Barəsində cinayət işi açılan sabiq baş konsul Sultan Qasımovla bağlı yeni fakt məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.
Qeyd edək ki, Azər Qasımov 2025-ci ilin fevralında tutduğu vəzifədən azad edilib.
***
saat 12:43
Külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.
Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
***
11:07
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu dələduzluqda ittiham olunur.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq Baş konsul Sultan Qasımovla bağlı Cinayət işi prokurorluqda araşdırılıb.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.
O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.