ağıllı şəhər” modeli əsasında qurulacaq, “Ağıllı kənd”, yaşıl enerji zonası - bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq. Çünki Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə biz bu siyasəti icra edəcəyik. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir. Ona görə bax, bu torpaqlarda hansı işlər görülməlidir ki, oraya qayıdacaq insanlar, 30 il həsrət içində yaşamış insanlar çox gözəl şəraitlə təmin edilsin.

Mənim o bölgələrə səfərlərim əsnasında o bölgələrdən olan nümayəndələrlə də görüşlərim olub. Onlara da bizim planlarımız təqdim edilib və birlikdə müzakirə etmişik. Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır. Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar.

Aparıcı: Cənab Prezident, aramızda fiziki məhdudiyyətli olan insanlar da var. Sizin bu istiqamətdə atdığınız doğru addımların nəticəsidir ki, biz bu gün həmin şəxsləri də cəmiyyətdə aramızda görürük. İstərdim ki, elə həmin xanımın özündən eşidək.

Yazıçı Cəmilə Məmmədli: Salam cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Cəmilə Məmmədli: Mən yazıçı və aktrisayam. Düşünürəm ki, artıq “Cəmiyyətimizdə əlilliyi olan gənclər nə bacarır” sual olunmaqdan çıxır. Bunun bir çox isbatlarını görürük. Lakin təəssüf ki, Vətən müharibəsindən sonra əlilliyi olan gənclərin sayı artıb. Artıq əlilliyi olan gənclərin özlərini inkişaf etdirə biləcəkləri, bacarıqlarını nümayiş etdirə biləcəkləri, aparıcı rollarda ola biləcəkləri inklüziv platformalara ehtiyac var. Əlbəttə, biz bu istiqamətdə inkişafı görürük, lakin əlavə olaraq hansı tədbirlər nəzərdə tutulur? Bunları bilmək istərdim.

Prezident İlham Əliyev: Əlbəttə, bu işlər görülür və əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Bütövlükdə deyə bilərəm ki, son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var və mən özüm dəfələrlə yeni obyektlərin açılışında iştirak etmişəm. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Haradasa, bir neçə ay bundan əvvəl Bakıda yeni bir mərkəzin açılışında olmuşam və mən bunu çox qiymətləndirirəm, təqdir edirəm. Çünki Azərbaycan cəmiyyəti, indi belə bir söz var leksikonda - inklüziv olmalıdır. Bu söz yeni olsa da, mənası çox yaxşıdır və əslində, həmişə belə olub. Çünki bu xalqımızın xarakterində var, köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox gözəl keyfiyyətdir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək. Tapşırıqlar verilib və bu istiqamətdə əlavə addımlar atılacaqdır.

Şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm hansı ölkələrdə buna oxşar proqram icra edilir. Çünki əfsuslar olsun ki, dünyada müharibələrdən, qanlı toqquşmalardan, münaqişələrdən çıxmış bir çox ölkələr var, amma bu ölkələrdə buna oxşar proqram yoxdur. Mən Ermənistanı demirəm, orada ümumiyyətlə, əlilliyi olan şəxslər cəmiyyətdən kənarlaşdırılıb və müharibədə əlil olan şəxslər də heç bir qayğı ilə əhatə olunmur. Mən bütövlükdə deyirəm. Mən bilmirəm, bu sahədə Azərbaycan qədər bu işləri görən ikinci ölkə var, yoxsa yox. Amma yenə də müqayisə üçün yox, sadəcə olaraq, bizim siyasətimiz bundan ibarətdir. Bax, bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Bu, çox böyük rəqəmdir. Yeddi mindən çox minik avtomaşını, mən bilirəm ki, heç bir başqa ölkədə bu proqram yoxdur. Təkcə keçən il 1600 İkinci və Birinci Qarabağ müharibəsi əlili və şəhid ailələrinə mənzillər verilib - 850 Birinci, 750 İkinci Qarabağ müharibəsi iştirakçılarına. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək. Bildiyiniz kimi, bu mənzillər də çox keyfiyyətlidir və demək olar ki, əksər açılışlarda özüm iştirak etmişəm.

Əlini, qolunu, ayağını itirmiş hərbçilərə protezlər quraşdırılır. Mənə verilən son məlumata görə, haradasa, protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var.

Onu da bildirməliyəm ki, mənim göstərişimlə biz mənzil proqramına Vətən Müharibəsi qəhrəmanlarını da daxil etdik. Onların bir qismi ölümündən sonra bu yüksək ada layiq görülüb, şəhid kimi onların ailələrinə dəstək veriləcək. Digər Vətən Müharibəsi qəhrəmanlarına dövlət tərəfindən keyfiyyətli, geniş mənzillərin verilməsi də artıq başlamışdır. Doxsana yaxın Vətən Müharibəsi Qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib. Yəni, dövlət imkan daxilində bu işləri görəcək və biz buna daha geniş prizmadan yanaşırıq. Təkcə müharibə əlilləri yox, bütövlükdə əlilliyi olan şəxslər dövlət tərəfindən daha böyük qayğı ilə əhatə olunmalıdır. Onları fəal işə, həyata cəlb etmək üçün, onların intellektual potensialından istifadə etmək üçün şərait olmalıdır. Bu, çox böyük əhəmiyyət daşıyır və yenə də deyirəm, bu siyasətin aparılması üçün bizdə gözəl milli ənənələr var. İndi dövlətin də imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır, o cümlədən bu il. Bu, mütləq daim diqqət mərkəzində olacaqdır.

Aparıcı: Bəli, elə o diqqətin nəticəsidir ki, bu gün bizim cəmiyyətdə artıq fiziki qüsurlu sözü yoxdur. Fiziki məhdudiyyət var və biz həmin gəncləri cəmiyyətdə gördükdə o məhdudiyyətin xarici görünüşlə bitmədiyinin şahidi oluruq.

Növbəti sualı kim vermək istəyir? Buyurun xanım, sizin sualınız varsa, eşidək.

Ülviyyə Axundova: Cənab Prezident, mən Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyini və Gənclər Təşkilatları Milli Şurasını təmsil edirəm. Hazırda sosial şəbəkələr əsas məlumat mənbəyinə və reallığa çevrilib. Sizin bütün fəaliyyətlərinizi yaxından izləyirik. Həmçinin Vətən müharibəsində həyəcanla bütün paylaşımları izləyirdik. Bu, bizə həm sosial şəbəkələrin əhəmiyyətini göstərdi, həm də bütün məlumatları dəqiq, operativ və birbaşa mənbədən almağımıza şərait yaratdı. Biz gənclərin də bu istiqamətdə müəyyən fəaliyyətlərimiz var və bizim üçün maraqlıdır ki, sosial şəbəkələrdə fəaliyyətimizi necə dəyərləndirirsiniz və bizimlə bağlı bundan sonrakı gözləntiləriniz necədir? Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və deyə bilərəm ki, bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək. Biz bir daha gördük ki, gənclər arasında Vətənə nə qədər böyük sevgi var. Onu da bildirməliyəm ki, təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər də təəccüblə qeyd edir ki, Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Nə üçün təəccüblə? Çünki həmişə belə oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları hər yerdə fəaldırlar, indi dünyanın aparıcı ölkələrindəki bir çox aparıcı media qurumlarına onlar rəhbərlik edirlər və bu imkandan istifadə edib Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Yəni, hər kəs gözləyirdi ki, informasiya məkanında Ermənistan, yəni, necə deyərlər, erməni tezisləri üstünlük təşkil edəcək. Görəndə ki, biz Ermənistanı burada da üstələdik, təəccüb etdilər. Bu, nəyi göstərir? Onu göstərir ki, ilk növbədə tərbiyə, ikinci növbədə bilik, üçüncü növbədə isə müasir texnologiyalara çıxışımız oldu. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün əlbəttə ki, orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır. Çünki Ermənistan da çalışırdı ki, sosial şəbəkələrdə bizimlə mübarizə aparsın, amma onların mübarizəsi müharibədəki mübarizəyə bənzəyirdi - çox alçaqcasına, çox namərdcəsinə. Onların mübarizə üsulu böhtan, yalan və təhqir idi. Bizimki isə həqiqət və necə deyərlər, ümumi davranış qaydalarına riayət etmək əsasında atılan addımlar idi.

Eyni zamanda, biz həqiqəti deyirdik. Hər gün həm mən öz müraciətlərimdə, həm digər orqanlar həqiqəti deyirdik. Ermənilər isə yalan danışırdılar və bu gün də erməni hərbçiləri və orduda mediaya cavabdehlik daşıyan insanlar da orada artıq lağa qoyulur. Yəni, onların adları yalanın rəmzinə çevrilib. Adam nə qədər yalan danışa bilər?! Özü də bu, mənasız bir yalan idi. Çünki gec-tez bu yalanın üstü açılacaqdı. Həm Füzulinin azad edilməsi, həm Hadrutun azad edilməsi, Şuşanın azad edilməsi ilə bağlı erməni rəsmi təbliğatı öz işini yalan üzərində qurmuşdu. Bu da əlbəttə ki, dünya ictimaiyyəti və şəbəkələrdə fəaliyyət göstərən müxtəlif ölkələrdən olan insanlar üçün də hər şeyi göstərirdi və bizə olan hörmət daha da artdı. Ona görə sosial şəbəkələrdəki fəaliyyət, hesab edirəm ki, müharibə dövründə çox uğurlu olub və bütövlükdə indi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkələrin çox böyük rolu var. Çünki bu, bir yenilikdir və biz hər bir yeniliyə hazır olmalıyıq. Biz o məkanda öz mövqelərimizi əldən verə bilmərik, əksinə, orada daha da güclənməliyik və əlbəttə, Azərbaycan haqqında həqiqətləri çatdırmağa hələ ki, ehtiyac var. Çünki birinci ona görə ki, tam dəqiq məlumat hələ də yoxdur, ikinci, Azərbaycan haqqında, Qarabağ məsələsi ilə bağlı bu gün də qəsdən təhrif edilmiş məlumat ötürülür. Görün, 30 il keçib, ancaq bu günə qədər dünyanın bəzi aparıcı ölkələrində informasiya məkanında ermənilərin nağılları üstünlük təşkil edir. Ona görə yox ki, onlar o nağıllara inanırlar. Ona görə ki, o ölkələrin siyasi maraqlarına cavab verir, yaxud da erməni lobbisinin səslərinə, seçkilərdəki səslərinə ehtiyac var. Ona görə Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Çünki təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında biz erməni lobbisinin, necə deyərlər, uzun erməni qulaqlarını görürük. Yəni, yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilib. Onlar başqa adlar altında gizlənirlər, pərdələnirlər, amma biz bilirik, bu, hansı mənbədən qaynaqlanır və biz buna hazır olmalıyıq. Çünki müharibə başa çatdı, mən demişəm ki, biz üçüncü müharibə istəmirik. Əgər özümüz üçün təhdid görməsək, biz hər hansı bir addım atmaq fikrində deyilik, ancaq informasiya müharibəsi davam edir və bu müharibənin sonu olmayacaq. Bu, bizim seçimimiz deyil, ancaq əgər sənə kimsə hücum edirsə, sən gərək özünü müdafiə edəsən və elə müdafiə edəsən ki, daim qalib gələsən və bütün ilkin şərtlər bizim xeyrimizə işləyir. Çünki həqiqət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Müharibədəki Qələbə ölkəmizə, xalqımıza olan hörməti daha da artırdı. Sadəcə olaraq, fəallıq, düzgün informasiya kanallarının müəyyən edilməsi, müxtəlif istifadəçilərin kateqoriyalarına uyğun olan informasiya həcminin ötürülməsi – bütün bunlar, əlbəttə ki, böyük səriştə tələb edir, məharət tələb edir. Dövlət orqanları da bu sahədə fəal olmalıdırlar və bizim bir çox dövlət qurumlarımız artıq bu imkanlardan istifadə edirlər. Bu, kütləvi xarakter daşımalıdır ki, biz bu yeni informativ məkanda daim öz həqiqətlərimizi çatdıra bilək.

Aparıcı: Təşəkkür edirik. Növbəti sual. Buyurun xanım.

Tələbə Güllü Hüseynli: Cənab Prezident, mən də öz növbəmdə biz gənclərə diqqət ayırdığınız və bizə belə bir fürsət verdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm, həm də startapçıyam və gənc sahibkar olmaq istəyirəm. Elə sualım da bununla bağlı olacaq. Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz? Öncədən çox təşəkkürlər.

Prezident İlham Əliyev: Sağ olun, siz tamamilə haqlısınız, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. Məncə artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Yəni, o da təsadüfi deyil ki, nə üçün Davos Ümumdünya İqtisadi Forumu, - bu, bildiyiniz kimi, dünya miqyasında ən mötəbər, ən nüfuzlu forumdur və bu forumda dünyanın aparıcı ölkələrinin dövlət, hökumət başçıları iştirak edirlər. Yəni, onu bilməliyik ki, Davos səviyyəsində ikinci forum yoxdur - istər iqtisadi olsun, istər siyasi və bütün region üçün məhz Azərbaycan seçildi. Təkcə bir ölkə kimi yox, Cənubi Qafqaz və ətraf ölkələr üçün. Nə üçün? Birinci ona görə ki, bizə inam var. İkinci ona görə ki, Azərbaycan sabit ölkədir və Davos Forumunun hesabatlarında - onlar hər il dərc edilir - Azərbaycan bir çox parametrlər üzrə həmişə qabaqcıl yerlərdədir. O cümlədən hökumətin islahatlara meyilliliyi indeksinə görə biz birinci onluqdayıq. Təsəvvür edin, dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox şeylərə aydınlıq gətirir. Artıq bu işlərə start verildi və bizim istəyimiz nədir? Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq, siyasətimiz budur.

Əlbəttə ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki, o da mümkündür və o da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır.

Amma prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və bir addım arxada olmalıyıq, texnologiyaları icad edənlərdən bir addım geridə. Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik - həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik. Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır. Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul verək, təkan verək, insanların peşə profilini dəyişdirək. Bu da çox böyük zəhmət və bilik tələb edən sahədir. Yəni, biz Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır. Ona görə burada, yenə də deyirəm, dövlət qurumları tərəfindən çox ciddi iş aparılmalıdır. İlk növbədə, Təhsil Nazirliyi, nazir buradadır, onlar bunun üzərində işləyirlər. İqtisadiyyat Nazirliyi, çünki İqtisadiyyat Nazirliyinin əlində olan alətlərlə biz müxtəlif sahələri inkişaf etdirə bilərik, stimullaşdıra bilərik. Bu, elə bir genişmiqyaslı işdir ki, hökumət bütövlükdə, bütün hökumət üzvləri burada fəal olmalıdırlar ki, biz geridə qalmayaq.

Aparıcı: Təşəkkür edirik. Buyurun, sualınızı eşidək.

Tələbə Orduxan Qəhrəmanzadə: Cənab Prezident, Ümummilli Liderin bizə miras qoyduğu bu gündə bizi qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Mən ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasının sonuncu kurs tələbəsiyəm. Eyni zamanda, Qoşulmama Hərəkatının Sizin təşəbbüsünüzlə təsis olunan Gənclər Şəbəkəsinin rəhbəri vəzifəsini icra edirəm. Həm Azərbaycanda, həm də xaricdə beynəlxalq təhsil mübadiləsi proqramları çərçivəsində təhsil aldığım müddətdə könüllülük hərəkatının bir parçası olmağa, aktiv iştirakçısı olmağa çalışmışam. Ölkəmizdə Sizin dəstəyinizlə son illərdə könüllülük hərəkatı geniş vüsət almışdır. Xüsusilə də 2020-ci ilin “Könüllülər İli” elan olunmasının bu prosesdə müstəsna rolunu xüsusi olaraq vurğulamaq istəyirəm. Sualım da elə könüllülüklə bağlıdır. Mən bilmək istəyirəm ki, Sizin Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün, könüllülüyün təbliği üçün bizimlə, gənclərlə bağlı düşüncələriniz nələrdir və bizə tövsiyələriniz nədir? Sağ olun.

Prezident İlham Əliyev: Könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir və bildiyiniz kimi, bu hərəkat bizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır, ASAN könüllüləri ilk könüllülərimiz olmuşdur. Ancaq onu deməliyəm ki, yenə də əgər bizim adət-ənənələrimizə qayıtsaq, Azərbaycan xalqı ehtiyacı olanlara həmişə kömək edirdi. Bizim milli xüsusiyyətimiz bundan ibarətdir. Ona görə könüllülük bizim elə bil qanımızdadır. Sadəcə olaraq, bunu hərəkat çərçivələrə gətirmək üçün təşkilatı addımlar olmalı idi, bunlar da atıldı. İndi “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qrupları var, mən bunu alqışlayıram. Bu, həm gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə toplayırlar. “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatıb. Bu günlərdə 22-cisi Gəncədə açılıb və artıq orada da 80-dən çox könüllü işə cəlb olunur. Bütövlükdə “ASAN xidmət” yarandıqdan bu günə qədər bəlkə də on minlərlə könüllü bu mərkəzlərdə çalışıb və sonradan onların bir çoxu həyatda özünü təsdiqləyib. Çünki orada əldə edilən həm iş təcrübəsi, eyni zamanda, mədəni davranış və orada insanlara aşılanan xeyirxahlıq, əlbəttə ki, hər bir gəncin keyfiyyətlərini daha da artırır. Beləliklə, könüllülər hərəkatı Azərbaycanda indi, yenə də deyirəm, genişlənib, geniş vüsət alıb.

Mən göstəriş vermişdim ki, dövlət qurumlarında könüllülərdən ibarət qruplar yaradılsın. Hesab edirəm ki, özəl şirkətlər də bu işə cəlb edilməlidir. Əslində, bu, çox nəcib bir işdir, təmənnasız kiməsə kömək etmək doğrudan da çox nəcib bir işdir. Yenə də bu ictimai xidmətlərə qayıdarkən demək istəyirəm ki, adətən ictimai xidmətlər sektoru ən ağrılı, problemli, korrupsiyalaşmış və kobud davranış ənənəyə çevrilmiş bir sektor idi. Ona görə bax, yeni yanaşma bu cəmiyyəti sağlamlaşdırır. Bu, təkcə korrupsiya, rüşvətxorluqdan azad etmək yox, sadəcə olaraq, eyni zamanda, cəmiyyətin elə bil ki, saflığını artırır. Çünki Azərbaycan xalqı həmişə mədəni xalq olub. Bizdə, cəmiyyətdə davranış qaydaları da çox özünəməxsusdur. Ona görə Azərbaycana gələn xaricilər həm Bakıya aşiq olurlar, eyni zamanda, mən bir çoxlarından eşitmişəm ki, onları ən çox təsirləndirən insanların münasibətidir. Yəni, bu, reallıqdır, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Bu da haradan gəlir? Birincisi ənənələrdən, ikincisi, dövlət siyasətindən. Çünki siyasətimiz də ənənələrə bağlıdır. İndi biz bəzi yerlərdə eşidirik, görürük ki, məsələn, xaricdən gələnlərə münasibət fərqlidir, yəni, o qədər də xoş deyil, əksinə, hansısa ziddiyyətlər, qarşıdurmalar yaranır. Bizdə bu, ümumiyyətlə ola bilməz. Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərdən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var.

Aparıcı: Təşəkkür edirik. Növbəti sual? Buyurun, sizi eşidək.

Tələbə Aybəniz Həşimova: Salam, cənab Prezident. Mən, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsiyəm, Milli Qəhrəman Polad Həşimovun qızıyam. Bir az həyəcanlıyam, üzr istəyirəm. Mən fürsətdən istifadə edərək şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğı üçün Sizə təşəkkür etmək istəyirəm. Sualım yoxdur, çox sağ olun.

Prezident: Çox sağ ol, sənə uğurlar arzulayıram.

Həşimova Aybəniz: Təşəkkür edirəm.

Prezident: Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.

Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik. Onsuz da biz bunu bilirdik və mən artıq bunu demişəm. Sirr deyil, uzun illər artıq mən görürdüm ki, danışıqlar yolu ilə, mənasız, boş-boş danışıqlar yolu ilə bu məsələ həll olunmayacaq. Danışıqlardan nə üçün çıxmırdıq, onu da deməliyəm. Çünki biz əgər danışıqlardan çıxsaydıq, başlayacaqdılar bizi ittiham etməyə. Onsuz da bu məsələ ilə məşğul olanlar fürsət axtarırdılar ki, bütün o yükü yıxsınlar bizim üzərimizə. Onsuz da 1993-cü ildə qəbul edilmiş 4 qətnaməni elə bil ki, kənara qoymaq istəyi olmuşdur. Halbuki, orada açıq-aydın göstərilir ki, erməni qüvvələri dərhal və qeyd şərtsiz bizim torpaqlarımızdan çıxmalıdır. Ona nəinki əməl edilmədi, eyni zamanda, biz onu unutdurmaq istəyi ilə də üz-üzə gəldik. Ona görə mən çoxdan bilirdim ki, müharibə qaçılmazdır. Ordumuzun gücləndirilməsi və bütün digər tədbirlər bu məqsədi güdürdü. Ancaq Polad Həşimovun qəhrəmancasına və onunla bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da, eyni zamanda, sarsıtdı və hərəkətə gətirdi. Çünki müharibəni aparmaq üçün bütün amillər olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik və xalqın, necə deyərlər, birliyi və xalqın hazır olması. Baxın, bizdə müharibə dövründə bir nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı. Təsəvvür edirsənmi? Burada torpaqlar əldən gedir, bunlar isə bax, burada, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə ki, yox. İnam yox idi və orada torpaqlar əldən gedirdi, burada isə bu yaxın yerlərdə, bu Milli Məclisin qabağında mitinqlər təşkil edirdilər, biri-birini ittiham edirdilər, boş-boş sözlər deyirdilər, vədlər verirdilər. Hamısı da boş idi. Ona görə xalq da hazır olmalı idi. Polad Həşimov öz şəhadəti ilə, deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı.

Mən bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik. Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir sual bu günə qədər yadımdadır. Bir jurnalist demişdi ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Bu müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb etdim, gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orada Sizi ittiham edəcəklər, deyəcəklər, nə üçün İlham Əliyev bu müharibəni başlayıb ki, biz yaxınlarımızı itirmişik. Dedi ki, mən bir çox yerlərdə, döyüş yerlərində olmuşam, belə ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın. Bilirsən, bax, budur, xalq. Xalq buna hazır olmalı idi və hazır oldu. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq.

Aparıcı: Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Davam edirik suallarla. Buyurun, özünüzü təqdim edin.

Ramtiq Alızadə: Mən, Sizin 2019-cu il 1 oktyabr tarixli Sərəncamınızla fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri, eyni zamanda, “Yüksəliş” müsabiqəsinin qaliblərindən biriyəm. Həm təmsil etdiyim qurumun fəaliyyəti çərçivəsində, eyni zamanda, “Yüksəliş” müsabiqəsinin gedişatı dövründə ölkəmizdə kifayət qədər potensiallı, təcrübəli gənclərin, gənc kadrların olduğunun şahidi olmuşam. Həmçinin Sizin bildirdiyiniz kimi, gənclər üçün həm ölkə daxilində, həm ölkə xaricində müxtəlif imkanlar yaradılmaqdadır. Mən xüsusilə gənclər üçün yaradılan xaricdə təhsil imkanları ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bildiyiniz kimi, bir çox gənclər dövlət proqramları vasitəsilə xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıdıb burada səmərəli fəaliyyət göstərirlər. Lakin bir qisim gənclər isə təhsil aldıqları həmin ölkədə qalırlar. Sözsüz ki, bu, cəmiyyətdə də müəyyən müzakirələrə səbəb olur. Bir qrup düşünür ki, bu, ölkədən kapital və beyin axınıdır, digər bir qrup isə hesab edir ki, bu, bizim xaricdə qeyri-formal təmsil olunmağımız, eyni zamanda, lobbiçilik fəaliyyətimiz üçün yeni imkanlar yaradır. Mən bilmək istərdim ki, Siz bu barədə nə düşünürsünüz, eyni zamanda, dövlətin bu prosesi tənzimləməklə bağlı hər hansı bir planları varmı?

Prezident İlham Əliyev: Sağ olun. Mən hesab edirəm ki, hər iki tərəf haqlıdır. Həm əlbəttə ki, beyin axınıdır, eyni zamanda, xaricdə qalan azərbaycanlılar, onların böyük əksəriyyəti Azərbaycana bağlı olurlar, onların ürəkləri Azərbaycanla bir döyünür və öz fəaliyyəti ilə bizə yaşadıqları ölkələrdə xeyir gətirirlər. Xaricdə təhsil alan gənclərlə bağlı proqramı biz 2007-ci ildə başlamışıq. 2006-cı ildə qərar verildi, sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edilməyə başlandı. Onu da deməliyəm ki, burada da bir yenilik yox idi, çünki sovet vaxtında Heydər Əliyevin göstərişi ilə Azərbaycan gəncləri, yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə ezam edilirdi, özü də güzəştli şərtlərlə. Onlar o ali məktəblərə daxil olurdu. İmtahanlar Bakıda verilirdi və elə bil ki, onlar müsabiqədənkənar bir formatda oxuyurdular. Hər il bu proqram icra edilirdi, heç bir başqa sovet respublikasında buna oxşar proqram yox idi və məqsəd gəncləri yetişdirmək və yaxşı biliklər vermək idi. Çünki sirr deyil ki, o vaxt Sovet İttifaqının, xüsusilə Rusiya Federasiyasının ali məktəblərindəki təhsilin səviyyəsi Azərbaycan ali məktəblərindəkindən çox fərqlənirdi və beləliklə, hər il haradasa, 800-ə qədər gənc ezam edilirdi. Onların arasında indi bir çox tanınmış adamlar da var və onların böyük hissəsi Azərbaycana qayıdıb. Düzdür, o vaxt biz vahid ölkədə yaşayırdıq, amma yenə də atam istəyirdi ki, daha çox qayıtsınlar bura və burada çox güclü bir mütəxəssislər sinfi yaradılsın. Ona görə bax, bu təcrübəni əsas götürüb mən də bu təşəbbüslə çıxış etdim. Yadımdadır, o vaxt müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər ki, biz mütləq şərt qoymalıyıq. Bir halda ki, dövlət onları oxudur, şərt qoymalıyıq ki, onlar qayıtsınlar və Vətənə xeyir versinlər. Mən isə buna razılaşmadım. Mənim arqumentlərim o idi ki, birincisi, biz bunu nə üçün edirik? Ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intellektual potensialının möhkəmləndirilməsi. Deməliyəm ki, biz gəncləri 30-dan çox ölkəyə, müxtəlif ölkələrin 300-dən çox ali məktəblərinə ezam edirdik. Bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi.

Onu da deməliyəm ki, bu xərclər Neft Fondundan təşkil edildi. Bununla da biz bu proqramın əhəmiyyətini bir daha qeyd edirdik. Çünki bildiyiniz kimi, Neft Fondundan vəsait əsasən məcburi köçkünlərin evlərinin tikintisi üçün istiqamətləndirilirdi. O vaxt mən demişdim ki, yox, biz belə bir şərt qoymamalıyıq. Birincisi, belə bir şərt qoysaq, nahaq iş görərik. İkincisi və ən önəmlisi, biz Azərbaycanda elə şərait yaratmalıyıq ki, onlar özləri gəlsinlər, zorla yox. 2006-cı ildə biz bu proqrama başlayanda, Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb. 3500 təqaüd verilmişdi və onlar qayıdıb. Ondan sonra biz bu proqramı dayandırdıq, çünki təhlil aparmaq lazım idi: Qayıdanların neçə faizi işlə təmin edilib, neçə faizi dövlət, neçə faizi özəl strukturlarda işlə təmin edilib, onların karyerası necə inkişaf edir. Bütün bu məlumat Təhsil Nazirliyində var, bütün bu təhlil aparılıb. Yəni, çox uğurlu proqram idi. Ona görə yeni proqram artıq işlənilib və müvafiq sərəncam keçən il verilib. Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın, tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. Haradasa, ildə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir.

İndiki şəraitdə isə mənim tövsiyəm odur ki, onlar qayıtsınlar. Çünki indi Azərbaycan ovaxtkı Azərbaycan deyil, Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat hiss edirlər. Heç bir təhlükə yoxdur - sabitlik, əmin-amanlıq, xoş ab-hava.

İndi əfsuslar olsun ki, dünyanın bir çox yerlərində o günlərdən bu günə qədər vəziyyət dəyişib. 2006-cı ildə, baxın, nə qədər ölkə alov içində idi və bu gün alov içində olan ölkələrin sayı nə qədər artır. Eyni zamanda, 2006-cı ildə biz bu proqrama start vermişik, əgər biz indiki günü müqayisə etsək, görərik ki, Qərbdə islamofobiya nə qədər artıb. Yəni bu, həqiqətdir və bu həqiqət artıq bir çox ölkələri sarsıdır. Bir tərəfdən demoqrafik problemlər, insan resurslarının çatışmazlığı, digər tərəfdən miqrantlara - onların da böyük əksəriyyəti müsəlmanlardır - mənfi münasibəti, onlara qarşı təhqiredici addımları, onları qəfəsdə saxlama görüntülərini biz hamımız görmüşük. Yəni mən bunu, sadəcə olaraq, reallıq kimi deyirəm. Biz real həyatda yaşayırıq, virtual həyatda yaşamırıq. Ona görə, o vaxtdan bu günə qədər bir çox dəyərlər də o istiqamətdə dəyişib və mən onlara heç dəyər deməzdim. Amma orada qalacaq azərbaycanlı uşağı necə böyüdəcək, hansı mühitdə böyüdəcək, onun uşağına kim dərs verəcək, nəyi öyrədəcək ona? Bunu düşünmək lazımdır və bütün bu amilləri nəzərə alaraq mən çox tövsiyə edərdim ki, qayıtsınlar öz Vətəninə, Vətənə xidmət etsinlər. Bizim iqtisadiyyatımız indi dünya iqtisadiyyatının bir parçasıdır, əmək resurslarımız da, həmçinin. İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər, top-menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər. Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər.

Aparıcı: Təşəkkür edirik. Növbəti sual. Buyurun, eşidək sizi.

Dağ Yəhudi İcmasının nümayəndəsi Rolan Yusupov: Salam, hörmətli cənab Prezident. Mən Dağ Yəhudi İcmasının nümayəndəsiyəm və hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kursunun tələbəsiyəm. Mən Sizi gördüyüm üçün çox xoşbəxtəm. Dörd gün əvvəl biz İcma ilə birlikdə Qubada yerləşən dünyanın ilk Dağ Yəhudi Muzeyini ziyarət etdik. Bu, mənim üçün çox möhtəşəmdir. Mən onunla fəxr edirəm. Çünki Azərbaycan bu muzeyə malik olan ilk və yeganə ölkədir. Bu da Azərbaycanın tolerantlığını və multikulturalizmini bir daha vurğulayır. Mən qeyd etmək istərdim ki, bir çox xarici ölkələrdə yaşayan yəhudilər ksenofobiya və rasizmə məruz qalırlar. Onun nümayişi Ermənistan ölkəsidir. Bağışlayın, bir az həyəcanlıyam. Ermənistan monoetnik ölkədir və antisemitizmin ən yüksək səviyyəsi məhz oradadır. Mənim sualım ondan ibarətdir ki, cənab Prezident, bu tolerantlığı və sərvətimizi qorumaq üçün nə etməliyik, bizim gənclərimiz nə etməlidir?

Prezident İlham Əliyev: Sağ ol. Bəli, dediyin kimi, Ermənistan monoetnik dövlətdir və Ermənistan adlandırılan indiki ərazi heç vaxt monoərazi olmayıb. Çünki orada yaşamış, əzəli torpağında olan azərbaycanlılar tədricən oradan qovuldu və digər millətlər də qovuldu. Mənə verilən məlumata görə, Ermənistanda hansısa qondarma, yalançı bir yəhudi icması da yaradıblar, amma onun rəhbəri ermənidir. İndi təsəvvür edin, Ermənistanda bu ksenofobiya, antisemitizm və irqçilik nə dərəcədə geniş vüsət alıb. Ermənistan adlandırılan ərazidə azərbaycanlılarla yanaşı, digər xalqlar da yaşayıb və onlar tədricən oradan qovulub və təbii ki, ən böyük ədalətsizlik xalqımıza qarşı edilib. Çünki azərbaycanlılar öz doğma torpaqlarından bir neçə mərhələ ilə qovulmuşdur. Əlbəttə, biz 1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı - qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Göstərilən səbəblər də, necə deyərlər, keçərsizdir, yəni, onları səbəb kimi adlandırmaq olmaz və bu cinayəti heç vaxt bağışlamaq və əsaslandırmaq olmaz. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar. 1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Bu da böyük ədalətsizlik idi. Onu da deməliyəm ki, o vaxt Zəngəzuru bizdən alanda indiki Ermənistan ərazisində yerləşən Zəngəzur indiki sərhədlərdə olmayıb, daha az ərazini əhatə edib. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər. Bu proses ancaq 1969-cu ildə dayandı. 1969-cu ilə qədər bu proses gedirdi. Heydər Əliyev Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana verilmədi. Ondan sonra, 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Onlar, dağ yerlərində yaşamağa öyrəşmiş insanlar Aran zonasına köçürüldü, özü də o vaxt orada heç kim yaşamırdı - nə su var idi, nə yaşamaq üçün şərait var idi - bir çoxları da orada həlak oldular. Bunun da bəhanəsi o idi ki, guya xaricdə, Avropada yaşayan ermənilər qayıdacaq. Amma birincisi, onların bir çoxu heç qayıtmadı, ikincisi, əsas məqsəd yenə də azərbaycanlıları öz doğma torpaqlarından didərgin salmaq idi.

Nəhayət, axırıncı etnik təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən azərbaycanlılar tamamilə çıxarıldı, ondan sonra da Qarabağ münaqişəsi baş verdi. Yəni, bu, xalqımıza qarşı sovet hakimiyyəti tərəfindən törədilmiş cinayətdir və ədalətsizlikdir. O xalqa ki, İkinci Dünya müharibəsində həlledici rol oynayıb. Əgər bizim neftimiz olmasaydı, faşist Almaniyası Sovet İttifaqını məğlub edəcəkdi. Bunu hər kəs bilməlidir. Azərbaycan nefti faktiki olaraq sovet ordusunun İkinci Dünya müharibəsindəki qələbəsini böyük dərəcədə şərtləndirdi. Ancaq bizə qarşı müharibədən üç–dörd il sonra belə ədalətsizliyin edilməsi nə dərəcədə əsaslı idi. Bu, vicdansızlıq idi, xalqımıza qarşı cinayət idi. Ondan sonra erməni separatçıları baş qaldıranda onu elə yerində də dayandırmaq olardı. İstəmədilər, əksinə, separatizm meyillərinə rəvac verdilər və öz ölkələrini də məhv etdilər. Sovet İttifaqının dağılması ermənilərin separatizmindən başlamışdır. Yəni, bu, real tarixdir. Biz heç vaxt bunu unutmamalıyıq və bilməliyik.

Bizə gəldikdə isə Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz də birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar. Əminəm ki, bu, belə olacaq.

Baxın, indi siz də qeyd etdiyiniz kimi, Ermənistana. İndi onlar bütün xalqları Ermənistandan qovub, ilk növbədə, azərbaycanlıları və digər xalqları. İndi monodövlətdir, heç bir başqa millət orada yaşamır. Amma bu, onlara kömək etdimi? Yox. Bu monodövlət böyük problemlərə gətirib çıxaran amillərdən biridir. Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür. Hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan. Bir daha göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir. Ona görə Ermənistanın gələcəyi isə bax, necə deyərlər, indiki rəzil durumdakı kimi olacaq. Çünki baxın, indi ermənilərdən başqa heç kim yaşamır, amma onlar bir-birilərini hər gün didirlər, bir-birilərini satqınlıqda, xəyanətdə və sair ittiham edirlər. Bütün o daxili aqressiyanı bir-birilərinə yönəldiblər. Əvvəlki iqtidar indiki iqtidara qarşı, indiki iqtidar əvvəlki iqtidara qarşı bir-birilərini ittiham ediblər, edirlər, kim Qarabağı əldən verdi, kim bu məğlubiyyətdə günahkardır. Onların hər biri günahkardır, hər biri, Ermənistanın başında duranlar, hamısı. Çünki öz zəhərli ideologiyası ilə erməni xalqının beynini zəhərlədilər, bizə qarşı qaldırdılar, özləri haqqında olmayan mifləri uydurdular, özləri də o miflərə inanmağa başladılar. Sonra bizim yumruğumuz onların başını əzəndə təəccüb edirdilər ki, necə oldu. Ona görə ki, monodövlətdir və monodövlətlərin axırı, bax, belə olacaq.

Bir daha demək istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır.

Aparıcı: Təşəkkür edirik. Növbəti sual. Buyurun, sizi eşidək.

Ruslan Qasımov: Çox hörmətli Ali Baş Komandan, cənab Prezidentimiz. Mən, Yeni Azərbaycan Partiyasının üzvüyəm, həm də Sizin dediyiniz kimi, dövlət dəstəyi ilə xaricdə beynəlxalq münasibətlər və diplomatiya üzrə təhsil alan bir gəncəm. Bilirsiniz ki, müasir qlobal dünyamızda müəyyən siyasi toqquşmalar, dini etiqadlar uğrunda mübarizələr gedir. Məhz belə halda, Siz bayaq çıxışınızda da vurğuladınız ki, gəncliyi ələ almaq asandır. Belə hal olduğu təqdirdə, bütün hədəflər gəncliyə yönəlir. Bu gün müasir Azərbaycan gəncliyi, əlbəttə ki, bu mövzuda Sizdən çox gözəl ilham, böyük güc, qüvvət alaraq düzgün hədəflərə doğru irəliləyir. Amma ətrafda əfsuslar olsun ki, bəzi kənar qüvvələrin müdaxiləsinə tuş gəlmiş gənclik də var. Mən, ilk öncə bilmək istəyirəm, Siz bu gəncliyə nə tövsiyə edirsiniz ki, bu cür kənar hədəflərə tuş gəlməsinlər.

Prezident İlham Əliyev: Bilirsiniz, kənar təsir məsələsinə gəldikdə, əlbəttə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu təsirin məqsədi nədir. Əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir məsələ. Ancaq əfsuslar olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında konkret planlar var və yenə də gənclər ən məqbul kateqoriya hesab olunur. Çünki gəncdirlər, onlar daha fəaldırlar. Hər bir cəmiyyətdə qüsurlar var, hər bir cəmiyyətdə çatışmazlıqlar var, bu, qaçılmazdır. Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür. İndi Yaxın Şərq ölkələrinə baxın. Faktiki olaraq artıq bu böhranla üzləşmiş ölkələr öz sərhədlərini formal olaraq saxlasalar da, de-fakto o sərhədlərə nəzarət etmirlər. Yəni, belə çıxır ki, Yaxın Şərqdə yeni de-fakto sərhədlərin müəyyən edilməsi prosesi davam edir. Hələ bu ərəb inqilablarından əvvəl belə fikirlər dolaşırdı ki, vaxtilə sərhədlər düzgün müəyyən edilməyib. Biz yaxşı bilirik ki, o sərhədləri kim müəyyən edib. Bir neçə ölkənin nümayəndəsi karandaşla yeni sərhədlər cızıblar və hesab edirdilər ki, buna onların haqqı çatır. Sonra gördülər ki, artıq o ölkələr böyüyür, əhali böyüyür, bəzi ölkələr zənginləşir və sözə baxmır. Ona görə qərara gəldilər ki, yeni bölgü aparılsın və de-fakto bu bölgü aparıldı. Daha mən xırdalamaq istəmirəm, hər kəs başa düşür mən nəyi nəzərdə tuturam. Nəticə etibarilə nə oldu? Ölkələr faktiki olaraq öz müstəqilliyini itirdilər. Bölündülər - biri üç yerə, biri dörd yerə, biri beş yerə. Bəzi yerlərdə, ümumiyyətlə bilinmir ki, kim nəyi idarə edir. Yəni, elə bil, necə deyərlər, ibtidai quruluşa doğru yuvarlanırlar. Kim bundan faydalanır? Yenə də pərdənin arxasında gizlənənlər. Çünki “böl və hökm sür” tezisi hələ də qüvvədədir. Bu, dərs olmalıdır? Əlbəttə, dərs olmalıdır.

Yadımdadır, ərəb baharı olanda burada da bəziləri deyirdilər ki, Azərbaycan da bu ərəb baharının bir parçası olmalıdır. Halbuki bizə bunun heç bir aidiyyəti yoxdur və Azərbaycanda daxili təhlükə mənbəyi də yoxdur. İndi postsovet məkanına baxaq. Orada da demək olar ki, ifaçılar eyni idilər. Postsovet məkanında neçə rəngli inqilab oldu? O ölkələrin xalqları daha yaxşı yaşamağa başladılar? Yox. Nə oldu? Xaos, anarxiya, idarəolunmaz vəziyyət. Bu günə qədər davam edən siyasi çəkişmələr, siyasi repressiyalar və iqtisadi cəhətdən deyə bilmərəm ki, üstünlük oldu. Əksinə, sabitlik pozulan yerlərə investisiya qoyulmur, nə yerli, nə xarici.

Biz də bu təhlükə ilə üzləşmişdik və mən yaxşı xatırlayıram 2003-cü ildə Prezident vəzifəsinə seçilmişdim. O vaxt da mənim qələbəmi şübhə altına almaq istəyənlər olubdur. Ancaq əsas gücü onlar 2005-ci ilə - parlament seçkilərinə saxlayırdılar. O vaxt bir çox postsovet ölkələrində rəngli inqilablar olmuşdu və hətta növbəti istiqamət Azərbaycan hesab olunmuşdu. Amma alınmadı. Nə üçün? Çünki xalq dəstəkləmədi, bir. İkincisi, o oyunçuları düzgün seçməmişdilər. Yəni, o marionet oyunçular o vəzifəni icra edə bilmədilər, özləri də biabır oldular. Amma bundan sonra o cəhdlərə ara verildi ki? Yox, yeni formalara keçdi. Yəni, 2005-ci ildə keçmədi, çalışdılar, ərəb baharı 2012-də keçmədi, ondan sonraya saxladılar.

Bununla yanaşı, informasiya təxribatları davam edir, informasiya agentliklərindən istifadə olunur. İndi Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bunu mən demirəm, o deyir. O, hər halda bizdən yaxşı bilir, nə nədir. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür. Bu, çox bəsit bir texnologiyadır, amma əfsuslar olsun ki, bəzi yerlərdə bu, işləyir. İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları. Hamısı da Azərbaycana qarşı uzun illərdir mübarizə aparır, o cümlədən Qarabağ məsələsində. Hamısında da ermənilər aparıcı rollardadır. Onların adları da məndə var, sadəcə olaraq, bunu siz də tapa bilərsiniz - “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Haradan maliyyə alırlar? Ona da baxmaq olar, böyük dövlətlərin büdcələrindən. Kim deməli musiqini sifariş edir, o da, necə deyərlər, söz sahibidir. Hədəf Azərbaycandır, Azərbaycan rəhbərliyidir. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab alınmadı, çevriliş alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən istifadə edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni üsullar axtarılır və hədəf gənclərdir. Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır.

Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Deməli, biz elə etməliyik ki, bu, daim davam etsin. Elə etməliyik ki, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən siz gənclər elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər. Biz onları bütün meydanlarda məğlub etmişik – həm siyasi, həm də bütün başqa meydançalarda. Onların axırıncı arqumenti işğal edilmiş torpaqlar idi, o da onların əlindən çıxdı. Ona görə indi onlar Ermənistanla birlikdə yeni planlar cızırlar. Məsələn, indi internetdə məşhur şəkil var - Soros və Nikol Paşinyan. Bilmirəm, görmüşünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür.

Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar.

Aparıcı: Təşəkkür edirik. Növbəti sualı olan var? Buyurun, sizi də eşidək.

Rəssam Elçin Hüseyn: Salam, cənab Prezident, mən rəssamam, eyni zamanda, Azərbaycan Dövlət Rəsm Qalereyasında Ekspozisiya şöbəsinin müdiriyəm. Rəssamlar, ümumiyyətlə, cəmiyyətin mənəvi cəhətdən ən həssas təbəqələrindən biri sayılır. Baş verən bütün proseslər, - istər siyasi, istərsə də iqtisadi olsun, - bizim yaradıcılığımızda öz əksini tez tapır. Böyük bir Qələbə qazandıq, böyük müharibə keçdik. Sizə təşəkkür etmək istəyirəm ki, artıq Qarabağla bağlı sərgilərə girəndə əvvəlki kimi, matəm ab-havası yox, toy-bayram ab-havası canlanır. Eyni zamanda, Qarabağ Azərbaycanın incəsənət məkanlarından biri olub, incəsənətin beşiyi olub və bir çox sənətkarlarımız məhz Qarabağdan çıxıblar. Soruşmaq istəyirəm ki, bu yenidənqurma işlərindən sonra ümumiyyətlə, kreativ sənayenin Azərbaycan iqtisadiyyatına öz təsirini göstərə biləcəyini planlayaraq hansı addımlar atılacaq və Qarabağın incəsənətin beşiyi olması imicini yenidən bərpa etmək üçün hansı planlar düşünülür?

Prezident İlham Əliyev: Sağ ol. Əlbəttə, qaldırdığın məsələ çox vacibdir. Bilirsiniz, bu yeni vəziyyət, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda geniş bir fəaliyyət meydanı açır. Onu da deməliyəm ki, bu gün bəribaşdan bütün istiqamətlər üzrə dəqiqliklə addımları planlaşdırmaq bir qədər çətindir. Çünki biz hökumət, dövlət olaraq, əlbəttə ki, qarşımızda duran əsas vəzifələrin üzərində öz fəaliyyətimizi qururuq. Qeyd etdiyim kimi, ilk növbədə, əlbəttə, bərpa işləri, orada minalardan təmizləmə işləri, ondan sonra infrastruktur, daha sonra yaşayış yerlərinin, iş yerlərinin tikintisi və ondan sonra vətəndaşların oraya qayıtması. Yəni, bu, bizim gündəliyimizi, əgər belə demək mümkündürsə, zəbt edən əsas məsələdir. Ancaq bununla yanaşı, - artıq biz bunu həyatda görürük, - Qarabağın və Zəngəzurun mədəni həyatının dirçəldilməsi istiqamətində də önəmli addımlar atılmalıdır. Biz artıq buna başlamışıq. Məsələn, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bunun gözəl nümunəsidir. Yəni, bunlar artıq ənənəsi bərpa olunmuş tədbirlərdir.

Məsələn, bir təklif də var idi və hesab edirəm ki, bu, sizin də sözünüzlə uzlaşır - azad edilmiş torpaqlarda rəssamlıq müsabiqələrini keçirmək. Məsələn, mən hətta Operativ Qərargaha təklif etmişdim ki, bu il yaz-yay aylarında dünyanın müxtəlif yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək. Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır. Çünki bu dağıntılar bir azdan sonra olmayacaq. Düzdür, biz hər bir şəhərdə müəyyən kvartal saxlayacağıq ki, xalqımız erməni vəhşiliyini heç vaxt unutmasın. Amma, əlbəttə, biz bütün bu mənzərəni görməyəcəyik, çünki dağıntılar aradan götürüləcək. Amma biz bunu indi foto, video sənədlərdə sənədləşdirmişik. Bunu təsviri sənətdə, rəngkarlıqda əks etdirmək, əlbəttə ki, böyük işdir. Yəni, xarici ölkələrdən geniş bir qrup gənc rəssam gəlib orada öz gördüklərini özü istədiyi kimi təsvir etsin. Ondan sonra ikinci istiqamət Şuşa. Şuşanın gözəlliklərini biz göstərməliyik. Ona görə burada fəaliyyət üçün çox böyük meydan var və xahiş edərdim ki, siz və sizin kimi gənclər öz təkliflərinizi verəsiniz, bunu necə edək?

Tətbiqi sənətin inkişafı ilə bağlı bizim indi bir neçə layihəmiz var. ABAD xətti ilə bir layihə icra edilir. Ondan sonra İçərişəhərdə bir layihə icra edilir. Ancaq hesab edirəm ki, bu, azdır. Bu, daha geniş vüsət almalıdır və azad edilmiş torpaqların çox zəngin tarixi var. Bu torpaqlar 30 il işğal altında olduğu üçün indiki gənc nəsil orada olmayıb. Hətta mən o vaxt Şuşada olmuşam, amma Kəlbəcərdə, Laçında olmamışam, çünki oraya yol olmayıb və yolum da düşməyib. Ona görə biz bu bölgələri, bu yerləri yenidən özümüz üçün kəşf etməliyik. Onun zəngin tarixi mirasını qorumalıyıq və əlbəttə ki, mədəniyyət, incəsənət sahəsində təşəbbüslərin ortaya qoyulması bizə kömək göstərəcək. Ona görə xahiş edərdim ki, bəlkə siz özünüz belə bir təkliflər verəsiniz və biz dövlət, hökumət olaraq, əlbəttə, mədəni sahəyə aid olan bütün bu məsələləri planlı şəkildə aparacağıq.

Aparıcı: Təşəkkür edirik. Növbəti sualı olan var? Buyurun.

Denis Quzlayev: Cənab Prezident, mən İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Siz məni “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif etmisiniz. Cənab Prezident, Sizə ayrıca təşəkkürümü bildirmək istərdim ki, Siz bizim Qarabağı geri qaytarmağımıza imkan yaratdınız. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və 30 il işğal altında olub. Sizi bu yaxınlarda qeyd etdiyiniz 60 illik yubileyiniz münasibətilə gənclərin adından təbrik etmək istərdim. Allah Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik bəxş etsin. Sizə bir sual vermək istərdim. Siz həmişə deyirsiniz ki, gənclər idmanla məşğul olsunlar. Sizin turnikdə necə dartıldığınızı, xizək sürməyinizi də görmüşük. Bizim gənclər bəzən maraqlanır, soruşurlar, Sizin sevdiyiniz idman növü hansıdır?

-Sağ ol. Sən sağ ol – xidmətə görə, Vətənə sədaqətinə, borcuna sadiqliyinə görə. Dövlət təltifinə layiq görülməyin sənin müharibə zamanı göstərdiyin qəhrəmanlığa dəlalət edir. Səni irəli aparan da məhz Vətən sevgisi olub. İndicə danışdığımız mövzuya qayıdaraq demək istəyirəm ki, bu, bir daha bizim cəmiyyətin vəhdətinə dəlalət edir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu faciəni, bu ədalətsizliyi öz ağrısı kimi qəbul edir və xidməti borcuna görə, qəlbinin çağırışı ilə ölümə gedir, necə deyərlər, candan keçir, şəhid, qazi olur, ən yüksək keyfiyyətlər nümayiş etdirirlər. Buna görə sən də sağ ol, Vətən uğrunda döyüşmüş bütün şanlı gənclərimiz də sağ olsunlar.

İdman məsələsinə gəldikdə, mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə, cəmiyyət üçün faydalıdır. Məsələn, elə həmin Vətən müharibəsini götürək. Axı, aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu. Bundan ötrü ölümə getmək lazım idi. Məsələnin nədən ibarət olduğunu başa düşürsünüzmü? Bundan ötrü çox böyük fədakarlıq və üstəlik, bunu etməyə güc lazım idi. Şuşaya gedən Zəfər Yolu ilə dəfələrlə getmişəm. Birinci dəfə yanvar ayında getmişdim. Əhmədbəylidən Şuşaya 4 və ya 5 saata gedib çatdım. Ona görə ki, yol yox idi, palçıq və buz, vəssalam. Maşın gedəndə sürüşürdü. Lakin mən hər dəfə gedəndə - indi, artıq yol çəkiləndən sonra da - həmişə gözlərimin qabağında sizi və bu yol ilə gedənləri görürəm, başa düşürsən? Mən fikirləşirəm, bəli, mən gedirəm, bu yolu tikmişik, hamı razıdır. Lakin bu yol olmayanda, meşələrdən, dağlardan keçərək, özü də hava artıq sərin olanda bir neçə gün getmək, sonra da Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən. Bəzən mən eyni sözləri tez-tez təkrar edirəm, ona görə yox ki, mən dediklərimi unuduram, xeyr, sadəcə, ona görə ki, bilirəm, məqsədə nail olmaq lazımdır. Mən rayonlarda olanda tez-tez təkrar edirdim ki, hamı tibbi müayinədən keçməlidir. Deyirdim ki, hər bir insan ildə bir dəfə tibbi müayinədən keçməlidir. Mən bunu ona görə deyirdim ki, buna inanırdım, ona görə ki, bunun lazım olduğunu bilirdim. Nəhayət biz pandemiyaya gəlib çatdıq, o dövrdə biz hər il yüz minlərlə, milyonlarla insanın dispanserizasiya keçməsinə, xəstəxanalarda tibbi müayinədən keçməsinə nail olduq. Deməli, dediklərimin təsiri olub, insanlar başa düşüblər ki, bu, lazımdır. Mənə hər il statistika veriblər: nə qədər xəstəlik aşkar edilib, neçə xəstəlik aşkar edilib, neçə adam həmin xəstəliklərdən rayonlarda müalicə olunub, neçə adam Bakıya gətirilib və neçə insan xilas edilib. Amma əgər onlar buna riayət etməsəydilər, Allah bilir nələr olardı. Eyni sözlər idmana da aiddir, inanın mənə. Mən turnikdə bu hərəkətləri öyünmək üçün göstərmirdim, bu, mənə lazım deyil. Mən ondan ötrü göstərirdim ki, gənclər bilsinlər, 60 yaşında da bunu etmək olar. Əgər 60 yaşında 15 dəfə dartılmaq olarsa, 20 yaşda, 30 yaşda bunu hökmən etmək lazımdır. Buna çalışmaq lazımdır. Bu, təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir, sən özünə əminsən, təbii ki, onda sən daha cəsarətlə hərəkət edirsən. Müharibədən əvvəl bizim özümüzə inamımız yox idi, hərçənd onun nə ilə başa çatacağını kim bilirdi? Desəm ki, biz hamımız bunu qabaqcadan bilirdik, düz olmayacaq. Kimin müdaxilə edəcəyini, kimin müdaxilə etməyəcəyini, necə müdaxilə edəcəyini, nələr baş verəcəyini kim bilirdi? Kimsə bunu bilə bilərdimi? Yox. Mən də bilə bilməzdim. Düzdür, mən bütün amilləri təhlil etmişdim, amma yenə də qarantiya yox idi. Yəni, özünəinam təkcə mənəvi ruh yüksəkliyi deyil, həm də fiziki vəziyyətdir. Buna görə, əziz dostlar, əziz gənclər, məsləhət görürəm ki, idmanla məşğul olun, fiziki sağlamlığınızı qoruyun, gücləndirin. Bu, mümkündür. Məşq etmək lazımdır və hədəfə çatmaq üçün, necə deyərlər, tər tökmək lazımdır. Bunsuz həyatda heç nə alınmır.

Sevimli idman növü məsələsinə gəldikdə isə deməliyəm, yəqin dəniz sahilində böyümüş insan üçün təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın demək olar hər bir şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür. O, travmatik deyil və xoşagələndir. Buna görə mən dənizi sevirəm, hovuzda üzməyi xoşlamıram, bu, darıxdırıcıdır. Amma hava yaxşı olanda, vaxtım olanda dənizdə üzməyi xoşlayıram. Ona görə sizə də bunu məsləhət görürəm.

Aparıcı: Biz bu istiqamətdə gənclərdən çox az suallar eşitdik. Zəhmət olmasa, yaxınlaşın.

Tələbə Azelma Ağakişiyeva: Cənab Prezident, mən Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsində ikinci kursda oxuyuram və İnformasiya Olimpiadası üzrə respublika birincisi olmuşam. İKT-nin əsas vəzifələrindən biri də ekoloji sistemin qorunmasıdır. Ekoloji problemlər bir çoxları kimi, məni də çox narahat edir. Mən bilmək istərdim ki, ermənilərin ziyan vurduğu azad olunan torpaqlardakı ekologiya və ətraf mühiti qorumaq, bərpa etmək üçün hansı tədbirlər görülür?

Prezident İlham Əliyev: Sağ ol. Ermənilər bizə çox böyük ziyan vurdular, bizim ekoloji vəziyyətimiz çox acınacaqlıdır. Əlbəttə ki, görüləsi işlər çoxdur, ancaq bizdə olan təcrübə deməyə əsas verir ki, biz bu işin öhdəsindən gələcəyik. Çünki Azərbaycanda, ümumiyyətlə, azad edilmiş torpaqları nəzərə almasaq ən çətin vəziyyət Bakıda, Sumqayıtda və Abşeron yarımadasında idi. Bu da neft-qaz hasilatı ilə və Sumqayıtdakı kimya sənaye müəssisələri ilə bağlı idi. Biz çox böyük işlər gördük və illər keçdikcə, əlbəttə, unudulur və bəzilərinə elə gəlir ki, həmişə belə olub. Amma mən bu işin təşkilatçısı kimi hər bir layihəni yaxşı xatırlayıram. Bakının ekoloji vəziyyəti çox ağır idi, havanın çirklənməsi çox yüksək idi. 20 il bundan əvvəl və bu gün böyük fərq var. Görün, Bakıda biz hansı böyük işlərə, onların icrasına nail olduq. Birinci, bu Bibiheybət buxtası. Bu, bir ekoloji fəlakət zonası idi. Şəhərin mərkəzində bütün neft gölməçələri artıq buxarlanırdı. Bu zəhərli hava ekoloji vəziyyətimizə böyük ziyan vururdu və o mənzərə də çox acınacaqlı idi. Hətta Ceyms Bond filmlərinin biri də, bax, burada çəkilmişdi. O filmdə həmin o Bibiheybət buxtası göstərilir. Həqiqətən, ekoloji fəlakət zonası idi. Amma mən bu məsələni qaldıranda bəziləri deyirdilər ki, bu, mümkün deyil, bu, əbədi belə qalmalıdır, bunu saflaşdırmaq mümkün deyil. Amma göründü ki, mümkündür. Bu gün baxın, bu, şəhərin ən gözəl yerlərindən biridir, istirahət zonasıdır, böyük parkdır. Bulvar salmışıq, Su İdman Sarayı, muzeylər, ictimai obyektlər şəhər sakinləri üçün çox gözəl rekreasiya zonasına çevrilib. Ondan sonra Ağ şəhər. İndi “Qara şəhər” nədir bəlkə də gənclər heç bilmir. Yəni, sizdən sonrakı nəsil, ümumiyyətlə, bilməyəcək ki, Bakıda Qara şəhər adlı bir yer olub. Amma bunun adı Qara şəhər olub. Nəyə görə? Bu tüstüyə görə, mazuta görə. Biz o Qara şəhəri Ağ şəhərə çevirməyə başlayanda da bir çoxları şübhə ilə yanaşırdılar ki, bu, mümkün deyil. Amma baxın, şəhərin bu tərəfində və o tərəfdə - iki yerdə şəhəri əhatə edən iki fəlakət zonası idi. Biz o neft çöküntülərini oradan götürməyə başlayanda gördük ki, minimum bir metr dərinliyində neft çöküntüləri vardır. Onlar hamısı utilizasiya edildi, çıxarıldı və bu gün şəhərsalma nöqteyi-nəzərindən bəlkə də ən uğurlu dünya miqyasında layihələrdən biri Ağ şəhərdir. O çirklənmiş yerlərdən əsər-əlamət qalmayıb və keçən ilin son günlərində “Nizami” parkını da yenidən bərpa etdik və açdıq.

Üçüncü çox təhlükəli yer Balaxanı zibilxanası idi. Yəqin ki, sizin yadınızda deyil. Amma o zibilxana daim yanırdı, altdan tüstü çıxırdı və şəhəri belə böyük bir bulud bürümüşdü. Oradan keçəndə artıq bu, hiss olunurdu, maşınla keçəndə hiss olunurdu. Biz oranı da təmizlədik, böyük zibilyandırma zavodu tikildi, poliqon tikildi. Ondan sonra orada Olimpiya Stadionu inşa edildi, böyük bir park salındı. Onun böyüründə Böyükşor gölü, hansı ki, ondan İkinci Dünya müharibəsi zamanı açıq neft rezervuarı kimi istifadə edilirdi və oraya müxtəlif yerlərdən, həm neft laylarındakı sular, həm də kanalizasiya suları yığılırdı. Onun böyük hissəsi təmizləndi. Yəni, belə hallar çox olub. Məsələn, Bakıda yod-brom zavodu, - indi bəlkə də bir çoxları, heç gənclər bilmir, - nə dərəcədə zərərli bir müəssisə idi. Yəni, Bakı şəhəri faktiki olaraq təbii fəlakət üstündə idi və bu, insanların sağlamlığına təsir göstərirdi. Ümumiyyətlə, havanın tərkibində çoxlu zərərli maddələr var idi. Yəni, bunları biz bacarmışıq və bu proses davam edir. Hələ ki, təmizləməyə ehtiyac olan yerlər çoxdur.

Sumqayıt şəhəri. Sovet vaxtında hesab olunurdu ki, ən ekoloji cəhətdən çirklənmiş şəhərdir. Doğrudan da o vaxt Sumqayıtdan o tərəfə, şimal istiqamətinə gedən hər maşında oturanlar bu zəhərli iydən şüşələri bağlayırdılar. İndi Sumqayıt öz sənaye potensialını qoruyub, amma artıq ekoloji cəhətdən çox təmiz şəhərdir. Hətta deyərdim ki, Bakıdan da təmiz şəhərdir. Amma, eyni zamanda, Sumqayıtda elə sənaye müəssisələri, texnoparklar və digər obyektlər yaradılıb ki, Sumqayıt bu gün də Cənubi Qafqazın Bakıdan sonra ikinci ən böyük sənaye şəhəridir. Yəni, demək istəyirəm ki, bu, mümkündür.

O ki qaldı, azad edilmiş torpaqlara, əlbəttə ki, orada fəsadlar çox böyükdür və ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər. İndi Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Əfsuslar olsun ki, onlarla həmrəy olan, əlbir olan bəzi aparıcı Avropa şirkətləri də bu cinayəti törədiblər. Biz indi hüquqi prosedurlara başlamışıq. Qanunsuz istismar edilən bizim qızıl yataqlarımız təkcə sərvətimizin talanması deyil, eyni zamanda, o hasilatın nəticəsində yaranan ziyanlı, zəhərli maddələrin düzgün utilizasiya olunmaması, hasilat üçün istifadə edilən reagentlər, o zəhərlər hamısı bizim təbiətimizə böyük ziyan vurdu. Oxçuçayın o görüntüləri var, sapsarıdır. Kim bunu edib? Ermənilər! Bizim meşə fondumuz məhv edilib. Statistika var. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi, 230 min hektar. Müharibədən sonra mən tapşırıq verdim, bizim peykimiz “Azersky”, - onlar görüntüləri mənə təqdim ediblər. Artıq o görüntülərdən görünür ki, 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, yəni, kəsilib, satılıb. Bu, böyük cinayətdir. İndi bu prosesləri biz artıq sürətləndiririk. Topxana meşəsini, onun böyük hissəsini qırıblar. Bəsitçay Təbii Qoruğu hansı ki, öz əhəmiyyətinə görə Avropada ikincidir. Ona görə biz bu bərpa işlərinə start vermişik. Bizim təbii sərvətlərimizi qanunsuz istismar edən xarici şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik. Onların bir çoxu əslən ermənilərdir. Onlara qarşı artıq vəkillər də tutulub və indi görəcəklər onları nələr gözləyir. Biz onların yaxasını buraxmayacağıq. Əlbəttə, bununla paralel olaraq, çox genişmiqyaslı ekoloji bərpa tədbirləri də görülür və görüləcək. Bilirəm ki, Azərbaycanda bu sahədə də gənclər, o cümlədən könüllülər çox fəaldır. İndi vaxtaşırı ağacəkmə aksiyaları, çimərlikləri o tullantılardan təmizləmə aksiyaları televiziyada da göstərilir. Mən bunları alqışlayıram və əminəm ki, azad edilmiş torpaqlarda da gənclər ekoloji tarazlığı bərpa etmək üçün fəal olacaqlar.

Aparıcı: Təşəkkür edirik. Buyurun, siz sualınızı səsləndirin.

Ülvi Osmanlı: Mən İsmayıllı rayon Elbrus Həsənov adına Mücühəftəran kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, karate üzrə Avropa çempionuyam. İlk öncə belə bir canlı mükalimə üçün Sizə təşəkkürümü bildirirəm. Bildiyimiz kimi, hazırda ölkəmizdə gənclik üçün fiziki və mənəvi cəhətdən sağlam bir mühit formalaşıb. Bir gənc müəllim, gənc idmançı kimi bu fiziki və sağlam mühitin qorunması həmişə mənim diqqət mərkəzimdə olub. Bundan sonra gənclərin pis vərdişlərdən, narkotik vasitələrdən qorunması, ölkədə ictimaiyyətə açıq idman infrastrukturlarının yaradılması üçün hansı planlarınız, tədbirləriniz var? Zəhmət olmasa, bu barədə fikirlərinizi bilmək maraqlı olardı. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb və hələ mən Prezident olmadığım dövrdən bu təşəbbüsü irəli sürmüşdüm. O gündən bu günə qədər 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq.

Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Çünki idman həm ölkənin şöhrətini ucaldır, eyni zamanda, mənim üçün bu, daha çox kütləvi məna daşıyır. Çünki idmanın kütləviliyi daha çox vacibdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Xüsusilə son vaxtlar biz görürük ki, indi idman avadanlıqları istehsal edən firmalar çox belə müasir avadanlıqlar təqdim edirlər. Hətta Bakıda, Bakının bütün yeni parklarında mənim göstərişimlə açıq idman meydançaları yaradılıb. Yaxşı olar ki, kənd yerlərində də bunlar yaradılsın, həm hazırlıq, eyni zamanda, sağlamlıq üçün. Çünki hər bir gənc əlbəttə ki, idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Çünki siqaret çəkən idmançı idmanda uğur qazana bilməz. Yəni, onun nəfəsinə, ağciyər imkanlarına təsir göstərir. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır, buna ehtiyac yoxdur. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir. Yaxşı olar ki, siqaret də çəkməsinlər, alkoqollu içkilər də içməsinlər. Çünki buna bilirsiniz ehtiyac yoxdur. Təmiz hava udmaq əvəzinə, insanlar götürürlər öz içinə zəhər salırlar. Nəyə lazımdır? Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün hesab edirəm ki, yeni proqram tərtib edilməlidir və yeni yarışlar təşkil oluna bilər. O yarışlar ki, bütün ölkəni əhatə edir. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu məsələ ilə məşğul olacaqlar.

Aparıcı: Cənab Prezident, gənclərin suallarını cavablandırdığınız üçün təşəkkür edirik. Cənab Prezident onsuz da hər zaman gənclərlə belə görüşləri təşkil edir. Təşəkkür edirik bir daha, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən təşəkkür edirəm, Gənclər Günü münasibətilə sizi bir daha təbrik edirəm.

 

X X X

 

Sonra 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu. Prezident İlham Əliyev təltif olunmuş gənclərə mükafatları təqdim etdi.

***

15.01

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib.

 

Prezident İlham Əliyevin

giriş nitqi

- Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.

O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi.

İqtisadi vəziyyətə gəldikdə isə deyə bilərəm ki, o vaxt iqtisadiyyat anlayışı, ümumiyyətlə, yox idi. Çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax bu salonda, bax bu yerdə “Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi.

Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi.

Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

Əziz dostlar, sizi bu hadisə, bu tarix münasibətilə bir daha təbrik edirəm və giriş sözümü burada yekunlaşdırmaq istəyirəm. Çünki bilirəm, sizi maraqlandıran məsələlər çoxdur, suallar çoxdur və təklif edirəm ki, artıq müzakirələrə başlayaq.

XXX

Sonra Forum işini müzakirələrlə davam etdirib.

***

13:18

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edir.

# 3333
avatar

Oxşar yazılar