Fatma Yıldırım, deputat
10 dekabr 2020 19:21 (UTC +04:00)

Fatma Yıldırım, deputat

 “Bu, qalib dövlətin və qalib ordunun hərbi paradı idi” - Fatma Yıldırım

0

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Bununla da tarixi ədalət bərqərar oldu. Dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradı da tariximizə qızıl hərflərlə yazılacaq”.

Bu fikirləri Lent.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, bu gün biz qalib xalq olmanın qürurunu yaşayırıq: “Belə bir əzəmətli tarixi anlara şahidlik etdiyimiz üçün çox xoşbəxtik. Çünki Azərbaycan xalqı olaraq hər birimiz bu qələbəmizi həsrətlə gözləyirdik”.

Deputatın sözlərinə görə, hərbi parad bütün dünyaya Azərbaycan dövlətinin və xalqının qalib olduğunu bir daha nümayiş etdirdi: “Budəfəki parad öz möhtəşəmliyi ilə xüsusilə fərqləndi. Çünki artıq bu, qalib dövlətin və qalib ordunun hərbi paradı idi. Düşünürəm ki, Vətən müharibəsində digər amillərlə yanaşı, həm də mənəvi ruhumuz qələbə çaldı. Bu parad Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Hər kəs anlamalıdır ki, bundan sonra da Azərbaycanla diqtə dili ilə danışmaq mümkün deyil. Tarixi zəfərimiz müstəqil dövlətimizin beynəlxalq müstəvidə rolunu daha da artıracaq, bayrağımız daim yüksək zirvələrdə dalğalanacaq. Yeri gəlmişkən, qürurla demək istəyirəm ki, Şuşada ucaldılan üçrəngli dövlət bayrağımız hərbi paradda göstərildi, şəhidlərimiz ehtiramla yad olundu, qazilərimizin bir qrupu, Şanlı Ordumuzun bütün qoşun hissələri xüsusi ruh yüksəkliyi ilə meydanda yürüş etdilər”.

Deputat Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi paradda qalib dövlətin və ordunun başçısı kimi tarixi nitq söylədiyini qeyd edib. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsini çox önəmli hadisə kimi dəyərləndirib: “Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın paradda iştirak etməsi, onun Azərbaycan xalqına olan böyük hörmət və sevgisinin göstəricisidir. Qardaş Türkiyə dövləti və onun rəhbəri çətin müharibə günlərində olduğu kimi, ən əziz günümüzdə də yanımızdadır. Həmçinin çıxışı zamanı Türkiyə dövlət başçısının Şuşanı, Xarı bülbülü yada salması bizi çox duyğulandırdı. Onun Qarabağa olan həsrəti bizim qədər hiss etməsi çox qürurvericidir. Cənab Rəcəb Tayyip Ərdoğan açıq şəkildə bildirdi ki, bundan sonrakı dövrdə də, işğaldan azad olunmuş torpaqlarımızda həyatın bərpa olunması və dağıdılmış şəhərlərin yenidən dirçəldilməsində Türkiyə yaxından iştirak edəcək və bizə bu çətin yolda əllərindən gələn bütün dəstəyi göstərəcək. Bütün bunlar Türkiyə və Azərbaycan arasında sarsılmaz qardaşlığın və birliyin parlaq göstəricisidir. Hərbi paradda türk əsgərlərinin, xüsusilə də Türkiyə  Ordusunun ən güclü qrupu sayılan mavi beretlilərin iştirakı dünyaya çox önəmli bir mesajdır.

Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycanın haqq işini birmənalı olaraq dəstəkləməsi bizə əlavə ruh və güc verdi. Məhz bu dəstəyin sayəsində müəyyən beynəlxalq dairələr işğalçı Ermənistana açıq dəstək verməkdən çəkindilər. Hazırda isə Türkiyənin Qarabağda atəşkəsə Nəzarət Mərkəzində iştirakı böyük önəm kəsb edir. Düşünürəm ki, Türkiyənin bu prosesdə iştirakı birgə bəyanatın tam icra olunmasının, bu razılaşmanın pozulmamasının qarantı rolunda çıxış edir. Bütövlükdə, növbəti mərhələlərdə Azərbaycanla Türkiyənin birliyi daha da güclənəcək. Bu birlik regionda sülh, sabitlik və təhlükəsizliyi təmin edəcək, bölgənin inkişafına böyük töhfələr verəcək, eyni zamanda, yeni yaradılmış reallıq dünya siyasətinə ciddi təsir edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1402

Oxşar yazılar