Başqalarının fikrindən  asılı qalmamaq üçün 7 kitab
10 sentyabr 2026 18:18 (UTC +04:00)

Başqalarının fikrindən asılı qalmamaq üçün 7 kitab

0

Bəzən düşünülmədən deyilən bir cümlə insanın bütün gününü korlaya bilir. Başqalarının fikirlərinə, tənqidə və şəxsi uğursuzluqlara həddindən artıq əhəmiyyət verməmək isə öyrənilə bilən bacarıqdır. Mütəxəssislərin tövsiyə etdiyi bəzi kitablar emosiyaları daha yaxşı idarə etməyə, özünütənqidi azaltmağa və xoşagəlməz fikirlərin təsirindən çıxmağa kömək edə bilər.

Lent.az həmin kitabların siyahısını təqdim edir.

“Emosional çeviklik” - Syuzan Devid

Syuzan Devid kitabında xoşagəlməz emosiyaları boğmağa və ya onları dərhal müsbət düşüncələrlə əvəz etməyə çalışmağın düzgün yanaşma olmadığını bildirir. Müəllif insanın öz hiss və düşüncələrini qəbul etməsini, lakin onların qərarlarını avtomatik şəkildə idarə etməsinə imkan verməməsini tövsiyə edir.

Kitab tənqidi uzun müddət düşünən, keçmiş mübahisələri tez-tez xatırlayan və narahatedici ssenarilərin təsirinə asanlıqla düşən insanlar üçün faydalı ola bilər.

“Xoşbəxtlik tələsi” - Rass Harris

Kitabın əsas ideyalarından biri budur ki, insanın ağlına gələn hər fikir fakt deyil. “Mən ondan xoşlanmadım”, “hamı səhvimi gördü” və ya “indi mənim haqqımda pis düşünürlər” kimi fikirlər bir xoşagəlməz hadisədən sonra şüurda bütöv bir ssenari yarada bilər.

Rass Harris belə düşüncələri fərq etməyi və onların insanın bütün gününə təsir göstərməsinə imkan verməməyi öyrədən üsullar təqdim edir.

“Özünə şəfqət” - Kristin Neff

Bu kitab öz səhvlərinə başqalarının səhvlərindən daha sərt yanaşan insanlar üçün nəzərdə tutulub. Bəzən uğursuz görüş və ya tənqid insanın saatlarla özünü qınamasına səbəb olur. Kristin Neff isə insanın özünə də çətin vəziyyətdə yaxın dostuna göstərdiyi anlayış və mərhəmətlə yanaşmasını tövsiyə edir.

“Vecsizliyin incə sənəti” - Mark Menson

Kitabın adı sərt səslənsə də, müəllif hər şeyə laqeyd yanaşmağı təklif etmir. Mark Menson hesab edir ki, insanın vaxtı və emosional enerjisi məhduddur və buna görə də nəyin həqiqətən diqqətə layiq olduğunu seçmək lazımdır.

Əgər əhvalınız tez-tez başqalarının sizin haqqınızda nə düşündüyündən asılıdırsa, kitab bir suala cavab tapmağa kömək edir: hHər kəsin fikri sizin üçün eyni dərəcədə önəmli olmalıdırmı?

“Gələcəyə doğru addım” - Pema Çodron

Pema Çodron qorxu, qəzəb və daxili narahatlıq zamanı insanların verdiyi avtomatik reaksiyalardan danışır. İnsan belə hallarda dərhal özünü müdafiə edə, əsəbiləşə, mövzudan qaça və ya saatlarla həmin hadisəni düşünə bilər. Müəllif əvvəlcə bu reaksiyanı fərq etməyi, bir qədər dayanmağı və yalnız bundan sonra necə davranacağına qərar verməyi məsləhət görür.

“Qüsursuz olmamağın bəxşişləri” - Brene Braun

Bu kitab əhvalı başqalarının gözləntilərinə uyğun gəlmək istəyindən asılı olan insanlar üçün faydalı ola bilər. Brene Braun utanc, həssaslıq, qiymətləndirilmək qorxusu və daim özünü sübut etmək ehtiyacı haqqında yazır. Müəllifin əsas fikirlərindən biri mükəmməl görünmək cəhdindən imtina etməkdir. 

“Özünə yaşamağa mane olma” - Mark Qoulston və Filip Qoldberq

Kitab insanların öz həyatlarını çətinləşdirdiyi davranış və düşüncə modellərindən bəhs edir. Bunlara rədd cavabına üzgün reaksiya vermək, daim başqalarının təsdiqini gözləmək, hamının xoşuna gəlməyə çalışmaq və tənqidi ağır qəbul etmək daxildir.

Müəlliflər bu davranışları konkret həyat nümunələri üzərindən izah edirlər. Kitabın əsas məqsədi insanın öz davranış modelini tanımasına kömək etməkdir. Mütəxəssislər vurğulayırlar ki, həssas olmaq problem deyil.

Problem başqasının əhvalının, təsadüfi bir ifadənin və ya kiçik səhvin insanın daxili vəziyyətinə həddindən artıq təsir etməsi ilə başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar