Dərslər açılır, tıxaclar artır - Avtobuslar hamıya   bəs edəcək?
10 sentyabr 2026 14:35 (UTC +04:00)

Dərslər açılır, tıxaclar artır - Avtobuslar hamıya bəs edəcək?

0

Metroda xətlərin ayrılma prosesi əhalinin marşrut avtobuslarına üz tutmasına səbəb oldu. Növbəti həftədən etibarən tədris ilinin başlaması ictimai nəqliyyata olan tələbatı daha da  artıracaq.

Bəs görəsən, marşrut avtobusları kütləvi şəkildə insan tələbatını qarşılaya biləcəkmi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib:

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu  olacaq - AZƏRTAC

Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 7 ekspres marşrutu təşkil edilib. Bundan  savayı 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. Hazırda metro xətlərinin ayrılması layihəsi başlandığı andan əlavə 150 avtobus Bakı şəhərində bu 35 marşrutu gücləndirib. 35 gücləndirilmiş marşrutla ümumillikdə gün ərzində 520 000 sərnişin daşınır. Bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir.

Qeyd edək ki, təhlillər davam edir və real vaxt rejimində lazımi qərarlar qəbul olunur, təkmilləşmələr aparılır. M6 ekspes marşrutu uzadıldı, yeni M7 marşrutu istifadəyə verildi, 2 marşruta (M1 və M2) ikinci validator quraşdırılaraq orta qapıdan daxil olma imkanı yaradıldı, tələbat olan dayanacaqlarda genişləndirilmə işləri aparılır. Vacib məqam isə - 150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək”.

Metronun müəyyən stansiyalarını əvəz edən ekspres avtobusların, eləcə də digər marşrut avtobuslarının sayının artırılması yollarda sıxlığı bir qədər artıracaq, bəs bu halda tıxacların qarşısını almaq üçün nə etmək lazımdır?

Nəqliyyat eksperti Elməddin Muradlı Lent.az-a açıqlamasında bildirib ki, tədris ili başlayandan sonra yaranan çətinliklərə uyğun tədbirlər görmək olar:

Elməddin Muradlı: “Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə  təsir göstərə bilər”

“Bu proses, təbii ki, özlüyündə müəyyən çətinliklər yaradacaq. Avtobusların hərəkəti üçün xüsusi avtobus zolaqları yaradılıb. Yəni müntəzəm marşrut xətti üzrə işləyən avtobusların hərəkət etdiyi zolaqlarla ekspres avtobuslar da hərəkət edə bilər.

Amma bu prosesi biz keçməliyik, bunun hansısa bir yolu tapılmalıdır. Azərbaycanda metroda xətlərin ayrılması ilk dəfə həyata keçirilir. Bunun yaradacağı fəsadları proses başlayanda daha aydın görə bilərik. Ona uyğun addımların atılması barədə də təkliflər verə bilərik. İndiki halda lazım olan addımlar atılıb.

Ancaq Bakı onsuz da tıxaclar şəhəridir. Getdikcə vəziyyət daha da pisləşir. Bəli, bu proses özü də müəyyən təsir göstərəcək. Mən düşünmürəm ki, vəziyyət çox yaxşı olacaq.

Amma sərnişinlərin yolda qalmaması və daşınması üçün AYNA tərəfindən müəyyən addımlar atılır. Tədris ili başlayanda isə artıq biz tamamilə aydın şəkildə görə biləcəyik ki, nə kimi problemlər ortaya çıxır və bunun qarşısını necə almaq olar. Onda bu barədə daha dəqiq fikir yürütmək mümkün olacaq.

İndi bunu proqnozlaşdırmaq belə çox çətindir. Artıq müəyyən fəsadlar görünür, problemlər yaşanır və buna uyğun müzakirələr gedir.

Avtobusların tıxacda qalması məsələsi, bəli, xüsusi zolaqlar olmayan yerlərdə mümkündür. Bu, bütün nəqliyyata aid olan bir prosesdir. Ona görə biz bu gün yerüstü problemləri həll etmək üçün yeraltı nəqliyyatı, yəni metronu inkişaf etdirməyə çalışırıq. Dövlətimiz də bunun üzərində çalışır.

Bunu ağrısız-acısız həyata keçirmək mümkün deyil. Bu baxımdan bir qədər səbirli və təmkinli olmağı tövsiyə edirəm. Proses başlasın, həmin ərəfədə də müəyyən addımlar atıla bilər. O dövrdə hansısa problemlər ortaya çıxarsa, onların qarşısını almaq üçün dövlət qurumlarının gücü və imkanı var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar