Ermənilərlə birgə layihə həyata keçirib, xarici dairələrdən gələn sifarişləri milli maraqlardan üstün tutmaq xəyanətdir - ŞƏRH
25 iyul 2026 17:30 (UTC +04:00)

Ermənilərlə birgə layihə həyata keçirib, xarici dairələrdən gələn sifarişləri milli maraqlardan üstün tutmaq xəyanətdir - ŞƏRH

0

İnformasiya müharibəsinin getdikcə sərtləşdiyi, dövlətlərin yalnız hərbi deyil, həm də media və ictimai rəy müstəvisində rəqabət apardığı bir dövrdə milli maraqlar məsələsi xüsusi həssaslıq tələb edir. Belə şəraitdə Azərbaycana qarşı irəli sürülən ittihamların, birtərəfli narrativlərin və ölkənin mövqeyini zəiflətməyə yönəlmiş çıxışların yer aldığı platformalar cəmiyyətdə narahatlıq doğurur. Xüsusilə xaricdə icra olunan bu cür təşəbbüslərdə azərbaycanlıların da iştirak etməsi media etikası, ictimai məsuliyyət və milli maraqların qorunması ilə bağlı müzakirələri aktuallaşdırır.

BT News Telegram yaydığı məlumata görə, Emin Hüseynov erməni ictimai xadim Ovsep Xurşudyanla birgə yeni layihəyə başlayıb.

Maraqlıdır ki, yeni layihənin ilk qonağı əvvəllər Azərbaycan ərazilərinin işğalını inkar edən David Stepanyan olub.

Şou zamanı hər üç şəxs - Emin Hüseynov, Ovsep Xurşudyan və David Stepanyan Azərbaycandakı demokratiya səviyyəsini tənqid edib, Ermənistanın siyasi sistemini, seçkiləri tərifləyiblər. Onlar Ermənistan müxalifətinin təqiblərinə əhəmiyyət verməyiblər, bu barədə heç danışmayıblar. Halbuki Ermənistanda parlament seçkiləri ərəfəsində və sonra Paşinyan hakimiyyəti tərəfindən müxalifət liderlərinə qarşı repressiyalar, həbslər həyata keçirilib. Bu repressiya və həbslər indi də davam edir.

Şou zamanı Dabvid Stepanyan, həmçinin, Qərbi Azərbaycan konsepsiyasına qarşı çıxıb. Bundan başqa, Bakını Qarabağdakı kilsələri, erməni abidələrini dağıtmaqda, günahlandırıb. Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində apardığı tikintilərin beynəlxalq konvensiyalara əsasən qanunsuz olması, Azərbaycan mədəni irsinin məhv edilməsi barədə isə bir kəlmə də danışmayıb.

Emin Hüseynov da onlardan geri qalmayıb. O, həmsöhbətlərinə qarşı çıxmayıb, onların ritorikasına uyğun mövqe sərgiləyib, işğal zamanı Azərbaycan ərazilərində ermənilərin dağıtdığı məscidlərdən, mədəni-tarixi abidələrdən bəhs etməyib.

Elə ilk verilişdən aydın olur ki, bu layihə obyektiv jurnalistika, hərtərəfli, ədalətli müzakirə platforması yox, Azərbaycan əleyhinə informasiya kampaniyasında daha bir vasitə rolunu oynayacaq. Ən acınacaqlısı isə odur ki, Emin Hüseynov da bu layihənin bir parçası kimi Azərbaycan əleyhinə hazırlanmış növbəti kampaniyanın əsas fiquru kimi çıxış edir.

Emin Hüseynovun ermənilərlə birgə layihə həyata keçirməsi, Azərbaycanı hədəfə çevirməkdə ermənilərə şərait yaratması isə onun ermənipərəst mövqe, dövlətə və millətə xəyanət yolu tutduğunu söyləməyə əsas verir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov bildirir ki, son illər xaricdə fəaliyyət göstərən və özlərini jurnalist, bloqer və ya ictimai fəal kimi təqdim edən bəzi şəxslərin fəaliyyəti ciddi müzakirə mövzusuna çevrilib.

Onun sözlərinə görə, həmin şəxslərin bir qismi təkcə hakimiyyəti tənqid etməklə kifayətlənmir, Azərbaycanın dövlətçilik maraqlarını, milli mənafelərini və beynəlxalq mövqeyini hədəf alan çıxışlar edir. Bu yanaşma xüsusilə 44 günlük Vətən müharibəsindən sonra daha qabarıq şəkildə özünü göstərməyə başlayıb: "Təsəvvür edin ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdığı halda, həmin şəxslər bu qələbəni belə sual altına qoymağa çalışırdılar. Hətta bəziləri canlı yayımlarda xəyanət yolunu tutaraq, ermənilərin mövqeyini müdafiə edir, Qarabağın guya bu və ya digər şəkildə onlara məxsus olduğunu iddia etməkdən belə çəkinmirdilər”.

Politoloq qeyd edib ki, son illər ərzində dəfələrlə Ermənistanla müxtəlif formalarda əməkdaşlıq halları qeydə alınıb. Onun sözlərinə görə, bu əməkdaşlıq ayrı-ayrı şəxslər, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif dairələr vasitəsilə həyata keçirilib və bu, cəmiyyətdə ciddi narahatlıq doğuran, məyusedici haldır: "Həmin şəxslər öz auditoriyalarını yanlış məlumatlarla manipulyasiya edərək şəxsi imkanlarını və nüfuzlarını genişləndirməyə çalışırlar. Son olaraq Emin Hüseynovun erməni ictimai xadim Ovsep Xurşudyanla birgə layihəyə başlaması da bir sıra suallar doğurur".

Z. Məmmədov bildirib ki, hər kəs keçmişdən nəticə çıxarmalıdır. O vurğulayıb ki, Azərbaycan xalqı bu kimi hallarla dəfələrlə qarşılaşıb və artıq həmin acı təcrübələri yenidən yaşamaq istəmir.

Politoloqun sözlərinə görə, hər kəs erməni tərəfinin Azərbaycana münasibətini və uzun illər ərzində yürüdülən siyasətin mahiyyətini yaxşı bilir: "Şübhəsiz ki, bu gün regionda sülh prosesi davam edir və bu çərçivədə müəyyən addımlar atılır. Lakin sülh naminə atılan addımlar heç bir halda Azərbaycanın milli maraqlarına zidd olmamalıdır. Ermənistanı tərifləmək, Azərbaycanı gözdən salmağa çalışmaq, Avropanın müxtəlif institutlarında ölkəmizə qarşı ittihamları dəstəkləmək və ya belə kampaniyalara qoşulmaq nəticə etibarilə Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərən qüvvələrin mövqeyini gücləndirən amillərdən birinə çevrilə bilər".

Politoloq əlavə edib ki, zaman hər şeyi öz yerinə qoyur və Azərbaycan cəmiyyəti kimin dövlətin və milli maraqların yanında olduğunu, kimin isə xəyanət yolunu tutduğunu kifayət qədər aydın şəkildə görür və qiymətləndirir.

Politoloq Tural İsmayılov isə hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi, regionda yeni geosiyasi reallıqların formalaşdığı post-müharibə dövründə informasiya təhlükəsizliyi dövlətçiliyin əsas qoruyucu sütunlarından birinə çevrilib.

Onun fikrincə, belə həssas mərhələdə Emin Hüseynovun erməni ictimai xadim Ovsep Xurşudyanla birlikdə təşkil etdiyi layihə və bu platformada səsləndirilən birtərəfli, qərəzli tezislər təsadüfi xarakter daşımır: "Bu, erməni lobbisinin və anti-Azərbaycan şəbəkələrinin ölkəmizə qarşı apardığı hibrid müharibənin növbəti tərkib hissəsi, milli maraqlara və suverenliyə qarşı açıq hücumdur".

Politoloqun sözlərinə görə, layihənin ilk qonağı David Stepanyanın çıxışları erməni təbliğat maşınının standart və saxtakar ritorikasını nümayiş etdirir.

O bildirib ki, Azərbaycanın otuz il ərzində hərbi işğala məruz qalmasını, tarixi abidələrin, məscidlərin və qəbiristanlıqların dağıdılmasını qəsdən görməzdən gələn bu şəxslər, əksinə, ölkəmizi absurd iddialarla hədəfə alırlar: "Bakının guya kilsələri sökməsi barədə yalanlar uyduran, lakin beynəlxalq hüquqa və konvensiyalara zidd olaraq işğal dövründə qanunsuz inşa edilmiş tikililərdən və ekosistemə vurulan zərbələrdən bir kəlmə də danışmayan Stepanyan, əslində, reallığı təhrif edən ideoloji diversant rolunu oynayır”.

T. İsmayılov hesab edir ki, ən təhlükəli məqamlardan biri isə Emin Hüseynovun bu anti-Azərbaycan təbliğatına şərait yaradan, onunla sinxronluq təşkil edən mövqedən çıxış etməsidir.

Onun fikrincə, Emin Hüseynovun erməni iştirakçıların səsləndirdiyi qərəzli fikirlərə heç bir etiraz etməməsi, əksinə, onları dəstəklənməsi yalnız peşəkar etikadan kənarlaşma deyil: "Bu, şəxsi ambisiyaları və xarici dairələrdən gələn sifarişləri milli maraqlardan üstün tutanların xalqın əleyhinə getdiyi sərhədsiz bir xəyanət xəttidir. Hərb meydanında məğlubiyyəti həzm edə bilməyən revanşist qüvvələr məhz bu cür “layihələr” vasitəsilə Azərbaycanın qazandığı tarixi qələbəyə kölgə salmağa, beynəlxalq müstəvidə ölkəmizə qarşı qara yaxma kampaniyaları təşkil etməyə çalışırlar”.

Sonda politoloq vurğulayıb ki, tarix boyu xalqımızın başına gətirilən faciələr, torpaqlarımızın işğaldan azad olunması uğrunda verilən minlərlə şəhidin xatirəsinə təhqir olan belə əməllər heç vaxt unudulmayacaq və bağışlanmayacaq.
O bildirib ki, Azərbaycan cəmiyyəti informasiya müstəvisində hər zaman ayıq-sayıq olmalı, milli həmrəyliyi dağıtmağa yönəlmiş hər cür daxili və xarici təxribatlara qarşı qətiyyətli mövqe sərgiləməlidir.

Politoloqun fikrincə, dövlətə və xalqa qarşı yönəlmiş informasiya hücumları hər zaman ictimai qınaqla üzləşəcək və Azərbaycanın haqlı mövqeyinə kölgə sala bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar