ABŞ siyasətində dönüş - Vaşinqton Bəyannaməsi nələri dəyişdi?
08 avqust 2026 10:30 (UTC +04:00)

ABŞ siyasətində dönüş - Vaşinqton Bəyannaməsi nələri dəyişdi?

0

2025-ci il avqustun 8-9-da Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri və Vaşinqtonda keçirilən görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bütövlükdə Cənubi Qafqazın geosiyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin səfər göstərdi ki, Bakı ilə Vaşinqton arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə daxil olub, ABŞ isə regiona yanaşmasını əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirib.

Əslində, bu dönüş təsadüfi deyildi. Son illərdə Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət, 44 günlük Vətən müharibəsində beynəlxalq hüququ bərpa etməsi, 2023-cü ilin antiterror tədbirlərindən sonra tam suverenliyini təmin etməsi və nəhayət, regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilməsi Bakının beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırdı. Məhz bu yeni geosiyasi reallıq ABŞ-ın da Cənubi Qafqaz siyasətinə fərqli prizmadan yanaşmasını zəruri etdi.

Prezident İlham Əliyevin Vaşinqton səfəri bir daha göstərdi ki, Azərbaycan artıq regional proseslərin obyekti deyil, əsas təşəbbüskarlarından biridir. Bu gün regionda təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsində Azərbaycanın mövqeyi həlledici amil kimi qəbul olunur.

Bayden Administrasiyasından Tramp Administrasiyasına: ABŞ siyasətində dönüş

ABŞ seçkiləri: Səslərin sayılması davam edir, səsvermənin qalibi hələ də  müəyyən deyil

Bayden Administrasiyası dövründə Vaşinqtonun Azərbaycana münasibətində müşahidə olunan gərginlik ikitərəfli əlaqələrin inkişaf tempinə də mənfi təsir göstərmişdi. Həmin dövrdə ABŞ Konqresində Azərbaycana qarşı müxtəlif təşəbbüslərin irəli sürülməsi, Vaşinqtonun regionda balanslı vasitəçilikdən uzaqlaşması və Ermənistanı daha çox dəstəkləyən siyasi xətt yürütməsi Bakı tərəfindən təbii olaraq etimadın zəifləməsi kimi qiymətləndirilirdi. Regionun təhlükəsizlik arxitekturasına münasibətdə də Bayden Administrasiyası daha çox geosiyasi rəqabət və qarşıdurma prizmasından çıxış edir, Cənubi Qafqazda davamlı sülh üçün zəruri olan yeni reallıqları nəzərə almaq istəmirdi.

Xatırlatmaq yerinə düşər ki, Jo Bayden hələ senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuş, prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulmuşdu.

Uzun müddət ərzində regionda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amil idi. Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməmiş və ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttini inkişaf etdirmişdi.

Donald Trampla İlham Əliyev arasında münasibətlər isə hər zaman - istər ilk prezidentliyi müddətində, istər prezident olmadığı zaman, istərsə də təkrar prezident seçiləndən sonra da yüksək səviyyədə idi.

İlham Əliyev hələ Tramp ikinci dəfə prezident seçilməzdən əvvəl – 2024-cü ilin iyulunda 2-ci Şuşa Qlobal Media Forumunda jurnalist Mixail Qusmanın həmin ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində kimi qalib görmək istəməsi barədə suala diplomatik ustalıqla belə cavab vermişdi: “...Tərəfimdən bəlkə də tam birmənalı cavab vermək düzgün olmazdı. Mən çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm”.

Bu fikirləri ilə Prezident İlham Əliyevin, əslində, Donald Trampın seçkilərdə Jo Bayden üzərində qələbə qazanmasını istədiyini ifadə etdiyi hər kəsə aydın idi. Təbii ki, bu bəyanat Donald Trampın da diqqətindən kənarda qala bilməzdi. Şübhəsizdir ki, Trampın qələbəsi rəsmiləşəndən sonra ABŞ-Azərbaycan münasibətlərində fərqli yanaşmanın, müsbət istiqamətə dönüşün ortaya çıxmasında İlham Əliyevin bu dəstək fikrilərinin də az rolu olmamışdı.

Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra yeni Administrasiya Cənubi Qafqaz siyasətində tamam yeni istiqamət müəyyənləşdirdi. O cümlədən regional münaqişələrin həllini, iqtisadi əməkdaşlığın genişləndirilməsini və tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasını prioritet istiqamətlərdən biri elan etdi.

Azərbaycan regionun aparıcı dövləti, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaş, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçısı kimi ABŞ-ın strateji baxışında xüsusi yer tutmağa başladı. Vaşinqtonda formalaşan yeni yanaşma Azərbaycanın regionda yaratdığı reallıqların qəbul edilməsinin və onun artan geosiyasi rolunun etirafının nəticəsi idi.

İlham Əliyevin praqmatik siyasəti və yeni strateji tərəfdaşlıq

Prezident İlham Əliyevin gənclər siyasəti dünya üçün bir nümunədir - TƏHLİL

ABŞ-Azərbaycan münasibətlərində baş verən transformasiyanın əsas səbəblərindən biri Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi praqmatik, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət idi. Azərbaycan heç bir geosiyasi blokun tərkib hissəsinə çevrilmədən həm Qərb, həm Şərq, həm də region ölkələri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurdu.

Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, terrorizmlə mübarizə, regional sabitliyin möhkəmləndirilməsi və etibarlı tərəfdaş imicinin formalaşdırılması Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi. Məhz bu siyasət nəticəsində Vaşinqton Azərbaycanı təkcə enerji tərəfdaşı kimi deyil, həm də regionda sabitliyin təmin olunmasında əsas aktorlardan biri kimi qiymətləndirməyə başladı.

Vaşinqtonda keçirilən görüş zamanı Prezident İlham Əliyev bu yeni mərhələni xarakterizə edərək bildirmişdi: "Bu gün biz Qafqazda sülh yaradırıq. Bu, təkcə regionumuz üçün deyil, bütün dünya üçün yeni imkanlar açacaq. Əslində, biz ABŞ ilə Azərbaycan arasında münasibətlərin yeni tarixini yazırıq”.

Bu fikir təkcə sülh prosesinə deyil, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin mahiyyətcə yeni mərhələyə qədəm qoymasına verilən siyasi qiymət idi.

ABŞ Prezidenti Donald Tramp da Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirərək qeyd etmişdi: "Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı Vaşinqtona gələrək bu tarixi Bəyannaməni imzaladıqları üçün təbrik edirəm. Bu sənəd uzun illər mümkün görünməyən sülhün əsasını qoyur”.

Tramp çıxışında, həmçinin vurğulamışdı ki, 35 il davam edən münaqişənin başa çatdırılması təkcə region üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik baxımından da mühüm hadisədir və yaranan yeni şərait iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açır.

Vaşinqton Bəyannaməsi ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ açdı

ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılıb - ŞƏRH - AZƏRTAC

Prezident İlham Əliyevin ABŞ-a səfərinin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılaşmanın əldə edilməsi oldu. Bununla iki ölkə münasibətlərinin artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsini aşaraq institusional strateji tərəfdaşlıq mərhələsinə keçməsi üçün hüquqi və siyasi baza formalaşdırıldı.

Bununla yanaşı, uzun illər Azərbaycan-ABŞ münasibətlərində siyasi maneə hesab edilən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə qərarın qəbul edilməsi Vaşinqtonun Azərbaycana münasibətdə yeni siyasi xətt seçdiyini nümayiş etdirdi. Bu qərar təhlükəsizlik, müdafiə, yüksək texnologiyalar, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdı.

Beləliklə, 2025-ci ilin avqustunda Vaşinqtonda baş verənlər təkcə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi deyil, ABŞ-ın Cənubi Qafqaz siyasətində fundamental dəyişikliklərin başlandığını göstərdi. Prezident İlham Əliyevin ardıcıl və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan Vaşinqton üçün enerji, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və sülh gündəliyinin formalaşmasında əsas strateji tərəfdaşlardan birinə çevrildi. Məhz bu transformasiya sonrakı mərhələdə Azərbaycan-Ermənistan sülh prosesinin uğurla yekunlaşmasına və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaratdı.

Vaşinqtondan başlayan yeni strateji gündəm

Prezident İlham Əliyevin ABŞ-a səfərinin əhəmiyyəti yalnız yüksək səviyyəli görüşlərlə məhdudlaşmırdı. Bu səfər zamanı əldə olunan razılaşmalar Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşımaqla yanaşı, Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasının əsas konturlarını da müəyyənləşdirdi. Vaşinqtonda verilən mesajlar göstərdi ki, ABŞ regionda artıq münaqişələrin idarə olunması modelindən imtina edərək uzunmüddətli sülh və iqtisadi inteqrasiyaya əsaslanan yanaşmanı dəstəkləməyə başlayıb.

İlham Əliyevin ABŞ-a işgüzar səfəri » AZƏRBAYCAN » Azərbaycan Prezidentinin  Rəsmi internet səhifəsi

Bu yanaşmanın mərkəzində isə Azərbaycan dayanırdı. Çünki son illər regionda yaranmış bütün yeni reallıqlar məhz Bakının təşəbbüsləri nəticəsində formalaşmışdı. 44 günlük Vətən müharibəsi ilə beynəlxalq hüququn bərpası, 2023-cü ildə ölkənin suverenliyinin tam təmin olunması, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və regional əməkdaşlıq platformalarının təşviqi Azərbaycanın geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırmışdı.

Məhz buna görə Vaşinqton görüşündə müzakirə olunan məsələlər yalnız ikitərəfli münasibətləri deyil, Avrasiyanın nəqliyyat marşrutlarını, enerji təhlükəsizliyini, Orta Dəhlizin inkişafını və Cənubi Qafqazın gələcək təhlükəsizlik modelini də əhatə edirdi.

Azərbaycan regional əməkdaşlığın əsas təşəbbüskarı kimi

Prezident İlham Əliyevin uzun illərdir irəli sürdüyü əsas tezislərdən biri ondan ibarət idi ki, Cənubi Qafqaz rəqabət deyil, əməkdaşlıq məkanına çevrilməlidir. Bu siyasət əvvəlcə skeptik yanaşmalarla qarşılansa da, sonrakı hadisələr Azərbaycanın mövqeyinin düzgünlüyünü nümayiş etdirdi.

Azərbaycan regionda böyük enerji layihələrinin təşəbbüskarı olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının da əsas iştirakçısına çevrildi. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz kimi layihələr Azərbaycanın yalnız milli deyil, qlobal iqtisadi təhlükəsizlik üçün də mühüm aktora çevrildiyini göstərdi.

Vaşinqtonda aparılan danışıqlar zamanı da bu amillər xüsusi diqqət mərkəzində idi. ABŞ Administrasiyası açıq şəkildə Azərbaycanın enerji və logistika imkanlarını yeni geosiyasi şəraitdə strateji üstünlük kimi qiymətləndirdi. Bu, eyni zamanda Vaşinqtonun regiona münasibətdə əvvəlki yanaşmasından fərqlənən yeni siyasi baxışın göstəricisi idi.

Prezident İlham Əliyev çıxışlarının birində bu yanaşmanı belə ifadə etmişdi: "Azərbaycan etibarlı tərəfdaşdır. Biz verdiyimiz bütün öhdəlikləri yerinə yetirmişik və bundan sonra da etibarlı tərəfdaş olaraq qalacağıq”.

Bu fikir son illərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı nüfuzun əsas düsturlarından biri hesab olunur. Məhz etibarlı tərəfdaş imici Azərbaycanın həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də ABŞ kimi qlobal güclərlə münasibətlərinin dərinləşməsinə imkan yaradıb.

TRIPP layihəsi və Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti

TRIPP layihəsi: Zəngəzur dəhlizinin yeni formatı və region üçün nəticələr

Vaşinqton görüşünün mühüm nəticələrindən biri də regional nəqliyyat-kommunikasiya layihələrinin yeni mərhələyə keçməsi oldu. ABŞ tərəfindən dəstəklənən TRIPP layihəsi və Zəngəzur istiqamətində əldə olunan razılaşmalar regionun iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan uzun illərdir bildirirdi ki, kommunikasiyaların açılması yalnız bir ölkənin deyil, bütün region dövlətlərinin maraqlarına xidmət edir. Nəqliyyat əlaqələrinin bərpası iqtisadi əməkdaşlığı genişləndirəcək, qarşılıqlı asılılığı artıracaq və münaqişə risklərini minimuma endirəcək.

Bu baxımdan Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən marşrut deyil. Bu layihə Türkiyədən Mərkəzi Asiyaya, Xəzər hövzəsindən Avropaya qədər uzanan yeni iqtisadi məkanın formalaşmasının əsas elementlərindən biri kimi qiymətləndirilir.

Vaşinqtonda bu istiqamətdə əldə olunan razılaşmalar ABŞ-ın da həmin layihələrin regional sabitliyə və beynəlxalq ticarətə töhfəsini qəbul etdiyini göstərdi.

Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılaşma münasibətlərin gələcək inkişaf istiqamətini müəyyənləşdirən əsas siyasi sənədlərdən biri hesab olunur.

Xartiyanın hazırlanması barədə qərar təsadüfi deyildi. Bu sənəd enerji, təhlükəsizlik, müdafiə sənayesi, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, nəqliyyat, kibertəhlükəsizlik və investisiyalar kimi istiqamətlərdə uzunmüddətli əməkdaşlığın institusional əsaslarını formalaşdırır.

Bunun ardınca ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu bir daha təsdiqlədi. Bu sənəd göstərdi ki, Vaşinqton artıq Azərbaycanı yalnız regional tərəfdaş kimi deyil, Avrasiyanın geosiyasi və geoiqtisadi sistemində mühüm strateji aktor kimi qəbul edir.

Beləliklə, Vaşinqton səfəri nəticəsində formalaşan yeni siyasi mühit ABŞ-Azərbaycan münasibətlərinin transformasiyasını tamamladı. Bu transformasiya isə yalnız ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesinin sürətlənməsinə, regionda yeni əməkdaşlıq platformalarının yaranmasına və Cənubi Qafqazın uzun illərdən sonra ilk dəfə davamlı sülh perspektivi qazanmasına ciddi təsir göstərdi. Növbəti mərhələdə isə məhz bu yeni geosiyasi mühit Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına aparan prosesin əsas siyasi bazasını formalaşdırdı.

Azərbaycanın sülh strategiyası: təşəbbüskar, müəllif və qalib tərəf

Azərbaycan Cənubi Qafqazda sülhün təşəbbüskarı və təminatçısıdır - "İki  sahil"

Əlbəttə ki, 8 avqust 2025-ci il Vaşinqton görüşünün zirvə nöqtəsi Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması oldu.

Birgə Bəyannamədə deyilirdi:

Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu sənəd həm Ermənistanın Azərbaycana qarşı davam etmiş 30 illik işğalın hərbi-siyasi yekunu, həm də Cənubi Qafqaz və ümumilikdə bütöv bir coğrafiyanın yeni arxitekturasının təməlinin qoyulması idi.

Lakin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında belə bir sənədin imzalanması bir günün işi deyildi. Bu sənəd 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasi, diplomatik və hərbi strategiyanın məntiqi yekunu idi. Əgər Vətən müharibəsi işğala son qoyaraq yeni geosiyasi reallıq yaratdısa, Vaşinqtonda paraflanan sülh sazişi həmin reallığın beynəlxalq siyasi müstəvidə rəsmiləşdirilməsi kimi tarixə düşdü.

Müharibədən dərhal sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan qalib dövlət kimi revanşizm deyil, sülh gündəliyi təklif edir. Dövlət başçısı çıxışlarında vurğulayırdı ki, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasının yeganə yolu Ermənistanın yeni reallıqları qəbul etməsi və Azərbaycanla münasibətləri beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırmasıdır.

Prezident İlham Əliyev bu mövqeyi belə ifadə etmişdi: "Sülh təşəbbüsü Azərbaycandan gəlib. Sülh müqaviləsinin əsas prinsiplərini də Azərbaycan hazırlayıb və Ermənistana təqdim edib”.

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

Bu bəyanat sonrakı proseslərin inkişafı ilə tam təsdiq olundu. Çünki danışıqların hüquqi və siyasi əsasını təşkil edən beş baza prinsipi məhz Azərbaycan tərəfindən hazırlanmış və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmişdi.

Həmin prinsiplər hansılar idi?

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Ermənistan uzun müddət bu prinsiplərdən yayınmağa çalışsa da, Azərbaycanın ardıcıl və məqsədyönlü addımları nəticədə onları qəbul etmək məcburiyyətində qaldı.

Ermənistan sülhə necə gəldi?

Azərbaycan və Ermənistanın parafladığı sülh sazişinin mətni: tərəflər sülhə  necə nail olmaq istəyir? - BBC News Azərbaycanca

Bu gün Ermənistan rəhbərliyi özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, son illərin hadisələri fərqli mənzərə ortaya qoyur. Uzun illər ərzində Ermənistanın siyasəti işğalın davam etdirilməsinə, status-kvonun qorunmasına və yeni ərazilərin işğalına yönəlmişdi. Hətta 2020-ci il müharibəsi ərəfəsində Ermənistan rəhbərliyinin "yeni müharibə - yeni ərazilər" kimi bəyanatları da məhz bu siyasətin göstəricisi idi.

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərini raket atəşinə tutması da onun sülh tərəfdarı olmadığını açıq şəkildə nümayiş etdirdi. Müharibədən sonra isə müxtəlif revanşist qüvvələrin təsiri altında Ermənistan uzun müddət sülh sazişinin imzalanmasını ləngitməyə çalışdı.

Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri regionda bütün qeyri-qanuni silahlı birləşmələrin ləğv olunması və ölkənin konstitusiya quruluşunun tam bərpa edilməsi ilə nəticələndi. Bununla Ermənistanın Qarabağ məsələsindən siyasi alət kimi istifadə etmək imkanları tamamilə aradan qalxdı.

Məhz bundan sonra İrəvan yeni reallığı qəbul etməyə məcbur oldu. Ermənistan rəhbərliyi Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında danışıqları davam etdirməyə razılıq verdi və nəticədə Vaşinqtonda sülh müqaviləsinin paraflanması mümkün oldu.

Bu mənada demək olar ki, Ermənistan sülhü könüllü seçim kimi deyil, yaranmış yeni geosiyasi reallığın qaçılmaz nəticəsi olaraq qəbul etdi.

Müharibədə qələbədən sülhdə qələbəyə

44 günlük müharibə haqda çoxseriyalı film çəkilir Yeni Sabah

Tarixdə müharibələrin başa çatması ilə sülh müqavilələrinin imzalanması arasında onilliklər keçən çoxsaylı nümunələr mövcuddur. İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında münasibətlərin tam normallaşmasını təmin edən Yelisey Müqaviləsi yalnız 1963-cü ildə imzalandı. Bu proses təxminən iyirmi ilə yaxın vaxt apardı.

Azərbaycan nümunəsində isə tamamilə fərqli mənzərə ortaya çıxdı. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə əvvəlcə hərbi-siyasi qələbə qazandı, daha sonra isə cəmi iki il ərzində Ermənistanı sülh müqaviləsinin əsas prinsiplərini qəbul etməyə məcbur etdi.

Bu baxımdan Prezident İlham Əliyevin "müharibədə qalib lider" statusu Vaşinqton Bəyannaməsi ilə "sülhdə qalib lider" statusu ilə tamamlandı. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq artıq beynəlxalq səviyyədə də qəbul edildi və regionun gələcək inkişaf modeli məhz bu reallıq üzərində qurulmağa başladı.

ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonda keçirilən mərasim zamanı bunu xüsusi vurğulayaraq bildirmişdi: "Bu gün atılan addım Cənubi Qafqaz üçün yeni başlanğıcdır. Münaqişənin yerini əməkdaşlıq, iqtisadi inkişaf və sabitlik tutmalıdır”.

Bu bəyanat göstərirdi ki, Vaşinqton da artıq regionun gələcəyini qarşıdurma üzərində deyil, əməkdaşlıq modeli üzərində görür.

Yeni təhlükəsizlik arxitekturasının müəllifi Azərbaycan

Bu ölkə ordusunu “Azərbaycan modeli” ilə modernləşdirir — Regionda yeni təhlükəsizlik  arxitekturası | Oxu24.com

Bu gün Cənubi Qafqazda formalaşan təhlükəsizlik mühiti beş il əvvəlki mənzərədən köklü şəkildə fərqlənir. Regionda işğal faktoru aradan qaldırılıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsinin mətni paraflanıb, kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atılır, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində islahat prosesi başlayıb.

Bütün bunlar təsadüfi proseslərin deyil, Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi ardıcıl strategiyanın nəticəsidir. Azərbaycan sübut etdi ki, güclü iqtisadiyyat, müasir ordu, prinsipial diplomatiya və müstəqil xarici siyasət birlikdə tətbiq edildikdə regionun siyasi xəritəsini dəyişmək mümkündür.

Vaşinqtonda paraflanan sülh sazişi həm də Azərbaycanın regional sülhün müəllifi kimi də çıxış etdiyini nümayiş etdirdi. Məhz buna görə bu sənəd yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazın yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Beləliklə, 2025-ci il avqustun 8-də Vaşinqtonda baş verənlər Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan strateji siyasətin növbəti mühüm uğuru oldu. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə möhkəmləndirdi, regionda sülh gündəliyinin müəllifi kimi çıxış etdi və ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək Cənubi Qafqazın gələcək siyasi arxitekturasının formalaşmasında həlledici rolunu bir daha təsdiqlədi.

Yeni geosiyasi nizam və Azərbaycanın artan beynəlxalq çəkisi

CROSSMEDIA - Yeni dünya nizamında Azərbaycan reallığı

Uzun illər region beynəlxalq güclərin rəqabət meydanına çevrilmiş, münaqişənin davam etməsi isə xarici aktorların siyasi təsir imkanlarını artıran əsas amillərdən biri olmuşdu. Azərbaycan isə bu yanaşmanı dəyişərək regionun gələcəyinin məhz regional əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar əsasında qurulmalı olduğunu ardıcıl şəkildə müdafiə edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda ilk dəfə olaraq münaqişədən sonrakı inkişaf modeli formalaşmağa başladı. Bu model hərbi qarşıdurmanı deyil, iqtisadi əməkdaşlığı, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafını, enerji təhlükəsizliyini və qarşılıqlı etimadın gücləndirilməsini prioritet kimi müəyyənləşdirir.

Bu gün Azərbaycan regionun enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Eyni zamanda, Orta Dəhlizin inkişafı, Xəzər dənizi vasitəsilə Şərqlə Qərb arasında yükdaşımaların artması, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin strateji əhəmiyyətini daha da artırır. ABŞ Administrasiyasının da məhz bu reallığı nəzərə alaraq Azərbaycanla münasibətləri yeni mərhələyə yüksəltməsi geosiyasi baxımdan tamamilə məntiqli addım kimi qiymətləndirilir.

Vaşinqton Bəyannaməsi göstərdi ki, beynəlxalq münasibətlər sistemində güclü mövqeyə malik olmaq üçün yalnız hərbi və iqtisadi imkanlar kifayət deyil. Etibarlı tərəfdaş imici, ardıcıl xarici siyasət və milli maraqlara əsaslanan diplomatiya da eyni dərəcədə mühüm rol oynayır. Azərbaycan son illər məhz bu prinsiplərə əsaslanaraq beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmağa nail olub.

İlham Əliyevin liderliyi

Prezident İlham Əliyevin liderliyi: Azərbaycanı Qələbəyə və inkişafa aparan  yol

Son beş ildə baş verən hadisələr göstərir ki, Prezident İlham Əliyevin siyasi strategiyası yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlməyib. Bu strategiyanın əsas məqsədi regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, Azərbaycanın təhlükəsizlik maraqlarının qorunması və ölkənin beynəlxalq mövqelərinin daha da gücləndirilməsidir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın hərbi-siyasi gücünü nümayiş etdirdisə, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ölkənin tam suverenliyini təmin etdi. 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsinin paraflanması isə bu prosesin diplomatik kulminasiya nöqtəsi oldu. Beləliklə, Prezident İlham Əliyev həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə qarşıya qoyduğu strateji məqsədlərə nail oldu.

Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanın məqsədi heç vaxt yeni qarşıdurma yaratmaq olmayıb. Əksinə, Azərbaycan regionun gələcəyini əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlər üzərində qurmağa çalışıb.

Prezident İlham Əliyevin bu fikri həmin siyasətin mahiyyətini aydın şəkildə ifadə edir: "Biz müharibəni qələbə ilə başa vurduq. İndi isə sülh quruculuğu ilə məşğuluq. Cənubi Qafqazda davamlı sülhün təmin olunması bütün region dövlətlərinin maraqlarına cavab verir”.

Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin əsas ideoloji xəttini təşkil edib.

Vaşinqton Bəyannaməsi gələcəyin əsasını qoydu

Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya

2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər və əldə olunan razılaşmalar artıq tarixə düşmüş siyasi hadisə olmaqla yanaşı, gələcək onilliklərin inkişaf istiqamətlərini də müəyyənləşdirdi. ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələyə qədəm qoyması, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması və regional əməkdaşlığın genişlənməsi bütövlükdə Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsini dəyişdirən amillər kimi qiymətləndirilir.

Bu proseslər bir daha təsdiqlədi ki, regionda yaranan yeni reallıqların müəllifi Azərbaycandır. Məhz Prezident İlham Əliyevin prinsipial mövqeyi, milli maraqlara söykənən siyasəti və strateji uzaqgörənliyi nəticəsində Azərbaycan təkcə hərbi qələbə qazanan dövlət kimi deyil, həm də sülh gündəliyini formalaşdıran, regional əməkdaşlığın təşəbbüskarı və beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi çıxış edir.

Bu baxımdan Vaşinqton Bəyannaməsi Prezident İlham Əliyevin dövlətçilik strategiyasının növbəti mühüm uğuru, Donald Tramp Administrasiyasının isə Cənubi Qafqaz siyasətində yeni yanaşmasının praktiki nəticəsi kimi qiymətləndirilə bilər. İki ölkə arasında formalaşan strateji tərəfdaşlıq modeli, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və regionda yeni təhlükəsizlik mühitinin yaranması göstərir ki, Cənubi Qafqaz artıq qarşıdurma deyil, əməkdaşlıq məkanı kimi inkişaf etməyə başlayıb.

Məhz buna görə Vaşinqton razılaşmaları təkcə diplomatik təqvimin növbəti mühüm səhifəsi deyil, müasir Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursunun və Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi kimi tarixə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar