COVID-19 pandemiyasının üstündən 6 il keçdi - Nələr oldu?
13 mart 2026 05:46 (UTC +04:00)

COVID-19 pandemiyasının üstündən 6 il keçdi - Nələr oldu?

0

COVID-19 pandemiyasının üzərindən 6 il keçib və artıq “qlobal fövqəladə vəziyyət” kateqoriyasından çıxaraq “daimi ictimai sağlamlıq təhdidi” kimi qiymətləndirilir.

Lent.az xəbər verir ki, pandemiya insanları təxminən 2 il evlərinə məhkum etdi və iqtisadiyyatlara ciddi təsir göstərdi, 7 milyondan çox insan həyatını itirdi.

İlk yoluxma 17 noyabr 2019-cu ildə Çinin Vuhan şəhərində qeydə alınmışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə bu naməlum tənəffüs xəstəliyinin ortaya çıxdığını elan etdi və 30 yanvar 2020-ci ildə “qlobal fövqəladə vəziyyət” elan edildi.

Virusun yarasalardan insana keçdiyi təxmin edildi və 11 fevral 2020-ci ildə ona COVID-19 adı verildi. 2020-ci ilin mart ayında ÜST xəstəliklə bağlı rəsmi olaraq “qlobal pandemiya” elan etdi.

Pandemiya zamanı məktəblər, iş yerləri və ictimai məkanlar bağlandı, insanlar maska, məsafə və gigiyena qaydalarına əməl etməyə təşviq edildi. Karantin tədbirləri və PCR testləri tətbiq edildi.

COVID-19 tarixdə ən sürətli vaksinin hazırlanmasına səbəb oldu; “BioNTech”-“Pfizer” vaksini 2 dekabr 2020-də təsdiqləndi. 2021-ci ildən etibarən tədricən normallaşma başladı, amma Alfa, Beta, Delta, Gama və Omikron kimi mutasiyalar ortaya çıxdı. 2022-ci ilin ortalarından etibarən bir çox ölkələr tədbirləri yumşaltdı.

ÜST 2025-ci ilin dekabrından COVID-19-u sağlamlıq sistemlərinin ayrılmaz hissəsi kimi “daimi ictimai sağlamlıq təhdidi” elan etdi.

Yeni strategiya ilə pandemiya tək fövqəladə vəziyyət kimi yox, mövsümi qrip kimi digər tənəffüs xəstəlikləri ilə birlikdə idarə olunur.

2025-ci ilin mayında ÜST Pandemiya Müqaviləsi qəbul edildi və bu, gələcək böhranlarda dərman və vaksinə ədalətli çıxışı təmin etməyi hədəfləyir.

Pandemiya halları azalsa da, virus hələ də geniş yayılır və risk qruplarında ölüm halları davam edir.

Dünya üzrə 774 milyon yoluxma və 7,1 milyon ölüm qeydə alınıb, tətbiq olunan vaksin dozası isə 13 milyardı keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar